İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Avropa Birliyinə xəbərdarlıq: Ağ Ev Rusiyadan qorxanların cəzalanacağına eyham vurur

2951 11.08.2022 20:11 Analitika A A

Ağ Ev Avropa ölkələrinə Rusiyaya qarşı savaşdan geri çəkilmək niyyətinə düşməyə heç bir halda, imkan verilməyəcəyinin üstüörtülü mesajını çatdırdı... Bu baxımdan, Avropa Birliyi ABŞ-ın müəyyən etdiyi müddətə qədər Rusiyaya qarşı savaşın içərisində qalmağa məhkumdur...

Ukrayna savaşının əsas ağırlığı Avropa məkanın üzərinə düşür. Çünki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əks zərbəsi məhz Avropa məkanında daha açıq şəkildə hiss olunur. Və bu baxımdan, Avropa Birliyi ölkələrinin Kremlə qarşı sanksiyalarının Rusiyanı sarsıtmaqla yanaşı, bumeranq effekti verərək, “qoca qitə”yə geri döndüyü artıq qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Avropa Birliyi Rusiya ilə iqtisadi-ticari münasibətləri məhdudlaşdıraraq, minimuma endiriblər. Bəzi sahələr üzrə Rusiya ilə əlaqələr ümumiyyətlə, kəsilib. İndi Avropa Birliyi ölkələri hətta Rusiya enerji resurslarından tamamilə imtina edilməsi istiqamətində addımlar atmağa hazırlaşırlar.

Təbii ki, Avropa Birliyi ölkələrinin bəziləri belə bir radikal addımın atılmasına o qədər də həvəsli deyillər. Çünki, Avropa ölkələri bu sərt addımın əks zərbəsinin əks zərbəsinə məruz qalacaqlarını əvvəlcədən bilirlər. Hər halda, Avropa Birliyi ölkələrinin demək olar ki, tam şəkildə Rusiya enerji resurslarından asılı olduğunu heç kimə sirr deyil. Və Rusiya enerji resurslarından tam şəkildə imtina qərarının Avropa iqtisadiyyatına, eləcə də “qoca qitə” sakinlərinin gündəlik həyatına sarsıdıcı təsir göstərəcəyi şübhə doğurmur.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Onu da qeyd edək ki, Almaniya, Fransa, İtaliya və Macarıstan Rusiya enerji resurslarından imtina edilməsinə qarşı çıxır. Bu ölkələr hesab edirlər ki, Avropa Birliyi belə bir radikal qərarın icrasına hələ tam hazır deyil. Ona görə də, bunu vaxtından əvvəl atılmış təhlükəli addım kimi xarakterizə edirlər.

Ancaq Almaniya, Fransa və İtaliya istənilən halda, Rusiya enerji resurslarından tam imtina qərarını icra etmək məcburiyyətindədir. Bu ölkələr əmindirlər ki, əgər, Rusiyaya qarşı sanksiya siyasətindən geri çəkilmə Kremlin mövqelərini yenidən gücləndirə bilər. Nəticədə, Avropa Birliyi Rusiyanın hegemonluğunu qəbul etmək məcburiyyətində qalar. Yalnız Macarıstan Rusiya enerji resurslarından heç bir halda, imtina etməyəcəyini birmənalı şəkildə bəyan edib.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi məkanında daha çox şaxtalı qışın yaxınlaşmasından ciddi şəkildə narahatdırlar. Hər halda, anbarlara yetərincə təbii qaz ehtiyatı toplamaqda gecikən Avropa ölkələri temperatur aşağı düşdükcə, daha ciddi problemlə üzləşəcəklərinə şübhə etmirlər. Onların fikrincə, Kremldə də bu reallığı bildiklərindən, Rusiya enerji resurslarından Avropa Birliyinə qarşı silah kimi istifadə edəcək.

Maraqlıdır ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bu barədə dəqiqləşdirici açıqlama verib. Onun sözlərinə görə, yaxın aylarda atılacaq addımlar Avropa Birliyinin gələcək taleyini müəyyən edəcək. J.Borrel hesab edir ki, Avropa Birliyi Ukrayna savaşına görə hesab ödəməyə hazır olmalıdır. Əks halda, Avropa Birliyi bu savaşdan ən çox itirən tərəfə çevrilə bilər.

josep borell 185313.jpg (128 KB) 

Təbii ki, J.Borrelin dediklərinin reallığı əks etdirdiyini Avropa məkanında tam dəqiqliyi ilə bilirlər. Ona görə də, bəzi Avropa ölkələri Ukrayna savaşının mümkün qədər tez bir zamanda, həm də Rusiyanın məğlubiyyəti ilə yekunlaşmasında maraqlı olduqlarını da qətiyyən gizlətmirlər. Rəsmi Kiyev də Avropa Birliyinə Ukrayna savaşının tez və Rusiyanın məğlubiyyəti ilə yekunlaşdırmağı vəd edir.

Ancaq rəsmi Kiyev bunun baş verməsi məqsədilə Ukrayna ordusu üçün müasir hərbi texnika və silah-sursat tədarükünü sürətləndirməyi məsləhət görür. Əgər, Avropa ölkələri bu məsləhətə uyğun davranarsa, ilin sonlarına doğru Ukrayna ordusu təşəbbüsü ələ alacağına, 2023-cü ilin aprel ayına qədər isə qəti qələbə qazanacağını vurğulayır. Hətta Ukrayna prezidenti Volodimir Zelenski “Rusiya ilə savaş Krımın işğalıyla başlayıb, yarımadanın azad edilməsi ilə də yekunlaşacaq” deyib.

Halbuki, bu məsələdə rəsmi Kiyevin sürətli qələbə və Rusiyanın mütləq məğlubiyyətini vəd etməsi elə də çox şeyi dəyişmir. Hətta Avropa ölkələrinin rəsmi Kiyevin tələb etdiyi silahları Ukrayna ordusuna daha tez bir zamanda çatdırması da böyük əhəmiyyət daşımır. Çünki Ukrayna savaşının həm başlanma, həm də yekunlaşma qərarları tamamilə fərqli siyasi iradə mərkəzi tərəfindən verir.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB) 

Rəsmi Kiyevin Rusiyanın məğlubiyyəti ilə sürətli qələbə vədinə ABŞ-dan verilən reaksiya olduqca maraqlıdır. Belə ki, ABŞ Müdafiə Nazirliyindən bildiriblər ki, Ukrayna savaşının ümid edildiyi kimi, yaxın vaxtlarda yekunlaşma ehtimalı qətiyyən inandırıcı deyil. Pentaqonda hesab edirlər ki, Rusiya iqtisadiyyatı çökdürülənə qədər bu savaşın davam etməsi vacibdir.

Göründüyü kimi, Avropa Birliyi Ukrayna savaşının bütün ağırlığını öz üzərində hiss edir. Avropa ölkələrinin iqtisadiyyatları dərin böhran təhlükəsi qarşısında qalıb. Ancaq ABŞ-da Avropa Birliyinə məsləhət görürlər ki, Ukrayna savaşının tez bir zamanda yekunlaşa biləcəyinə boşuna ümid etməsin. Yəni, Avropa ölkələri istəsələr də, istəməslər də, bu savaş davam edəcək. Və yalnız Ağ Ev qərar verdiyi mərhələdə Ukrayna savaşının sona çatmasından danışmaq mümkün olacaq.

Bütün bunları ABŞ-ın Avropa Birliyinə dolayısı xəbərdarlığı da hesab etmək olar. Ağ Ev Avropa ölkələrinə Rusiyaya qarşı savaşdan geri çəkilmək niyyətinə düşməyə imkan verilməyəcəyinin üstüörtülü mesajını çatdırır. Bu baxımdan, ABŞ-ın mesajı həm də “geri çəkilən cəzalana bilər” anlamı daşıdığından, Avropa Birliyi Ağ Evin istədiyi müddətə qədər Rusiyaya qarşı savaşın içərisində qalmağa məhkumdur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR