İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da anti-Azərbaycan bəyanatları artır - senatorların məktubu və Xankəndi qulduru Konqresdə....

1324 23.09.2022 09:20 Gündəm A A

Səkkiz senator dövlət katibi Blinken və müdafiə naziri Ostindən izahat istəyir; Babayanın Konqresdə  Bakı və Ankara əleyhinə çıxışları göstərir ki, bu səfərə rəsmi Vaşinqtonun da razılığı olub

Bir neçə gündür ki, ABŞ-da səfərdə olan separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan Konqresin binasında səfərin əsas təşkilatçısı olan “Hay Dat” komissiyası, Amerika Erməni Assambleyası və Konqresin erməni işləri komissiyası tərəfindən təşkil olunmuş “tədbirdə” çıxış edib.

“Yeni Müsavat” bildirir ki, Babayan “Qarabağ münaqişəsi” və Ermənistanın təxribatları nəticəsində Azərbaycanla sərhəddə baş vermiş qanlı qarşıdurma haqda danışaraq Bakı və Ankara  əleyhinə hədyanlar yağdırıb. O, ""artsax"ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı" haqda cəfəng fikirlərini təkrarlayıb. 

Babayanın ABŞ Konqresində, beyin mərkəzlərində, universitetlərdə və ictimai dairələrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışları onu göstərir ki, bu səfərə rəsmi Vaşinqtonun da razılığı olub. ""Artsax"ın müstəqilliyinə həsr olunmuş" tədbirin Kapitoliyada keçirilməsi də bunu sübut edir. Səfərin təşkilatçılığını edən Amerika Erməniləri Milli Komitəsi (“Hay dat”) bu ölkədəki erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Amerikanın, eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, Daşnaksütyun partiyası ilə sıx əlaqələrə malikdir. Hazırda komitənin fəaliyyəti əsasən Ermənistana və Qarabağ separatçılarına maddi və siyasi yardım göstərməkdən ibarətdir. Azərbaycana qarşı olan istiqamətdə komitənin əsas məqsədi Qarabağ məsələsində guya ermənilərin “zərərçəkən” mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirməkdir. Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirmək də AEMK-nın prioritet məsələlərindən biridir.

Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü bəyan etdiyi kimi tanıyırsa, belə antitürk təşkilatı bir yana, heç olmasa, separatçı rejimin qondarma nazirinə qapılarını açmamalı idi. Məsələn, Donbas separatçılarının liderlərinə (hansı ki, hamısına sanksiya tətbiq edib) Vaşinqton belə qucaq açardımı? Həmçinin Konqresdə də anti-Azərbaycan əhvalı güclənməkdədir. Konqresmen Cimmi Qomez “Azərbaycanın Ermənistana son hücumlarını pisləyərək” ABŞ-ın müvafiq addımlar atmalı olduğunu vurğulayıb. Konqresmenin fikrincə, ABŞ Azərbaycana hərbi dəstəyi dayandırmalıdır.

“Turan”ın Vaşinqtondakı müxbirinin məlumatına görə, prezidentliyə keçmiş namizədlər də daxil olmaqla, ABŞ-ın səkkiz senatoru dövlət katibi Entoni Blinkenə və müdafiə naziri Lloyd C.Ostinə məktub göndəriblər. Onlar Ağ Ev Administrasiyanın Bakı ilə təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirmək niyyətində olub-olmadığı ilə maraqlanırlar. Onlar həmçinin ABŞ-ın bu yaxınlarda döyüş əməliyyatlarında iştirak edən bölmələrə təhlükəsizlik sahəsində hər hansı yardım göstərib-göstərmədiyini bilmək istəyirlər. Məktubu senatorlar Edvard C.Marki (Massaçusets), Debbi Stabenou (Miçiqan), Aleks Padilya (Kaliforniya), Ron Uayden (Oreqon), Kris Van Hollen (Merilend), Berni Sanders (Florida), Ceki Rozen (Nevada) və Kori Buker (Nyu Cersi) imzalayıblar.

Senatorlar hesab edirlər ki, mövcud məhdudiyyətlərə baxmayaraq, Azərbaycan ABŞ-dan təhlükəsizlik sahəsində yardım almağa davam edir. Administrasiyaya cavab üçün 2 həftə vaxt verilib.

ABŞ-ın ikili standartı, separatizmə açıq dəstəyi onun sülh səyləri ilə daban-dabana ziddir. Bir tərəfdən hər iki ölkənin xarici işlər nazirinin görüşünə vasitəçilik edən ABŞ, o biri tərəfdən həm İrəvandakı səfiri, həm Babayanın anti-Azərbaycan fəaliyyətini görməzdən gəlir. Son vaxtlar Konqresdə ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmaq çağırışı artıb. Söhbət hansı hərbi yardımlardan gedir ki, ermənipərəst konqresmenlər belə narahat olub? Ümumiyyətlə, Babayanın səfərində rəsmi Vaşinqtonun məsuliyyəti yoxdurmu?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqladı ki, ikili standartların həmişə şahidi olmuşuq. Partiya sədrinin fikrincə, ədalətsiz dünyada eyni problemlə qarşılaşan dövlətlərə fərqli münasibət göstərilməsi xristian təəssübkeşliyindən və türk dünyasına olan baxışdan irəli gəlir. “Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrdə separatçılara Qərb sərt mövqe nümayiş etdirir, Azərbaycanda separatizmə dəstək verilir. Təəssüf ki, erməni separatçıların səfərləri, revanşist bəyanatlar səsləndirməsi ABŞ-ın gizli və aşkar verdiyi dəstəkdən qaynaqlanır. Bu da qətiyyətlə pislənməlidir. Özünü demokratiyanın aparıcı qüvvəsi hesab edən ölkələrə belə yanaşma başucalığı gətirmir. Eyni zamanda ABŞ-Azərbaycan əlaqələrinə də xələl gətirməkdədir”, - deyə A.Əlizadə vurğuladı. AMİP sədri hesab edir ki, rəsmi Vaşinqton son addımlarının münasibətlərə zərər vuracağını bilməlidir.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, Ermənistan rəsmiləri və qondarma qurumun “rəhbəri” Araik özlərinə əl qatıblar - hər yerdə qondarma rejimin de-yure tanınması kampaniyasını aparırlar: “Ermənistan anlayır ki, özü qondarma qurumu de-yure tanıya bilməz, çünki bu, Azərbaycan üçün beynəlxalq hüquqa görə müharibə elanına səbəbdir. Ona görə də Ermənistanın məqsədi qondarma qurumu bir neçə kiçik, bir böyük dövlətin tanımasına nail olmaqdır. Əvvəl bu oyunu Rusiya ilə qurmağa çalışdılar, Rusiyanın axmaqcasına Ukraynaya hücumu və düşdüyü durum bu plana mane oldu, Rusiyanı Türkiyədən asılı vəziyyətə saldı. Buna görə də Ermənistanın Rusiya vasitəsilə Moskvanın Ukraynanın şərqində etdiyi eyni ssenarini təkrar etmək istəyini boşa çıxartdı. Rusiya Ukraynaya hücum edən kimi MDB məkanında bu təcavüzü ən çox dəstəkləyən Ermənistan oldu, hətta Xankəndində "Z" yürüşləri belə keçirdilər. Amma Ukrayna ordusunun dirənişi Ermənistanın planlarını da puça çıxartdı, onların valı dəyişməsinə səbəb oldu.

Ermənistana kənardan ciddi təsirləri olan çevrələr (lobbi qrupları) və İrəvanın bəzi siyasi çevrələri indi də Qərb vasitəsi ilə “artsax”a müstəqillik kampaniyasına start verməyə çalışırlar. Bu da boş xəyaldır. Bu gün Azərbaycanın və Türkiyənin regionda oynadığı və Rusiyanın zəifləməsindən sonra oynayacağı rol Qərb üçün də vazkeçilməzdir. Ermənistan və bəzi çevrələr “Artsaxın” tanınması məsələsini aktuallaşdırmağa çalışırlar. Bu addımın tərcüməsi nədir? Siz qondarma qurumun Azərbaycanın tərkibindən kənarda hansısa statusu ilə bağlı məsələni qabartdıqca, biz də Zəngəzur məsələsini aktuallaşdıracağıq. Demirəm ki, bu işin ciddi siyasi perspektivi var, amma təzyiq vasitələrindən biri kimi əldə tutulmalı məsələ ola bilər".

FUAD ƏLİYEV namizədləri DEBATa dəvət etdi - VİDEO

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev bildirdi ki, Donbas, Abxaziya, Dnestryanı ərazilərdə separatçılara dəstək verilməməsi Rusiya ilə bağlıdır: “Amerika həmin ölkələrdə hakimiyyətləri müdafiə edir. Azərbaycana çatanda 360 dərəcə dəyişirlər və ermənidən betər erməni olurlar. Əgər Pelosi kimi erməni puluna satılmış spiker gəlib bizi ittiham edirsə, Konqresdə Babayan danışırsa, deməli, Vaşinqtonda ən yüksək səviyyədə buna razılıq verilib. Təbii ki, Azərbaycan hakimiyyəti daha sərt şəkildə etiraz bildirməlidir. Amerika tam üzünü göstərdi və həyasız şəkildə Xankəndi terrorçularına dəstək verdi. Əslində təəccüb doğurmur. Çünki Türkiyəyə qarşı olaraq Suriyada PKK və YPG kürd silahlı dəstələrini maliyyələşdirirlərsə, o halda Azərbaycan əleyhinə də "artsax" terroristlərinə dəstək verəcəklər. Biz strategiyamızı düzgün qurmalıyıq, ərazi bütövlüyümüzü tam bərpa etmək yolunda irəliləməliyik, Qarabağ ermənilərinə “status” vəd edənlərlə sona qədər mübarizə aparmalıyıq. ABŞ başa düşməlidir ki, bu siyasətlə Azərbaycanı özündən uzaqlaşdırır. Digər tərəfdən, biz Obama dövründə də anti-Azərbaycan mövqeyini müşahidə etmişdik. Demokratlar həmişə ermənipərəst siyasət yürüdürlər". Partiya sədri əmindir ki, Qarabağda qondarma rejimin ömrü uzun çəkməyəcək: “Gedişat göstərir ki, onlar üçün halqa daralıb. Araik də etiraf etdi ki, Azərbaycanla bəzi məsələləri razılaşdırmağa məcburdurlar. Bir müddət sonra bəyan edəcək ki, biz Bakıdan başqa problemlərin həllində kömək istəyirik. Beləcə, reinteqrasiya prosesi gedəcək, bir küncə sıxılmış separatçılar ya baş götürüb qaçacaqlar, ya da təslim olacaqlar. Əlbəttə, indi onlara dəstək var və ruhlanıblar. Amma bir ovuc qalıblar və "Qisas" əməliyyatını təkrarlamaq kifayətdir ki, bir sutka içində məhv olsunlar. Separatizmə xarici dəstək olmasa, əsl “artsax” oyun oynaya bilməz. Əfsus ki, bu siyasətin başında ABŞ və Fransa xüsusi rol oynayır".

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı qeyd edir ki, Babayanın səfəri məlum idi, lakin Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi ittihamlar fonunda separatçının Konqres binasına “rəsmi şəxs” kimi daxil olması Vaşinqtonun Bakıya qarşı açıq kartla oynadığını göstərir: “Və okeanın o tayından Qarabağdakı separatizmə dəstək daha da intensivləşəcək. Yeganə yol separatçı-terrorçu rejimin ləğv edilməsidir. Ki, Ermənistanın ABŞ-a qucaq açması bu imkanı yetişdirir. Araik Arutyunyan Qarabağda yaşamaq və problemlərini həll etmək üçün Azərbaycanın qapısını döyməyə məcbur olduqlarını, bunu mövcud reallıqların tələb etdiyini deyir. Bakının Qarabağdakı erməniləri asılı vəziyyətə salmaq siyasəti davam edir. Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra təsir rıçaqları daha da güclənib”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR