İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Bakının xeyrinə “U dönüşü” - Vaşinqton seçimini etdi

1450 03.06.2023 10:07 Siyasət A A

Bir cümlənin İrəvan və Xankəndidə doğurduğu xof; politoloq: “Birləşmiş Ştatlar bölgədə sülh və sabitliyi Azərbaycanın formalaşdırmasını istəyir...”

“Biz bu yaxınlarda baş nazir Paşinyanın sülh işinə sadiqliyini yüksək qiymətləndirdik və Prezident Əliyevin amnistiya ilə bağlı son bəyanatlarını alqışlayırıq”.

Bəlli olduğu kimi, bu sözləri mayın 31-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Xatırladaq ki, İlham Əliyev Qarabağdakı erməni separatçıların təslim olacaqları təqdirdə amnistiya tətbiq oluna biləcəyini bildirib. Belə bir açıqlamanın və ya vədin  ABŞ hökumətində açıq şəkildə təqdir edilməsi kifayət qədər prinsipial mahiyyət daşıyır və hətta yeni situasiyaya vəsilə ola bilər - təbii ki, Azərbaycanın xeyrinə. Çünki belə görünür qalib, haqlı və güclü tərəf kimi Bakıdan qapalı danışıqlarda “amnistiya xahişləri” hər halda edilib. Nəyin qarşılığında? Bunu da yəqin ki, biləcəyik.

Ancaq məsələ ondadır ki, yuxarıdakı açıqlama və oradakı “açar cümlə” ilə Vaşinqton Qarabağdakı oyuncaq rejimin qanunsuzluğunu rəsmən etiraf edir. Bunun ardınca ərazimizdəki qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması və ya tərk-silah edilməsinin zəruriliyi də bəyan edilsə, həmçinin ABŞ səfiri (hələ ki təzəsi Bakıya gəlməyib) Şuşaya baş çəksə, bu, Birləşmiş Ştatlar tərəfindən sülhün yaxınlaşmasına növbəti töhfə olardı.

Millerin yuxarıdakı cümləsi habelə ABŞ tərəfindən Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığının etirafıdır. Nəyi ki, rəsmi Bakı bunu üç ildir bildirir. Görək Birləşmiş Ştatlar bu mövqeyində hara kimi səmimi ola biləcək. Misal üçün, yenə də qondarma rejimin “təmsilçiləri”nin ABŞ-a səfərlərini  təşkil edib, onların Konqresdə sərbəst şəkildə görüşlər keçirməsinə, Azərbaycanın ünvanına hədyanlar söyləməsinə şərait yaradacaqmı? Necə ki, ötən il özünü “xarici işlər naziri” adlandıran David Babayana bu lüks tanınmışdı. Yaxud Amerika Qarabağda antiterror əməliyyatı keçirməyimizi nə dərəcədə anlayışla qarşılayacaq...

*****

“ABŞ-ın Rusiya və Avropa Birliyindən fərqi həm də ondadır ki, Amerika bölgədə sülh və stabilliyi Azərbaycanın formalaşdırmasında maraqlıdır. Məsələn, Vaşinqton Yaxın Şərqdə bunu Türkiyənin etməsini istəyir, Cənubi Qafqazda da Azərbaycanın. Başqa yolu yoxdur, çünki bölgədə bunu edə biləcək ikinci güc mövcud deyil”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Telegraf.com-a açıqlamasında politoloq Yeganə Hacıyeva söyləyib.  

“Vaşinqtonun Gürcüstanla münasibətləri yaxşıdır, Ermənistanın başında "Sorosun uşağı" oturub. Amma gerçək belədir ki, sülh və stabillik gücə bağlıdır. Ermənistan və Gürcüstan isə Azərbaycan qədər güclü deyil. Bu səbəbə Prezident İlham Əliyevin Kişinyovdakı görüşdən əvvəl Laçından verdiyi son mesaj təsadüfi deyildi və burada maraqları olan hər kəsə ünvanlanmışdı. Dövlət Departamenti rəsmisinin (Metyu Miller) ona reaksiyası da “ABŞ bununla razılaşır” anlamına gəlir, - deyə politoloq vurğulayıb və əlavə edib ki, hazırkı situasiyada Vaşinqton bölgədə sülh və sabitliyin bərqərar olmasında Azərbaycanın yanaşmasını qəbul edir və bu mövzuda bizimlə hesablaşır, çünki bunun alternativi yoxdur.

İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq  yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib » Azərbaycan  Prezidentinin Rəsmi internet səhifəsi

Bütün hallarda rəsmi Vaşinqtonun Azərbaycana ciddi reveransı ortadadır. Arzu edək ki, onların sayı çox olsun və yekun etibarilə ədalətli sülhü yaxınlaşdırsın. Təsadüfi deyil ki, Millerin yuxarıdakı sözləri İrəvanda, xüsusən də radikal-revanşist düşərgədə və Xankəndidə şok effekti, əsl isteriya yaradıb. Neçə gündür etiraz bəyanatları, hətta ABŞ-ı “erməni xalqına xəyanət”də suçlayan açıqlamalar səngimək bilmir.

“Bir neçə gün qabaq Laçında Azərbaycan Prezidenti kifayət qədər aqressiv sözlər işlədərək Ermənistanı hədələdi”.

Bunu Ermənistan parlamentinin üzvü, radikal müxalifəti" təmsil edən Respublika Partiyasının nümayəndəsi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“İlham Əliyev Qarabağda (sülhməramlıların nəzarət etdiyi ərazidə - red.) ”dövlət idarəetmə sisteminin" ləğvini və rəhbərliyin istefasını tələb edib, əks halda sərt tədbirlər görməklə hədələyib. Əliyevin bəyanatına cavab olaraq ABŞ Dövlət Departamenti heç bir reaksiya vermədi, hətta onun amnistiya elan etməyə hazır olmasını alqışladı. Aydındır ki, Paşinyanın çevrəsinin niyyəti Qarabağı Azərbaycana təslim etməkdir. Lakin Vaşinqton da Bakının yüksələn tonuna heç bir söz demir, bu isə qətiyyən yolverilməzdir və ciddi nəticələri özü ilə bərabər gətirir", - Abramyan təlaşını gizlədə bilməyib.

*****

“Bakı Qarabağdakı erməniləri sonsuzadək dilə tutmayacaq”.

Bunu isə “Yeni Müsavat”ın məlumatına görə, rusiyalı tanınmış politoloq Sergey Markov deyib.

ABŞ-dan Kipr açıqlaması

“İlham Əliyev bu yaxınlarda Laçın rayonunda olarkən nizamlanma ilə bağlı yenidən Ermənistana siqnal göndərdi. Əvvəla, mən bunu çox mühüm bəyanatlardan sayıram ki, Qarabağdakı hansısa ”administrasiya", qondarma separatçı “hökumət” buraxılmalıdır. Önəmli olan həmçinin budur: Bakı Qarabağ ermənilərinə sülh, danışıqlar əli uzadıb, lakin onları sonsuzadək dilə tutmayacaq. Və əgər İrəvanda kimsə manipulyasiya etməyə cəhd etsə, o zaman onlar üçün son yaxşı olmayacaq", - politoloq vurğulayıb.

Sözünə davam edən S. Markov deyib: “İkincisi, Əliyev xəbərdarlıq etdi ki, Azərbaycan güclü dövlətdir, güclü regional mövqelərə və güclü orduya malikdir. Əgər Ermənistan sülh təşəbbüslərindən dolayı yalan danışmağa davam etsə, nəticə yalnız bir olacaq - Bakı yenə də özünə məxsus olanı qaytaracaq”.

Ekspertə görə, Paşinyan hesab edir ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqla bağlı ölkə daxilində həddən artıq yüksək risklər var. “Ona görə də düşünürəm ki, yaxın gələcəkdə o, buna getməyəcək və vaxtı uzadacaq. Amma əgər situasiya qəti olaraq divara dirənsə və Ermənistan xoş mərama rəğmən, ona uzanan sülh əlini sıxmaq istəməsə, o zaman Azərbaycanın sülhü məcbur etmək hüququ var”, - deyə politoloq əlavə edib.

Yəni İrəvan ya xoşluqla bunu edəcək, ya da sülhə məcbur ediləcək. Amma ikinci halda Ermənistan əlavə canlı və maddi-texniki itkilərlə üzləşə bilər. Seçim özlərinindir...   

Analitik xidmət,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR