İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ermənistana XƏBƏRDARLIQ: “Fransanın verdiyi silahlar...”

1808 09.07.2023 17:30 Siyasət A A

Amerikanın “The Jewish Press” qəzeti Ermənistanın xarici siyasəti ilə bağlı məqalə dərc edib.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq, həmin materialın Caliber.az-dakı rusca versiyasının tərcüməsini təqdim edir.

Qeyd: məqalə müəllifi Cozef Epşteyn Yaxın Şərq Həqiqəti Fondunun (EMET) analitiki və əməkdaşıdır.

“Son bir ildə Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq intensivləşib. Keçən ilin oktyabrında Paris İrəvanda özünün daimi hərbi attaşesini təyin etdi. Onun vəzifəsi Fransa-Ermənistan hərbi tərəfdaşlığını genişləndirməkdir. Bu ilin mayında isə Fransa Ermənistana 50 zirehli transportyor (BTR) verib. Hələ iyun ayında 170 fransız parlamentarisi və digər seçkili rəsmi şəxslər hökuməti İrəvana daha çox hərbi dəstək verməyə çağırmışdı. İyunun 18-də isə Ermənistanın müdafiə naziri Parisə səfər edib və fransalı həmkarı ilə görüşüb.
Bu olaylar ilk növbədə Ukrayna və İsraili narahat edir. Çünki Ermənistanın Rusiya və İranla sıx əlaqələri nəzərə alınarsa, Fransanın verdiyi hərbi texnika bu iki ölkənin əlinə keçə bilər. Həm Kiyev, həm də Təl-Əviv hələ ki, rəsmi səviyyədə susqunluq göstərir, lakin özəl formatlarda narahatlıqlar ifadə olunur.

Bu ilk dəfə deyil ki, ruslar Ermənistanla müttəfiqlikdən faydalanır. Ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ticarət və vergilərlə məşğul olan yüksək vəzifəli ABŞ diplomatları Ermənistan vasitəsilə Rusiyaya satılan Qərb elektron komponentlərinin sayının kəskin artdığını bildirmişdilər. Onların arasında qanadlı raketlərin və digər silahların hazırlanması üçün vacib olan elektron qurğular və mikrosxemlər də var idi. İrəvan həmçinin Rusiyaya gedən İran pilotsuz təyyarələri üçün tranzit rolunu oynayır. Bu dronlardan tez-tez Ukraynanın mülki infrastrukturuna zərbələr endirmək üçün istifadə edilir.

Narahatlığa səbəb olan digər səbəb Fransanın hərbi texnikasının yenidən dizaynının mümkünlüyüdür. Bu ilin martında CNN xəbər vermişdi ki, Rusiya NATO və ABŞ-ın istehsal etdiyi “Javelin” və “Stinger” raketlərini ələ keçirdikdən sonra onları İrana göndərir ki, iranlı mütəxəssislər həmin silahların öz versiyalarını yarada bilib-bilməməsi üçün söküb təhlil edə bilsinlər. Məsələ ondadır ki, İran əvvəllər ABŞ-ın ələ keçirilən hərbi ehtiyatlarından tank əleyhinə idarə olunan raket və dronları yenidən – öz versiyası üzrə dizayn edə bilib.

Fransanın Ermənistana artıq tədarük etdiyi zirehli transportyorlar (cəbhə xəttinin zirehli transportyorları) demək olar ki, 50 il öncəki istehsaldır. Bu cür köhnəlmiş avadanlıqların Rusiya və ya İranın əlinə keçməsi çətin ki, ciddi problemlər yarada bilsin. Ancaq fransızlar erməniləri müasir “Sherpa” və “Bastion” zirehli transportyorları ilə təmin etmək imkanını da nəzərdən keçirirlər. Bu isə İrəvanın Moskva ilə sıx əlaqələrini nəzərə alaraq, fransız hərbi ekspertlərini narahat edir. Onu da nəzərə alsaq ki, Paris artıq Kiyevi “Bastion”la təchiz edir, onda onlardan təkcə birinin Rusiyanın əlinə keçməsi döyüş meydanında rusların daha yaxşı müqavimət göstərməsinə gətirərdi.

Fransa bu risklərdən xəbərdardır, lakin onun üçün belə görünür, Cənubi Qafqazda öz təsirini artırmaq daha prioritetdir. Yəni silah satışı qazanc məsələsi deyil, sırf siyasi hesablamadır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra - Azərbaycan Qarabağın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin böyük hissəsini geri aldıqdan sonra Ermənistan hökumətində bir çoxları, o cümlədən baş nazir Nikol Paşinyan başa düşdülər ki, Rusiya onların təhlükəsizliyinin etibarlı təminatçısı deyil. Bu səbəbə İrəvan yeni himayədara – Fransaya sığınmalı oldu.

Paşinyan Rusiyanın dominant olduğu müdafiə paktından - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq da daxil olmaqla, Qərbə doğru hərəkət etmək üçün real addımlar atıb. Ötən ay o, həmçinin bildirib ki, Ermənistan Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi qismində çıxış etməyəcək və bu, Rusiyanın Ermənistandan süd məhsullarına qadağa qoymasına səbəb oldu.

Amma Ermənistanın siyasəti o qədər də sadə deyil. Nikol Paşinyan Ermənistanı Qərbə doğru yönləndirmək niyyətində görünsə də, çətin ki, buna nail ola bilsin. Bir çox erməni siyasətçiləri Rusiya ilə sıx əlaqələr saxlayır və İrəvan iqtisadi və hərbi baxımdan Moskvadan asılı olaraq qalır. Rusiya həm idxalda, həm də ixracda Ermənistanın ən böyük ticarət tərəfdaşıdır və bu ölkədə iki hərbi baza saxlayır. Bu, Qərbə oriyentasiya prosesini çətinləşdirir. Bundan əlavə, Paşinyan Ermənistanı Rusiyanın təsirindən azad etmək üçün zəruri şərt kimi Azərbaycanla sülh əldə etmək cəhdlərini sabotaj edən daxili sərt xətt tərəfdarları ilə mübarizə aparmalıdır.

Lakin N.Paşinyanın Qərbə can atmasına baxmayaraq, İrəvan sanksiyalardan yan keçməklə və Rusiyanın hərbi əməliyyatlarında istifadə olunan Qərb komponentləri üçün tranzit qovşağı rolunda çıxış etməklə Rusiyanın əsas tərəfdaşlarından birinə çevrilib. İrəvanın Moskva ilə münasibətləri narahatlıq üçün yeganə səbəb deyil. Ermənistan həmçinin bölgədə Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyən İranla yaxınlaşıb. Türkiyənin önlənməsinə gəlincə, Fransa və İranın maraqları üst-üstə düşür. Paris və Ankara uzun müddətdir Şərqi Aralıq dənizi və Şimali Afrika regionunda nüfuz savaşı aparır. Fransa Ermənistandan istifadə edərək Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminə əks tarazlıq yaratmağa ümid edir.

Xarici siyasətdə güman edilən faydalardan başqa, Ermənistana hərbi dəstəyin artırılması Fransanın özünə faydalı görünür. Belə ki, ölkədə 650 minə yaxın erməni yaşayır. Bu, ABŞ və Rusiyadan sonra ən böyük erməni diasporudur. Bu əhali siyasi cəhətdən fəaldır və fransız siyasətçiləri İrəvana göstərilən hərbi yardımın bu xüsusda çox faydalı olduğunu bilirlər. Erməni diasporunun dəstəyi Paris üçün Ermənistanın real rifahından və 30 il davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həlli axtarışından qat-qat vacib imiş.

Ancaq Fransa Ermənistanı müasir hərbi texnika ilə təmin etmək məsələsinə yenidən baxmalıdır. Moskva ilə İrəvan arasında müdafiə sahəsində sıx əməkdaşlığı nəzərə alsaq, Fransa silahlarının Rusiyaya hərbi üstünlük verməsi riski var. Paris onu da nəzərə almalıdır ki, Cənubi Qafqazın işlərinə müdaxilə Azərbaycanın enerji resurslarının Avropa İttifaqı ölkələrinə ixracını təhlükə altına qoya bilər. Avropa İttifaqı Rusiyanın enerji tədarükündən azad olmağa çalışdığı üçün bu ixrac çox vacibdir.

Avropa artıq Moskvanın Qarabağ bölgəsindəki separatçılardan münaqişənin qızışdırılması və Avropa İttifaqına Azərbaycanın tədarükün dayandırılması üçün istifadə etməyə çalışmasından narahatlığını ifadə edib. Ermənistan hərbçilərinin Qarabağdakı separatçılarla sıx əməkdaşlığı da nəzərə alınarsa, İrəvana verilən Fransa hərbi texnikası asanlıqla bu toqquşmanın komponentinə çevrilə bilər.

Əgər Paris həqiqətən də İrəvana dəstək vermək istəyirsə, o zaman Paşinyan hökumətinin Rusiya asılılığından qurtulmasına köməklik göstərməlidir. İndi Moskvanın Ukraynadakı müharibə və daxili problemlərin həlli ilə məşğul olduğu bir vaxtda Cənubi Qafqazda təsirini saxlamaq imkanları azalıb. Ona görə də Ermənistan bu tendensiyadan istifadə etməyə çalışır”.

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR