İnsanlara hürriyət, millətlərə istiqlal!

Abituriyentlərə son xəbərdarlıq: Bu ixtisaslarda ballar yüksələcək  

689 08.07.2026 13:15 Ölkə A A

II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinin başa çatması ilə abituriyentlər üçün ən həyəcanlı dövr başlayıb. İndi əsas diqqət Dövlət İmtahan Mərkəzinin açıqlayacağı nəticələrə və ixtisas seçimi zamanı formalaşacaq keçid ballarına yönəlib. Təhsil ekspertləri hesab edirlər ki, bu il xüsusilə III ixtisas qrupu üzrə rəqabət əvvəlki illərlə müqayisədə daha sərt olacaq. Bunun əsas səbəbi ikinci cəhddə nəticəsini yaxşılaşdıran abituriyentlərin sayının çox olması və plan yerlərinə nisbətən müraciət edənlərin sayının xeyli yüksək olmasıdır. Bəs builki qəbul kampaniyası hansı yeniliklərlə yadda qalacaq? Hansı ixtisaslarda keçid ballarının artacağı, hansılarında isə enəcəyi gözlənilir? İxtisas seçimi zamanı abituriyentlər nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:

"Bəli, ali təhsil müəssisələrinə 2026–2027-ci tədris ili üçün keçirilən qəbul imtahanları II və III ixtisas qrupları üzrə artıq başa çatıb. Qarşıda bizi yalnız bu həftəsonu I və IV ixtisas qrupları üzrə keçiriləcək son blok imtahanları gözləyir. Həmin imtahanlardan sonra demək olar ki, ali təhsil müəssisələrinə qəbul prosesi üzrə imtahan mərhələsi tam yekunlaşmış olacaq.

Hazırkı vəziyyəti dəyərləndirdikdə görürük ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarının nəticələri hələ açıqlanmayıb. Gözlənilir ki, nəticələr təxminən iki həftə ərzində elan olunsun. Mövcud vəziyyət onu göstərir ki, II və III ixtisas qrupları üzrə abituriyentlər blok imtahanının ikinci cəhdində birinci cəhdlə müqayisədə daha yaxşı nəticələr əldə ediblər. Bunu həm abituriyentlər arasında apardığımız sorğuların nəticələrinə, həm də ümumi iştirakçı statistikasına əsasən demək mümkündür. Bütün bunlar onu göstərir ki, builki müsabiqə daha gərgin keçəcək".

İş təcrübəsi olmayanların iş ilə təminatı mümkün olmur"

Elçin Əfəndi bildirib ki, iştirakçı sayı plan yerlərini xeyli üstələdiyindən rəqabət daha da artacaq:

"Belə ki, II ixtisas qrupu üzrə 28 min 600, III ixtisas qrupu üzrə isə 28 min 300 nəfər müraciət edib. Halbuki II ixtisas qrupu üzrə ayrılan plan yerlərinin sayı təxminən 15 min, III ixtisas qrupu üzrə isə 16 minə yaxındır. Bu isə o deməkdir ki, hər iki ixtisas qrupu üzrə 13–14 minə yaxın abituriyent plan yerlərindən kənarda qalacaq və iştirakçı sayının çoxluğu müsabiqəni daha da gərginləşdirəcək".

Ekspert hesab edir ki, bu il keçid ballarında da müəyyən dəyişikliklər olacaq:

"Xüsusilə də II ixtisas qrupunda balların daha çox yüksəlməsi gözlənilir. III ixtisas qrupunda isə II qrupla müqayisədə kəskin artım deyil, daha çox perspektivli ixtisaslar üzrə müəyyən bal dəyişikliklərinin baş verəcəyi ehtimal olunur.

I və IV ixtisas qruplarına gəlincə, IV ixtisas qrupunda Qarabağ Universitetində stomatologiya ixtisası və bir neçə yeni ixtisas açılır. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də yeni ixtisasların yaradılması nəzərdə tutulub. Bu isə həm I, həm də IV ixtisas qrupları üzrə plan yerlərinin müəyyən qədər artması deməkdir.

Lakin müqayisə apardıqda görürük ki, I ixtisas qrupunda iştirakçı sayı ötən illə müqayisədə təxminən 2–3 min nəfər artıb. IV ixtisas qrupunda isə müraciət edənlərin sayı demək olar ki, ötən ilin göstəriciləri ilə eyni səviyyədədir. Bununla belə, IV ixtisas qrupu üzrə ayrılan plan yerlərinin sayı təxminən 4 min olduğu üçün burada da 2500–2600 abituriyentin müsabiqədən kənarda qalacağı ehtimal edilir.

Nəticələr və plan yerləri baxımından müqayisə apardıqda demək olar ki, Qarabağ Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində açılacaq yeni ixtisaslar plan yerlərinin artmasına səbəb olacaq. Bu da bəzi ixtisas istiqamətləri üzrə keçid ballarının müəyyən qədər aşağı düşməsinə şərait yarada bilər.

Lakin prestijli ixtisaslarda vəziyyət fərqli olacaq. Xüsusilə paytaxtdakı ali təhsil müəssisələrində tibb, stomatologiya, biotexnologiya və psixologiya kimi ixtisaslar üzrə keçid ballarında müəyyən artımın müşahidə olunacağı gözlənilir.

I ixtisas qrupunun həm kimya, həm də informatika altqruplarında imtahan verəcək abituriyentlər xüsusilə diqqətli olmalıdırlar. Çünki bu istiqamətlər üzrə də iştirakçı sayı artıb".

Elçin Əfəndi abituriyentlərə ixtisas seçimi zamanı tələsməməyi tövsiyə edib:

"Ümumiyyətlə, ixtisas seçimi zamanı abituriyentlərə tövsiyə edərdim ki, qərarlarını təkbaşına verməsinlər. Ən azı 15–20 illik təcrübəyə malik sahə mütəxəssislərinin rəylərini alsınlar və seçimlərini onların tövsiyələri əsasında dəqiqləşdirsinlər.

Bundan əlavə, əmək bazarı mütləq araşdırılmalıdır. Hansı ixtisaslara real tələbat varsa, məhz həmin istiqamətlərə üstünlük verilməsi daha məqsədəuyğundur.

Eyni zamanda, seçilən ixtisasın beynəlxalq statusa malik olub-olmamasına da diqqət yetirmək vacibdir. Əgər abituriyent gələcəkdə xaricdə təhsilini davam etdirməyi və ya beynəlxalq əmək bazarında fəaliyyət göstərməyi planlaşdırırsa, seçəcəyi ixtisasın beynəlxalq səviyyədə tanınması mühüm əhəmiyyət daşıyır".

Elçin Əfəndi valideynlərə və abituriyentlərə illik təhsil haqqını da düzgün qiymətləndirməyi tövsiyə edib:

"Abituriyentlər illik təhsil haqqını da mütləq nəzərə almalıdırlar. Çünki yüksək təhsil haqqı sonradan həmin ödənişlərin qarşılanmasında çətinlik yarada və nəticədə tələbənin təhsilini yarımçıq qoymasına səbəb ola bilər.

Buna görə də ixtisas seçimi zamanı tələsik qərar vermək düzgün deyil. Yaxşı olar ki, bu prosesdə mütləq peşəkar mütəxəssislərlə məsləhətləşərək, bütün amilləri nəzərə alıb yekun qərar versinlər".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR