İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Bakı və İrəvanı tələsdirir - Vaşinqtonun Rusiya və İran təlaşı

1552 31.01.2023 09:06 Siyasət A A

Avropa Birliyinin (AB) Ermənistana iki illik müşahidə missiyası göndərmək haqda qərarından sonra ABŞ və Rusiya arasında Güney Qafqazla bağlı gərginlik artıb. Vaşinqton və Moskva faktiki bir-birini bölgəni qarışdırmaqda və qeyri-səmimilikdə ittiham etməyə başlayıb.

ABŞ həmçinin İranı ittiham edir. “Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur”. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində bildirib. Onun sözlərinə görə, keçmiş Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları adlandırılan kontingent heç bir konstruktiv rol oynamır, İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır. Donfrid qeyd edib ki, narahatlıq son bir ildə, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı daha da artıb. O, Rusiya və İranın regional aktivliyi fonunda Ermənistan-Azərbaycan sülh prosesinə daha böyük əhəmiyyət verilməsinin zəruriliyini vurğulayıb. “Birləşmiş Ştatlar tərəflər arasında birbaşa dialoqu dəstəkləyir və bunun zəruriliyini vurğulayır, çünki mürəkkəb məsələləri yalnız bu yolla həll etmək olar. Biz inanırıq ki, həm Ermənistan, həm də Azərbaycan bu prosesə dərindən sadiqdir. Biz sülhə nail olmaq üçün qəbul edilməli olan çətin qərarların İrəvan və Bakıda qəbul edilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”, - ABŞ rəsmisi bildirib. Onun fikrincə, Ermənistanla Azərbaycan arasında problemlərin hərbi yolla həlli mümkün deyil, yeganə yol sülh prosesi vasitəsilə diplomatik həldir: “Biz vəziyyətin hər hansı bir gərginləşməsini görmək istəməzdik”.

Göründüyü kimi, ABŞ Bakı və İrəvan arasında tezliklə, həm də mümkün qədər vasitəçisiz, birbaşa dialoq yolu ilə sülh anlaşmasının olmasını istəyir, eyni zamanda tərəfləri hərbi eskalasiyadan qaçmağa çağırır. Sülh müqaviləsinin Tehran və Moskvanın bölgədə “əl-ayağını” yığacağına inanır. Öz növbəsində Rusiya AB-nin Ermənistana missiya göndərmək qərarını Brüssel və Ağ Evin Azərbaycan və Ermənistan arasında sülh əldə edilməsinə əngəl yaratmaq, bölgədə gərginliyi artırmaq cəhdi kimi qiymətləndirir. Bunu həm də onunla əsaslandırır ki, missiya Bakı ilə razılaşdırılmayıb. Az öncə isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan, Rusiya və Ermənistan XIN başçılarının baş tutmamış üçtərəfli görüşünə təzədən ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi. Hərçənd Rusiyanın vasitəçiliyini də səmimi saymaq mümkün deyil.

Ümumiyyətlə, belə bir daşlaşmış fikir var ki, Moskva konfliktin birdəfəlik həllində yox, onun idarə olunmasında maraqlıdır. Xatırladaq ki, hələ 2016-cı ilin dörd günlük Aprel döyüşlərindən sonra Dmitri Medvedyev səviyyəsində belə bir mövqe açıqlanmışdı ki, “Dağlıq Qarabağ münaqişəsi”ni “dondurub” gələcəyə saxlamaq lazımdır. Rusiyanın hazırkı, 44 günlük müharibədən sonrakı davranışları da ənənəvi siyasətdən fərqlənmir. Kreml Qarabağda yerləşdirdiyi hərbi kontingentin 2025-ci ildən sonra da regionda qalmasından ötrü hər üsula əl atır. Üstəlik, Ruben Vardanyanın şəxsində avantürist birini təlimatlandıraraq Xankəndinə göndərib, ondan “dövlət xadimi” hazırlamaq cəhdləri şimal qonşumuzun Azərbaycanla bağladığı saziş və müqavilələri, xüsusilə keçən ilin fevralında ən yüksək səviyyədə imzalanmış müttəfiqlik haqqında bəyannaməni çox tez “unutmasından” xəbər verir. Eyni zamanda həm Rusiya, həm də Qərb dünyası Qarabağ separatçılarının saxta “blokada” şousuna uyaraq, müxtəlif səviyyələrdə Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. Hər iki qütbün mövqeyi təxminən üst-üstə düşür, Laçın yolunun Şuşa istiqamətində ekofəallarımızın erməni terroruna qarşı dinc aksiyasına başqa don geyindirməklə separatçı-terrorçu rejimi sığortalamağa çalışırlar. Hansı ki, Qarabağda heç bir humanitar fəlakətin yaşanmadığını, dinc etirazların başlandığı 12 dekabr 2022-ci ildən bəri 1000-dən çox minik və yük avtomobilinin, erməni mənbələrinin də etiraf etdiyi kimi, 50-dən çox xəstənin, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə onlarla mülki şəxsin hər iki istiqamətə aparılması faktlarını məhz yolu bağlayan, bu ərazidə təhlükəsizliyə təminat verən, bu haqda öhdəlik götürən Rusiya tərəfi bəyan etməli, Qərbin də diqqətinə çatdırıb, Azərbaycana qarşı qərəzli kampaniyanın dayandırılmasına cəhd göstərməli idi. Lakin gördüyümüz kimi, Rusiya bu vəziyyət sanki ona sərf edirmiş kimi davranır və reallığı elan etməyə həvəsli görünmür. Hətta vaxtaşırı “yolun açılması üçün Azərbaycan və Ermənistanla danışıq aparırıq”- kimi gülməli açıqlamalar da verilir. Ancaq dövlət rəsmilərimiz səviyyəsində bəyan olunub ki, Laçın yolunu bağlayan Rusiya hərbçiləridir, Azərbaycan yox!  

Azərbaycan təbii ki, Ermənistanla sülh müqaviləsinin bacardıqca tez imzalanmasında maraqlıdır. “Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər”. Bunu Prezident İlham Əliyev yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış edən zaman söyləyib. Prezident deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq bitib, münaqişə həll olunub və biz işğala son qoyaraq, sülhə daha da yaxınlaşmışıq: “Hələ ki sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq”.

Bəli, dövlətimiz sülhün maksimum tez əldə olunması üçün əlindən gələni edir. Amma biz vasitəçilik təşəbbüsü ilə çıxış edənlərin, həmçinin Ermənistanın sülhə can atma cəhdini görə bilmirik. Qeyd etdiyimiz kimi, biz digər məsələlərdə toqquşan, hətta münasibətləri savaş həddinə qalxan qütblərin hər ikisinin təzyiqləri ilə üz-üzəyik. O zaman ortaya suallar çıxır: nə etməli, kimə inanmalı - Rusiyaya, yoxsa Qərbə, ABŞ-a? Kim haqqı deyir?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev: “Sülhə nail olunmasa, yenidən alovlana biləcək hərbi əməliyyatlar tək region üçün deyil, bütün hamı üçün əngəllər törədəcək!”

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə ABŞ Rusiyanı İranın bir tərəfdaşı kimi görür: “Məhz Rusiyanın Cənubi Qafqazda ciddi fəaliyyət göstərməməsi İranın fəaliyyət dairəsini artırır. Bu isə heç cürə ABŞ-ı qane edə bilməz. ABŞ Azərbaycanı və Türkiyəni iqtisadi və hərbi tərəfdaş saydığını açıq şəkildə bəyan edir və sülhün bərqərar olmasında iştirak etmək və nüfuzunu saxlamaq üçün mühüm addımlar atmağa çalışır. Bundan başqa, ABŞ Fransanın və ya Avropanın digər dövlətlərinin də regionda ondan çox nüfuz qazanmasını istəmir”. A.Nağıyev qeyd etdi ki, Ağ Ev əsas müttəfiqi kimi Gürcüstanın da danışıqlardan kənarda qalmaması üçün çalışır: “Məhz buna görə də tərəflər arasında birbaşa dialoqu dəstəkləyir və bunun zəruriliyini vurğulayır. Son zamanlar ərəb dünyasından da vasitəçilik etmək istəyən dövlətlərin artması ABŞ-ı narahat etməyə bilməz. Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ istəmir ki, yeni bir müharibə alovlansın, buna görə də münaqişənin dinc yolla həllini istəyir. Yəni tez və həqiqətən də vasitəçisiz, birbaşa dialoq yolu ilə sülh anlaşmasının olmasında maraqlıdır”. Deputat qeyd etdi ki, ABŞ-ın mövqeyinə görə, bu proseslərə mane olan məhz Rusiyadır: “Rusiya Avropa Birliyinin Ermənistana missiya göndərmək qərarını pisləyir. Təbii ki, bu addımın Azərbaycana da hər hansı bir xeyri yoxdur. Çünki vizual kəşfiyyat aparmaq niyyətli bir missiya bizim şərti sərhədlərimizin yaxınlığında yerləşir. Əsas meyarı material toplayıb bu və ya özlərinə xeyir edən şəkildə maraqlı tərəflərə ötürməkdir və təbii ki, İran da buna susur. Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanmasını və regionda sülhün bərqərər olmasını arzulayır və kommunikasiyaların açılması, böyük qayıdışın təmin olunmasını istəyir. Yəni təkliflərimiz masa üzərindədir. Lakin bunu istəməyən qüvvələr cidd-cəhdlə sülhə məhz öz maraqlarından mane olmağa çalışırlar. Kimsə regionda daimi qalmaq, kimsə status-kvonu saxlamaqla vəziyyətdən iqtisadi cəhətdən yararlanmaq istəyir. Unutmaq lazım deyil ki, sülhə nail olunmasa, yenidən alovlana biləcək hərbi əməliyyatlar tək region üçün deyil, bütün hamı üçün əngəllər törədəcək! Buna görə də sülhə daha da yaxınlaşmaq və nəticəyə nail olmaq gərəkdir...”

İranda rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb" - ELXAN  ŞAHİNOĞLU

Elxan Şahinoğlu: “Vaşinqton bölgədə sülh istəyində Kremldən daha səmimidir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu mövzuda “Yeni Müsavat”a açıqlama verərkən qeyd etdi ki, amerikalı diplomatın açıqlaması təsadüfi deyil: “ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid deyib ki, Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur. Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar. Bildirib ki, "İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır". Amerikalı diplomat haqlıdır, sadəcə, onun sonrakı “Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə daha çox töhfə verməlidir”- tövsiyə xarakterli cümləsi ilk söylədiklərinə uyğun gəlmir". Politoloq sual edir: “Keren Donfridin söylədiyi kimi, Rusiya və İran Cənubi Qafqazda konstruktiv rol oynamırlarsa, bu iki ölkə sülh prosesinə necə töhfə verə bilər? Ancaq amerikalı diplomatın bu cümləsindən o da aydın olur ki, Vaşinqton Parisdən fərqli olaraq Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil. Bizə də o lazımdır ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan sonra rusiyalı hərbçilərin yerini doldurmaq barədə kimsə düşünməsin”. E.Şahinoğlunun sözlərinə görə, buna baxmayaraq, Vaşinqton bölgədə sülh istəyində Kremldən daha səmimidir: “Kreml Azərbaycanın Qarabağın tamamında ərazi bütövlüyünün və suverenliyinin bərpasında maraqlı deyil. Çünki Moskva münaqişələr vasitəsilə bölgədəki varlığını sürdürmək istəyir. Vaşinqton isə bölgədə sülh və əməkdaşlıqda maraqlıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri qeyd etdi ki, Vaşinqton Azərbaycan və Ermənistan liderləri ilə birbaşa təması dəstəkləyir: “Bu, Azərbaycanın maraqlarına cavab verir. Rusiya və Fransa kimi vasitəçilərə ehtiyacımız yoxdur. Digər tərəfdən, Vaşinqton Gürcüstanın Azərbaycan və Ermənistanla vasitəçiliyinin əleyhinə deyil. Bu da Azərbaycanın və Ermənistanın maraqlarına uyğundur. Gürcüstan da Amerika kimi bölgədə sülh və əməkdaşlıq istəyir”.


Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR