İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “4-cü bənd”lə bağlı hərəkətə keçir, Putin isə emissarını Bakıya göndərir

914 08.07.2023 10:00 Siyasət A A

Qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması Rusiyanın vecinə də deyil, Amerika isə...; Qriqoryanın Vaşinqton səfərinin mübhəmləri

Artıq şəkk-şübhə yoxdur ki, Rusiya “sülhməramlı” kontingentin müvəqqəti nəzarət zonasında olan qanunsuz erməni silahlı birləşmələri ərazimizdən çıxarılmayınca Azərbaycan və Ermənistan arasında sülh anlaşması çətin olacaq.

Ən azından Ermənistan və Rusiya silahlı terrorçulardan ölkəmizə qarşı təzyiq rıçaqı kimi yararlanmağa davam edəcəklər. Halbuki 20 noyabr (2020) üçtərəfli sənədi bunun tam əksini onlardan tələb edir (4-cü bənd).

Təsadüfi deyil ki, Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bir daha bu məsələdə sərt və prinsipial mövqeyini ortaya qoydu: “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”. Dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməli və tərxis olunmalıdır.

Lakin hələ ki qanunsuz dəstələrin Qarabağdan çıxarılması və ya tərk-silah edilməsi Rusiyanın vecinə deyil. Bu fonda nə qədər qəribə görünsə də, indi ən çox ABŞ 4-cü bəndin reallaşması üçün fəallıq göstərir. Söz yox ki, məsələdə Birləşmiş Ştatların öz marağı var. Çünki o halda Moskvanın separatizm kartı hesabına sülh müqaviləsinə əngəl olmaq imkanı zəifləyəcək və enində-sonunda bölgədən çıxmalı olacaq.

Ancaq əsas odur ki, bu Azərbaycanı da qane edir. Məlumatlara görə, 27-29 iyun aralığında Vaşinqtonda Azərbaycan və Ermənistan XIN rəhbərləri səviyyəsində sülh danışıqlarında əsas müzakirə mövzularından biri və birincisi elə erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı olub. Danışıqların ardından isə ABŞ-ın Ermənistandakı səfiri ilk dəfə olaraq, Qarabağdakı ermənilərin Azərbaycan tərkibində təhlükəsiz yaşayacağına əminlik ifadə eləməsi diqqət çəkdi.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın tələm-tələsik ABŞ səfəri (hazırda Amerikadadır - red.) Türkiyə-Azərbaycan tandeminin tələbi ilə Qarabağ "müdafiə ordusunun" (Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı qanunsuz erməni silahlı dəstə nəzərdə tutulur - red.) təcili olaraq ləğv edilməsinin zəruriliyi ilə bağlıdır".

Bunu isə erməni politoloq Artur Tovmasyan deyib. Onun sözlərinə görə, Qərbin təzyiqi altında İrəvan separatçıbaşı Araik Arutyunyanı silahlı dəstələri ləğv etməyə inandırmağa çalışacaq, ancaq “xalqın” narazılığından qorxan Araik üsyandan ehtiyat edir. Tovmasyan iddia edib ki, buna görə Araik və ətrafına “həyat və təhlükəsizlik zəmanətləri” təklif olunur.

Xatırladaq ki, cəmi iki həftə sonra - iyulun 21-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarı Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında daha bir üçtərəfli görüş nəzərdə tutulur.

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sülh danışıqlarına hazırdır” - BBC  News Azərbaycanca

Yeri gəlmişkən, Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmaya hazır deyil. Paşinyana görə, bunun üçün şərait yetişməyib: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinqtonda qeydə alınan müsbət məqamlar nəzərə alınacaq”. O həmçinin iddia edib ki, Qarabağda Ermənistan ordusuna aid bir hərbi qulluqçu yoxdur və orada olanlar “özünümüdafiə qüvvələridir”.

Sülh sazişinin imzalanmasından ötrü ən vacib məqamlardan biri və hətta birincisi isə erməni qanunsuz dəstələr və oyuncaq rejimlə bağlı Bakının haqlı və qanuni tələbinin reallaşmasıdır. Brüsseldəki növbəti zirvə görüşünədək bu yöndə hansısa pozitiv dəyişiklik, gəlişmə və ya dinamika mümkündürmü? Rusiya buna nə dərəcədə əngəl ola biləcək?

Bu arada məlum olub ki, Azərbaycan-Ermənistan danışıqlarında Rusiya XİN-in xüsusi nümayəndəsi İqor Xovayev tezliklə Bakıya gələcək. Bunu XİN-in sözçüsü Mariya Zaxarova deyib. Ancaq tarix hələ bəlli deyil.

Beləliklə, bu ərəfədə ABŞ və Rusiya regionda dominantlıq uğrunda rəqabətdədir. Bizə isə Qərbin burada nüfuzunun artması fonunda separatçı güclərin çıxarılması lazımdır, nəinki Rusiyanın maraqlarına xidmət edən hazırkı vəziyyət...

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluna görə, Qarabağ separatçıları əvvəlkitək Rusiya hərbi kontingentinin müşayiəti ilə bir məntəqədən o birisinə silah daşımaqda davam edirlər: “Bu təxribatın sadə səbəbi var - separatçılar bilirlər ki, Rusiya hərbi kontingentinin müşayiəti olmasa, hərbi texnikaları havadan vurulacaq. Erməni separatçılarını müşayiət edən Rusiya hərbi kontingenti Kreml sahibinin əmrini yerinə yetirir”.

Ekspertin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya Prezidenti Vladimir Putinə zəng etməsi maraqlıdır: “Kremldən yayılan açıqlamada telefon danışığının Paşinyanın təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. Paşinyanın narahatlığı bölgədə gərginliyin artması ilə bağlıdır. O, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaya biləcəyindən narahatdır. Onun Putinə zəngi xəbərçilik anlamı daşıyır. Halbuki Putinə bölgədəki vəziyyət barədə hər gün kəşfiyyat məlumatları çatdırılır və onun Paşinyanın məlumatlarına ehtiyacı yoxdur”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Birləşmiş Ştatların parlamentarilərinin çıxışları hər kəsə məlumdur: “Artıq ilyarımdır ki, Vaşinqtonun Cənubi Qafqazdakı proseslərə yanaşmasında ciddi dəyişikliklər var. Dəyişikliklər ondan xəbər verir ki, onlar bölgədəki reallığı qəbul ediblər. ABŞ, Azərbaycan, Ermənistan arasında anlaşma mövcuddur. Anlaşma ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmalı və oradakı separatçı qurum ləğv edilməlidir. Ermənistanda müxalifətin bu məsələyə necə yanaşmasından asılı olmayaraq, reallıq odur ki, həmin ölkənin vətəndaşları tərəfindən də bu məsələ qəbul edilməkdədir. Əgər belə olmasaydı, bu gün İrəvanda mitinqlərin şahidi olardıq. Qarabağın dağlıq hissəsində qondarma separatçı qurumun institutlarının və hərbi birləşmələrin ləğvi qaçılmazdır”.

Politoloqun fikrincə, bəzi qüvvələr buna qarşı hələ də mübarizə aparır, ancaq bu, yeni müharibə və antiterror əməliyyatı deməkdir: “Biz qan tökülmədən bu məsələləri həll etmək istəyirik”. 

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının bildirdiyinə görə, Paşinyan iddia edir ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur: “Nikol təkzib taktikasını davam etdirsə də, "Qisas 2" əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini zəiflədir. Bakı iki erməni hərbçinin meyitini nümayişkaranə formada qaytarmaqla Qarabağda erməni ordusunun qaldığı faktını beynəlxalq müstəvidə göstərdi və onlara qarşı atacağı addımları legitimləşdirdi. Bu faktdan sonra Paşinyanın “Qarabağda erməni ordusu yoxdur” iddiasını yenidən davam etdirməsi o deməkdir ki, çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq, mümkün əməliyyatlarda məhv edilən bu hərbçilərin meyitləri İrəvana qaytarılmayacaq".

Təhlilçi hesab edir ki, bu, Paşinyan hökumətini həmin hərbçilərin ailələri qarşısında çətin vəziyyətə sala bilər: “44 günlük müharibədən sonra Ermənistan hökumətinin ölən hərbçilərin yaxınları ilə problemləri hələ də davam edir. Nikolun iddiasından əl çəkməməsi və erməni qoşunlarını çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR