İnsanlara hürriyət, millətlərə istiqlal!

8 ay davam edən XƏYANƏT onları yıxa bilmədi - SENSASİON gözdağı ssenarisi

3234 09.05.2023 17:51 Son xəbər A A

“İran yerdə sürünən və tamamilə təcrid vəziyyətinə düşən diplomatik münasibətlərini yenidən inşa etmək üçün ciddi səy göstərir. İranın qonşu ərəb ölkələrinə yönəlik bu münasibəti xüsusilə nəzərə çarpır. Digər tərəfdən isə xaricdə bəslədiyi lobbi çevrələrinin yardımı ilə yenidən nüvə müzakirələrini canlandırıb dünyanın diqqətini bu istiqamətə cəlb edərək ölkə daxilində yeni repressiya dalğalarını yola salmaq niyyətindədir”.

Bu sözləri Musavat.com-a açıqlamasında Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk deyib.

göytürk.jpg (14 KB)

Siyasi şərhçi bildirib ki, İran rəsmilərinin xaricdə qismən yumşalma görüntüsü yaratma cəhdlərinin əksinə daxildə müxaliflərə qarşı repressiyaları daha da kəskinləşdirməsi yeni bir məsələ olmasa da, bu metod dünyanın gözünü boyamaqda bu günə qədər təsirli olub:

“Həmişə vurğuladığım kimi, İranda yeganə siyasi hərəkat cərəyan etmir. Burada fərqli hədəfləri, sosial bazası, fərqli inkişaf istiqamətləri olan müxtəlif hərəkatlardan söhbət gedə bilər. Qadınlar hərəkatı, qeyri-fars millətlərinin milli hərəkatları, rejim və ya hakimiyyət dəyişikliyi ilə kifayətlənən siyasi hərəkatlar, din adı altında mövhumata qarşı aydınlıq hərəkatları və s. Son 8 ayın proseslərində bu hərəkatların yanaşı inkişaf etdiyinə şahid olsaq da, proseslərin davamında eyni taleyi yaşamadıqları aşkardır. Məsələn, qadın haqq və azadlıqları uğrunda hərəkat molla rejiminin ideoloji divarlarını yıxmağı bacardı və əldə etdiyi nailiyyətləri qorumaq üçün mübarizəsini bu gün də davam etdirir. İranda inqilabi dəyişim tələblərini hakimiyyət, uzaqbaşı rejim dəyişikliyi ilə məhdudlaşdırmaq istəyən cərəyanların istisnasız olaraq bu proseslərdə sinifdə qaldıqlarını və ilk tərs əsən küləkdə sovrulub dağıldıqlarını, parçalandıqlarını hamımız gördük. Qeyri-fars millətlərin milli hərəkatları fars müxalifətinin və məlum bir sıra xarici dövlətlərin xəyanətinə baxmayaraq, öz inkişaf yolunu əmin addımlarla qət etməkdə davam edir.

Güney Azərbaycanda cərəyan edən milli hərəkata gəldikdə, son 8 ayın prosesləri bizim güclü tərəflərimizlə yanaşı, axsayan tərəflərimizi də göstərdi. Xüsusilə vahid milli təşkilatlanmanın zərurəti hər zamandan daha qabarıq şəkildə gözə çarpdı. 7 mayda yaradıldığını elan etdiyimiz Güney Azərbaycan Milli Dövlətçilik Şurası məhz bu zərurətin nəticəsi olaraq ortaya çıxıb”.

guney.jpg (365 KB)

Çingiz Göytürkün sözlərinə görə, İranda son 8 ayda cərəyan edən proseslərdə qeyri-fars millətlərin milli hərəkatlarının ön plana çıxdığının şahidi olduq:

“Xüsusilə bəlucların geniş həcmli, təşkilatlanmış fəallığı rejim nümayəndələri üçün gözlənilməz idi. Bu proseslərdə rejimin silahlı qüvvələri başda Zahidan olmaqla Bəlucistanın müxtəlif şəhərlərini dəfələrlə qana boyasalar da, Bəlucistan geri addım atmadı, etiraz aksiyalarını davam etdirdi. Bəlucların müqaviməti İranda bu günə qədər davam edən müqavimətin ayaqda qalmasında önəmli rol oynadı. Məhz buna görə də rejim Bəlucistanda kütləvi edamlarla bir tərəfdən bu bölgədə davam edən etirazları dayandırmaq, digər tərəfdən isə İranda etirazları davam etdirməkdə israrlı olan qruplara gözdağı vermək niyyətindədir. Edamlar sadəcə bəluclara yönəlik deyil. 3 gün öncə “Ələhvaz” ərəb milli hərəkatının liderlərindən olan, 2020-ci ildə Türkiyədən oğurlanıb İrana qaçırılan Həbib Əssiudun (Həbib Kəəbi) edamının da şahidi olduq. Bütün bunlar İranın repressiya maşınının istiqamətini qeyri-fars millətlərin milli hərəkatına yönləndirdiyinin açıq göstəricisidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR