İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də İran gecəsi başlayır, meydanda İspaniya və Belçika - Mundialda HƏYƏCAN ARTIR

1882 15.06.2026 16:08 İdman A A

2026-cı il dünya çempionatında iyunun 15-i və 16-na keçən gecə daha dörd maraqlı qarşılaşma olacaq. G və H qruplarında keçiriləcək oyunlar həm favoritlərin gücünü nümayiş etdirmək, həm də sürpriz nəticələr üçün ilk imkandır. Dünya futbolunun tanınmış nümayəndələri sayılan İspaniya, Belçika, Uruqvay və İran mundial macərasına start verərkən, Kabo-Verde, Misir, Səudiyyə Ərəbistanı və Yeni Zelandiya da tarix yazmaq arzusu ilə meydana çıxacaq.

İspaniya - Kabo-Verde (15 iyun, 20:00)

H qrupunun ilk qarşılaşmasında dünya futbolunun nəhənglərindən İspaniya yığması mundial debütantı Kabo-Verde ilə üz-üzə gələcək. İspanlar dünya çempionatları tarixində ən böyük uğurlarını 2010-cu ildə Cənubi Afrikada qazanaraq dünya çempionu olublar. Bundan başqa, komanda 1950-ci ildə dördüncü yeri tutub, son illərdə isə Avropa və dünya futbolunun ən sabit kollektivlərindən biri hesab olunur.

WhatsApp Image 2026-06-15 at 15.30.51.jpeg (310 KB)

Kabo-Verde isə tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksələrək artıq böyük uğura imza atıb. Əhalisi yarım milyondan bir qədər çox olan ada dövləti Afrika seçmə mərhələsində uğurlu çıxışı ilə diqqət çəkib.

WhatsApp Image 2026-06-15 at 15.31.00.jpeg (257 KB)

Qrupun əsas favoriti sayılan İspaniya üçün bu matç turnirə inamlı başlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Belçika - Misir (15 iyun, 23:00)

G qrupunda keçiriləcək Belçika-Misir oyunu günün ən maraqlı qarşılaşmalarından biri hesab edilir.

Belçika millisi son onillikdə dünya futbolunun aparıcı komandalarından biri olub. “Qırmızı şeytanlar”ın ən böyük uğuru 2018-ci ildə Rusiyada keçirilən mundialda qazandıqları bürünc medaldır. Bundan başqa, belçikalılar 1986-cı ildə dördüncü yeri tutublar.

WhatsApp Image 2026-06-15 at 15.31.55.jpeg (234 KB)

Misir isə Afrika futbolunun ən titullu komandalarından biri sayılsa da, dünya çempionatlarında hələ də qələbə qazana bilməyib. Misirlilər 1934, 1990, 2018-ci illərdə mundialda iştirak ediblər. Bu, sayca göründüyü kimi, dördüncü iştirakdır. Komandanın əsas ümidi isə dünya futbolunun tanınmış simalarından olan Məhəmməd Salahdır.

WhatsApp Image 2026-06-15 at 15.32.03.jpeg (50 KB)

Maraqlıdır ki, Misir son illərdə Belçikaya qarşı uğurlu nəticələr əldə edib və bu amil qarşılaşmaya əlavə maraq qatır.

Səudiyyə Ərəbistanı - Uruqvay (16 iyun, 02:00)

H qrupunun digər matçında ikiqat dünya çempionu Uruqvay Səudiyyə Ərəbistanı ilə münasibətlərinə aydınlıq gətirəcək. Uruqvay dünya futbol tarixinin ən köklü kollektivlərindən biridir. Cənubi Amerika təmsilçisi 1930 və 1950-ci illərdə dünya çempionu olub, 1954, 1970 və 2010-cu illərdə isə yarımfinala yüksəlib. Komanda hər zaman dünya çempionatlarının təhlükəli iştirakçılarından sayılıb.

WhatsApp Image 2026-06-15 at 15.32.55.jpeg (530 KB)

Səudiyyə Ərəbistanının mundial tarixində ən böyük uğuru 1994-cü ildə ABŞ-də keçirilən dünya çempionatında 1/8 finala yüksəlməsi olub. Asiya təmsilçisi son illərdə böyük turnirlərdə sürpriz nəticələr göstərməyi bacarıb. Xüsusilə 2022-ci ildə Argentinaya qarşı qələbə futbol tarixinin ən böyük sensasiyalarından biridir. Buna baxmayaraq, qarşılaşmada favorit statusu Uruqvayın tərəfindədir.

WhatsApp Image 2026-06-15 at 15.33.11.jpeg (253 KB)

İran - Yeni Zelandiya (16 iyun, 05:00)

G qrupunun ikinci oyununda İran və Yeni Zelandiya yığmaları qarşılaşacaq. Cənub qonşumuz ABŞ ilə müharibə şəraitində meydana çıxır, özü də görüş məhz Birləşmiş Ştatlarda baş tutacaq. Bu amil oyuna olduqca maraq qatır. Çünki İran bayraqları bu gecə Amerikada dalğalanacaq...

WhatsApp Image 2026-06-15 at 15.34.47.jpeg (337 KB)

İran son illərdə Asiyanın ən stabil komandalarından biri hesab olunur. Yığma ardıcıl bir neçə dünya çempionatına vəsiqə qazanıb və 2026-cı il onun mundiallardakı yeddinci iştirakı kimi tarixə düşüb. Buna baxmayaraq, iranlılar hələ ki, qrup mərhələsini keçə bilməyiblər.

WhatsApp Image 2026-06-15 at 15.34.57.jpeg (361 KB)

Yeni Zelandiya isə tarixində üçüncü dəfə dünya çempionatında çıxış edir. Okeaniya təmsilçisi daha əvvəl 1982 və 2010-cu illərdə mundialda iştirak edib. Xüsusilə 2010-cu ildə üç oyunda da heç-heçə edərək məğlub olmayan yeganə komandalardan biri kimi yadda qalmışdı. İran bu görüşdə favorit sayılsa da, Yeni Zelandiyanın intizamlı oyunu sürpriz nəticə ehtimalını artırır. Beləliklə, dünya çempionatının beşinci oyun günü həm tarixi uğurlara malik futbol nəhənglərini, həm də ilk dəfə böyük səhnəyə çıxan və ya yeni uğurlar arzulayan komandaları bir araya gətirəcək. G və H qruplarında keçiriləcək bu dörd qarşılaşma qrup mərhələsinin sonrakı taleyinə ciddi təsir göstərə bilər.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR