İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Asiya cəbhəsini gücləndirir - Baydenin bölgədəki müttəfiqləri ziyarət etməsinin səbəbləri

1116 29.04.2022 22:37 Gündəm A A

2021-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden bu postda əyləşəndən bəri ilk dəfə Asiyaya səfər edəcək.

“Reuters” xəbər verir ki, Baydenin Asiya səfəri gələn aya planlaşdırılıb. ABŞ prezidenti Seulda Cənubi Koreyanın, Tokioda Yaponiyanın lideri ilə görüşəcək, əsasən təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərini, o cümlədən Çinin bölgədə artmaqda olan təsirini və Şimali Koreyanın son nüvə təhdidini müzakirə edəcək.

Baydenin Asiyaya üç günlük səfərə yollanmaq qərarı Vaşinqtonun öz müttəfiqlərini Rusiyanın Ukraynaya təcavüzünə, həmçinin Çinin bölgədə artan iqtisadi və hərbi təsirinə qarşı səfərbər etmək səylərini davam etdirdiyi bir dövrə təsadüf edir. Ötən ay Şimali Koreya 2017-ci ildən bəri ilk dəfə qitələrarası ballistik raket sınağını bərpa etdiyini açıqlayıb. Eyni zamanda, Şimali Koreya lideri Kim Çen In onun ölkəsinin maraqlarına təhlükə törədəcək dövlətləri nüvə bombası ilə hədələyib. Bəllidir ki, Şimali Koreya rejimini ayaq üstdə saxlayan ilk növbədə Çindir. Göründüyü kimi, bir yanda Rusiya, digər yanda isə Çin-Şimali Koreya tandemi dünyada Amerika maraqlarını əməlli-başlı təhdid edir. Bəs Vaşinqton bu iki geosiyasi cəbhədə uğur qazana biləcəkmi? Savaşın qalibi kim olacaq?

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bir sıra faktorları önə çəkdi:

“Vaşinqton təkcə bu iki cəbhədə deyil, daha çox cəbhələrdə uğur qazana bilər. Düşünürəm ki, Ukraynanın ardından 2, 3 və ya 4-cü cəbhələrin açılması prosesi gedəcək. O cümlədən, Cənubi Şərqi, Şərqi Asiyada yəqin ki, Yaponiya və Cənubi Koreya kimi ölkələrin fəallaşdırılması, eyni zamanda, Tayvanın proseslərə cəlb olunması ilə böyük bir cəbhə formalaşdırılmağa cəhdlər olacaq. Burada önəmli məsələlər çoxdur. Şimalı Koreya və Çinin timsalında müəyyən təhlükələr görə bilərik. Rusiya ilə müttəfiqlik də nümayiş etdirilir. Bir sözlə güc, əzələ nümayişindən əl çəkmirlər. Bəli, Avropada dünya savaşır, amma qlobal savaşın olacağı nöqtə Avropa deyil. Çin dənizi və Sakit okean hövzəsi bütövlükdə Ukraynadan daha ciddi, daha böyük əhəmiyyətə malikdir. Ukrayna savaşını Sakit okean müharibəsi, daha doğrusu okeaniya savaşının məşqi hesab etmək olar”.

Elxan Şahinoğlu:- \"Ukrayna və Rusiya arasında müharibə ehtimalı artır\"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çox vacib məqamlara toxundu: “Birləşmiş Ştatlar rəhbərinin Asiya ölkələrinə səfəri Amerika üçün çox vacib sayılır. Çünki Çinin bölgədə hər keçən gün hərbi gücü artır. Çin əzələ nümayişi edir. Bu günlərdə Solomon adaları bir təhlükəsizlik anlaşması əldə edib. Bu da Amerikanı, onun müttəfiqləri olan Hindistan, Yaponiya, Avstraliya üçün ciddi təhlükə yaradır. Guya təhlükəsizliklə bağlı anlaşmadır. Amma əslində həmin adalarda Çinin hərbi bazaları yerləşdirilə bilər. Sakit okeandakı digər kiçik ada dövlətləri ilə də Çin müzakirələr aparır. Orada da hərbi bazalarını yerləşdirməyə cəhd edəcək. Çinin çox incə, hiyləgər bir üsulu var. Əvvəlcə yatırımlar təklif edir. İndinin özündə də bir çox dövlətlərin həqiqətən də yatırımlara ciddi ehtiyacı var. Onun üçün də tez yatırımlara razı olurlar. Nəticədə getdikcə həmin ölkələrin Çinə borcları artır. Bu borcu qaytara bilmədikdə artıq Çinin siyasi tələbləri artmağa başlayır. Siyasi anlaşmalar imzalayır, həmin ölkələrdə öz hərbi qüdrətini artırmağa çalışır. Afrikada da eyni siyasəti yürüdür. Bu da Amerika, onun müttəfiqləri olan Yaponiya, Hindistan, Avstraliya ciddi narazılığına səbəb olur, həm də hərəkət etməsi üçün imkanlar yaranmalıdır. Başqa dövlətlər passiv olanda Çin bu passivlikdən öz məqsədləri üçün istifadə edir. Üstəgəl, Şimalı Koreyanın nüvə sınaqlarını artırması bölgə ölkələrinin ciddi narahatlığına səbəb olur. Şimali Koreyanın Çinlə çox sıx bağlılığı var. Çin yeganə dövlətdir ki, Şimali Koreyaya təsir imkanları var. Amma hiss olunur ki, rəsmi Pekinin Pxenyana təsir etmək fikri yoxdur. Əksinə Şimali Koreya nüvə kartından Amerika və Amerikaya müttəfiq olan dövlətlərə - Hindistan, Yaponiya, Avstraliya ciddi problemlər yaradır. Ona görə də bu məsələləri müzakirə etməsi üçün Baydenin Seulda, Tokioda müzakirələr aparmasına ehtiyac var. Üstəgəl də Çinin artan fəallığı fonunda Amerika çalışır ki, indi Cənubi Koreya və Yaponiya arasında sıx bir birlik yaransın. I Dünya müharibəsindən sonra Koreya və Yaponiya arasında münasibətlər hər zaman gərgin olub.

Yaponiya uzun illər imperiya dövründə Koreyanı işğal altında saxlayıb. Bir sözlə koreyalılara çox böyük zülmlər edib. İmperiya dağıldı, Yaponiya demokratik ölkəyə çevrilsə də, münasibətlərdə hər zaman suallar qalır. Amma son vaxtlar Çin və Şimali Koreya təhlükəsi fonunda bu iki dövlət, yəni Yaponiya və Cənubi Koreya arasında yaxınlaşma müşahidə olunur. Amerika da çalışır ki, bu birlik formasına gəlsin, bu iki dövlət arasında fikir ayrılığı olmasın. Bu olanda Şimali Koreya ilə Çinin maraqlarına uyğun olur. Bayden yəqin ki, bu məsələləri Seul və Tokioda müzakirə edəcək”.

 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR