Donald Tramp administrasiyası Böyük Britaniyada yaşayan yəhudilərə siyasi sığınacaq vermək imkanlarını araşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "The Daily Telegraph" qəzeti Ağ Evin vəkili Robert Qarsona istinadən yayıb. Bildirilir ki, bu addım Britaniyada antisemitizmin artması səbəbindən atılacaq: "Böyük Britaniya artıq yəhudilər üçün təhlükəsiz yer deyil. Mən Dövlət Departamenti ilə prezidentin Britaniya yəhudilərinə ABŞ-da sığınacaq verib-verməməsi barədə danışmışam" .
Mançesterdə anadan olan və 2008-ci ildə ABŞ-a köçən Qarson yəhudilərin Böyük Britaniyada "gələcəyinin" olmadığını söyləyib.
O, həmçinin Böyük Britaniyada antisemitizmin artmasında Baş nazir Keir Starmeri günahlandırıb: "Keir Starmer antisemitizmə göz yumub. Baş nazir açıq antisemitizmin müntəzəm hal almasına icazə verib".
Vəkil demoqrafik dəyişikliklərin tezliklə Böyük Britaniyada şəriət qanunlarının bərqərar olmasına səbəb ola biləcəyini iddia edib.
Musavat.com






