İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ emissarı 48 saat sonra Bakıya niyə qayıtdı?

3229 15.03.2023 08:25 Siyasət A A

Ekspertə görə, Lui Bono İrəvandan hansısa mesajlar gətirə bilərdi

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftənin əvvəlində ölkədən kənarda olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla əlavə görüş üçün Bakıya qayıdıb. Yada salaq  ki, C.Bayramov Bono martın 6-da Bakıda olarkən, xarici işlər naziri ölkədə yox idi. 

Luis Bono İrəvanda olarkən “Azatutyun”a müsahibəsində “Ermənistanla Azərbaycan arasında davamlı və balanslaşdırılmış sülh sazişinin olması üçün ona Dağlıq Qarabağ da daxil edilməlidir” deyib.  Bono qeyd edib ki, Dağlıq Qarabağ məsələsi sülh prosesinin bir hissəsinə çevriləcək.

“Düşünürəm ki, hər iki tərəf bunu etiraf edib. Amma bayaq dediyim kimi, biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik. Bu, tərəflər üçün vacibdir. Və biz hər iki tərəflə işləyəcəyik. Qeyd edim ki, prezident Əliyev Münhendə dedi ki, Qarabağ nümayəndələri ilə ünsiyyət qurmaq üçün nümayəndə təyin edəcək. Deyəsən, bu, keçən həftə baş verib. Və onunla apardığım müzakirələrdə o, bu müzakirələri davam etdirməyə hazır olduğunu bildirdi. Ona görə də biz bu istiqamətdə tərəflərlə işləmək imkanlarına nikbin baxırıq. Amma asan olmayacaq. Bu, hər tərəfdən çox gərgin iş və öhdəlik tələb edəcək”, - amerikalı diplomat bildirib.

Məlumdur ki, Ermənistan uzun-uzadı müzakirələrdən sonra sülh sazişində Qarabağla bağlı məsələnin olmayacağına razılaşmışdı. Doğrudur, son aylar yenidən bu istiqamətdə fəallaşma var və Paşinyan hakimiyyəti sülh danışıqlarını yubadacaq bu məsələni yenidən ortaya atmaqla regionda gərginliyi tətikləmək məqsədi güdür. Amerikalı diplomatın Bakıda rəsmi şəxslərlə görüşdə bu mövzuda nələr dediyi məlum deyil. Hər halda, Bakının bu şərti qəbul edəcəyi də real görünmür. Amma ABŞ nümayəndəsi “biz burada heç bir razılaşma və ya razılaşmaya şərt qoymaq üçün gəlməmişik” desə də, bu, faktiki, İrəvanın “dəyirmanına su tökmək” anlamına gəlir. Amerika əvvəldən də Qarabağ ermənilərinin təhlükəsizlik məsələsini xüsusi qabardırdı, indi isə bunun sülh müqaviləsinə daxil edilməsi haqda danışır. Bəs Bononun Bakıya qayıtmasını zəruri edən yalnız Bayramovla görüşmü oldu, yoxsa pərdəarxası hansısa danışıqlarda vasitəçilik edilir?

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak  etmişəm”

 Azər Badamov

Deputat Azər Badamov Qarabağ erməniləri ilə bağlı prosesin Azərbaycanın daxili işi olduğunu qeyd etdi: “Azərbaycanın ərazisində Dağlıq Qarabağ adında inzibati ərazi yoxdur. Azərbaycan Ermənistanla sülh müqaviləsi danışıqlarında Qarabağla bağlı məsələ müzakirə etmir. Qarabağ Azərbaycanın suveren ərazisidir.  Bu ərazidə yaşayan ermənilərin reintiqrasiyası üçün Qarabağ nümayəndələri ilə ünsiyyət qurmaqla bağlı nümayəndə təyin olunmuş və belə bir görüş artıq baş tutub. Növbəti belə bir görüşün Bakıda keçirilməsi ilə bağlı Qarabağ ermənilərinə təklif göndərilib. Hesab edirəm ki, Qarabağda yaşayan ermənilərin Azərbaycan ictimaiyyətinə inteqrasiyası prosesi ölkəmizin daxili işidir və bu məsələ Ermənistanla müzakirə mövzusu deyil. Amma Ermənistan bu məsələni sülh gündəliyinə salmaq istəyir və Qərbin nümayəndələrini ələ alaraq onların təsiri ilə özlərinin xam xəyallarını reallaşdırmağa çalışır. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun XİN Ceyhun Bayramovla görüşmək üçün Bakıya geri qayıtmasının səbəbinin də Ermənistanın arzularını Azərbaycana çatdırmaq istəyindən irəli gəldiyini düşünürəm. Ölkəmiz üçün sülh danışıqlarının aparılmasında hansı dairənin təşəbbüs göstərməsi əsas deyil. Başlıca məsələ Ermənistanla danışıqlar prosesinə təşəbbüs göstərən tərəfin ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmasıdır. Təbii ki, Qarabağda yaşayan erməniləri vətəndaşlarımız hesab edirik və onların təhlükəsizliyi, hüquq və azdlıqlarının təminatı Azərbaycan Konstitusiyasına əsasən tənzimlənəcək. Bu məsələnin həllinin ikinci variantı yoxdur. Qərb əgər Qarabağda yaşayan 30 min erməni üçün çıxış etmək istəyirsə, birinci növbədə Qərbdə ermənilərdən dəfələrlə çox kompakt şəkildə yaşadıqları katalonların, korsikalıların, şotlandların və digər milli azlıqların müstəqilliklərini tanısınlar və belə bir nümunəni nümayiş etdirsinlər. Azərbaycanla münasibətdə Qərb xristian həmrəyliyi prizmasından yox, Cənubi Qafqaza sülhün və əməkdaşlığın gəlişinə töhfə verə biləcək prizmadan yanaşmalıdır. Əks halda, Azərbaycan Qərbin sülh müqaviləsinin yaradılmasına vermək istədikləri təşəbbüsdən imtina edəcəkdir. Ermənistanla imzalanacaq hər bir sənəd ölkəmizin milli maraqlarına əsaslanmalıdır və ermənilərə dayaq duran bütün dairələrdən də milli maraqlarımıza hörmətlə yanaşılması tələb ediləcək”.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik  şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli baş müşavirin ölkəmizdə müzakirə etməli olduğu məsələlərin kifayət qədər çox olduğunu düşünür: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Azərbaycana ardıcıl səfərlərində təəccüblü heç nə görmürəm. Çünki Lui Bono Qafqaz danışıqları üzrə baş müşavirdir və səlahiyyətlərinə, təkcə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aparılması deyil, bütövlükdə Qafqazda baş verən proseslərlə bağlı məsləhətləşmələr aparmaq daxildir. Qafqaz və ətraf bölgələrdə isə kifayət qədər ciddi proseslər baş verir. Son günlər İranın sərgilədiyi aqressiv davranışlar, Gürcüstanda baş verən son hadisələr, Azərbaycan ərazilərində separatçıların erməni icmasının nümayəndələri ilə reinteqrasiya məsələləri ilə bağlı təmas prosesini pozmaq üçün həyata keçirdiyi təxribatlar bölgədə olduqca həssas bir atmosferin yarandığını söyləməyə əsas verir. Bu baxımdan, Lui Bononun Cənubi Qafqazın bütün istiqamətlər üzrə aparıcı gücü və bölgənin barometri olan Azərbaycanda müzakirə edə biləcəyi mövzuların siyahısı kifayət qədər genişdir. Bu həm də ABŞ-ın, daha öncə bəyan edildiyi kimi, qlobal proseslərdə daha fəal şəkildə iştirak edəcəyi barədə müəyyənləşdirdiyi strategiyanın tərkib hissəsi kimi də dəyərləndirilə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR