İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ antiterror tədbirlərinin qarşısını almaq istəyib - İstanbul görüşünün sirləri

1268 06.10.2023 13:35 Siyasət A A

Ukrayna böhranı səbəbindən “soyuq müharibə” yaşayan Rusiya, ABŞ və Amerika rəsmiləri Xankəndiyə görə biraraya gələ biliblər; Qərb “boz zona”nın ləğvinin əleyhinə çıxıb - təhlil

ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən iki gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı İstanbulda gizli danışıqlar aparıblar.

“Yeni Müsavat” xatırladır ki, bu barədə “Politico” nəşrinin yaydığı informasiya artıq Rusiya rəsmiləri tərəfindən də təsdiqlənib. Putinin köməkçisi Dmitri Peskov, eləcə də XİN nümayəndəsi Mariya Zaxarova açıqlamalarında bu formatda görüşün olduğunu etiraf ediblər. Lakin Peskov deyib ki, nəşrin yazısında qeyri-dəqiqliklər də çoxdur. Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, görüş sentyabrın 17-də keçirilib. Görüşdə Xankəndiyə gedən yük maşınlarının necə hərəkət etməsi, ərzaq və yanacaq təchizatının çatdırılması müzakirə edilib. ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib. Zaxarova görüşün gizli olmadığını vurğulayıb və qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Ən maraqlı nüanslardan biri ABŞ, AB və Rusiyanın görüş keçirməsi və heç vaxt ortaq mövqe nümayiş etdirməyən Qərbin bu məsələdə Rusiya ilə “birləşə” bilməsidir. Ukrayna böhranı iki qütb yaratdığı halda, Qarabağ məsələsi bu güc mərkəzlərini bir araya gətirə bilib. Elə “Politico” nəşri də bu güclərin Qarabağ məsələsində “birləşməsinə” təəccübünü gizlətməyib. Kremlin sözçüsü “Qarabağla bağlı müəyyən təmasların olduğunu” deyib, “Onların təsvir etdiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var”, -  Peskov əlavə edib. Beləliklə, yayılan bu informasiyalardan ehtimal etmək olar ki, ABŞ və Avropa Birliyi antiterror tədbirlərinin qarşısını almaq istəyiblər. Bunun üçün də Rusiya sülhməramlılarının Qarabağda olmasından istifadə edərək onları da öz mövqelərinə tərəf çəkmək niyyətində olublar. Bu görüşdən cəmi 2 gün sonra - 19 sentyabrda isə Azərbaycan Ordusunun ildırımsürətli antiterror tədbiri keçirməsi və 24 saat müddətində bütün problemləri həll etməsi diqqət çəkir. Belə ki, Qarabağın “blokadası” ətrafında regiondan kənar böyük güclərin qurmağa çalışdığı oyunu Bakı gözlənilmədən darmadağın edib və hər kəsi fakt qarşısında qoyub.

Yeri gəlmişkən, bu yaxınlarda belə iddialar da tirajlanırdı ki, ABŞ və AB Bakının “boz zona”nı tezliklə təmizləyəcəyini gözləmirmiş və onlar üçün sürpriz olub. Yəni Qərb cinahı separatçı bölgədə qondarma respublikanın və qanunsuz silahlı birləşmələrin demilitarizasiyasına qarşı çıxıblar. Ukraynada Luqansk və Donetsk separatçılarına qarşı mübarizəni dəstəkləyən beynəlxalq koalisiyanın Xankəndidə eyni ocağın qalmasında hansı marağının olması da düşündürücüdür. Elə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin də “Euronews” telekanalına verdiyi müsahibədə söylədikləri bu niyyəti üzə çıxarır. Sitat: “Biz görürük ki, bu hərbi əməliyyat, orada hərbi mövcudluğu olmayan Avropa İttifaqından fərqli olaraq, hadisə yerində olan Rusiyanın zərrə qədər reaksiyası olmadan başlanıb”. Bunun izahı nədir? Mişel demək istəyir ki, sülhməramlı qüvvələr antiterror tədbirlərinə müqavimət göstərməliydi, ya necə?

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” -  27.09.2021, Sputnik Azərbaycan

 Tofiq Abbasov

“Yeni Müsavat”ın sualını cavablandıran AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasov Azərbaycanın legitim əsaslarla antiterror tədbirləri həyata keçirdiyini xatırlatdı. T.Abbasov qeyd etdi ki, adıçəkilən həmin ölkələr antiterror tədbirlərinin beynəlxalq hüquqa uyğun və legitim şəkildə həyata keçirildiyini bilə-bilə yenə də bizə qara yaxmağa çalışırlar. Politoloq vurğuladı ki, onların gözündə guya biz beynəlxalq qanunları pozmuşuq, “yazıq” erməniləri “qırmışıq”, hamısını bölgədən qovmuşuq: “Əlbəttə ki, yalandır. Biz antiterror tədbirlərindən əvvəl 9 vətəndaşımızı mina terrorunda itirdik. Amma Qərb rəsmiləri, dünya mediası sanki bunu görmür, bilmir, kordurlar, yaxud xəbərsizdirlər. Müharibədən əvvəl Araik və digər quldurlar gizlənmişdilər, sonra atəşkəs oldu və yenə ortaya çıxdılar, bizə "meydan oxumağa" başladılar. Azərbaycan bir daha xəbərdarlıq etdi ki, gəlin reallıqla barışın, reinteqrasiya başlasın. Onlar bundan da imtina etdilər. Və nəticəsi göz qabağındadır. Bütün bunları Qərb gözəl bilir. Amma biz görürük ki, ABŞ, Fransa, Almaniya Ermənistanın bütün bu müharibə cinayətlərini sıfırlayıb, 1 milyon insanın ev-eşiyindən didərgin düşməsini, Ermənistanın etnik təmizləmə aparmasını yaddan çıxarıb, bizim üstümüzə düşüblər. Amma biz unutmamışıq. Üstəlik, erməniləri Qarabağdan qovmuruq", - deyə T.Abbasov bildirdi.

Onun sözlərinə görə, ermənilər iddia edir ki, guya 100 mindən çox adam Qarabağdan köçüb: “Yalandır, cəmi 30 min olar, ya olmaz... Onların gedişində də məqsəd budur ki, pul alsınlar. Amma kimlər ki Azərbaycan vətəndaşlığını qəbul edirlər, düz qərar verirlər. Gedənlər də gülə-gülə, rahat şəkildə çıxdılar. BMT missiyası da yerindəcə vəziyyətlə tanış oldu, rəyini açıqladı, indi Avropa İttifaqı məsələ qaldırır ki, beynəlxalq missiya monitorinq aparmalıdır. Niyə olmalıdır? Onların məqsədi agentura şəbəkəsini genişləndirməkdir. Prezident Praqada demişdi ki, onları buraxmayacağıq. Zaman göstərdi ki, doğru qərar imiş. Biz ərazilərimizi separatçılardan təmizləmişik, terrorçu liderlərini həbs etmişik. Bəyəm kollektiv Qərb görmür ki, qeyri-qanuni, insanları əsarətdə saxlayan bir rejim idi? Ona görə bizim verəcək cavablarımız çoxdur. Ən əsası isə çox şükür ki, Türkiyə kimi müttəfiqimiz var və şərait də elə yaranıb ki, bölgə dövlətləri ilə birgə regionun məsələlərini həll edəcəyik, bizə kənar güclər lazım deyil”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova İstanbul görüşünün təşəbbüskarı ABŞ və AB olduğunu düşünür: “Görüş Türkiyədə olubsa, qardaş ölkə təmsilçisinin də iştirakı istisna deyil. Amma bu haqda hər hansı məlumat yayılmadığı üçün söyləmək çətindir. Görünür ki, Rusiya da danışıqlardan imtina etməyib. Hətta təkcə Qarabağ yox, elə Ukrayna münaqişəsinin də müzakirə olunduğunu təxmin etmək olar. Yəni bu güc mərkəzləri yalnız Qarabağa görə toplaşmayıblar. Sadəcə, antiterror tədbirləri keçiriləcəyi ilə bağlı öncədən Qərbdə informasiyalar ola bilərdi. Bunun əsasında danışıqlar aparıblar. Hətta Rusiyadan bunun qarşısını almaq istənilə bilər. Amma biz səliqəli əməliyyat keçirdik, bir sutka belə tamam olmamış separatçılar ağ bayraq qaldırdılar və bir dinc erməninin burnu qanamadı”. Təhlilçi güman edir ki, Qarabağda “status-kvo” Qərbə lazım imiş: “Amma biz separatizmin varlığına daha artıq dözə bilməzdik. Avropa Birliyi və Amerika yaxşı bilir ki, mülki əhali zərər görməyib. Ümumiyyətlə, Qərb bu məsələdə Rusiyaya görə Ermənistanı dəstəkləyir. Ona görə obyektivliyi itirib bizə haqsız tənqidlər, ittihamlar səsləndirirlər. Artıq hər şey bitib, vətəndaş olmaq istəyənlərin qeydiyyatı başlanıb, Qərb görə bilər ki, Azərbaycan heç bir təzyiq siyasəti yürütmür”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR