İnsanlara hürriyət, millətlərə istiqlal!

7 fevraldan sonra yeni dövr başlayır - mövqe

1983 23.01.2024 15:00 Siyasət A A

Partiya sədri: “Təkcə kadr dəyişikliklərindən söhbət getməməlidir, yanaşmalarda, hökumətin iş prinsiplərində yeniliklər olmalıdır, məmur-vətəndaş münasibətləri tənzimlənməlidir”

7 fevral növbədənkənar prezident seçkisində İlham Əliyevin qalib gələcəyi şəksizdir. Cəmiyyətdə bu fikir birmənalı formalaşıb və seçkiyə gedən insanların böyük əksəriyyətinin məhz İlham Əliyevə səs verəcəyi məlumdur. Böyük bir mərhələni böyük qələbə ilə yekunlaşdıran Prezident İlham Əliyevi xalq növbəti mərhələ üçün də özünün lideri kimi görmək istəyir. 

Xalq onu qalib edən Prezidentini seçkidə qalib etməklə növbəti mərhələdə gözləntilərinin reallaşdırılacağını gözləyir. Prezident İlham Əliyevin seçki kampaniyası başlayandan sonra yerli televiziyalara müsahibəsində bir mərhələnin artıq arxada qaldığını, yeni dövrün başlandığını bəyan etməsi də təsadüfi deyildi. Yeni dövrün inşası prosesi isə 7 fevraldan sonra start götürəcək. Məlumatlara görə, idarəetmədə, hökumətdə böyük dəyişikliklər reallaşdırılacaq. Seçkidə xalqın yüksək səsini qazanan Prezident İlham Əliyev yeni komandasını elan edəcək. Məlumatlara görə, Nazirlər Kabinetində ciddi dəyişikliklər ediləcək. Yeni dövr növbədənkənar prezident seçkisindən sonra kadr islahatlarının keçirilməsi ilə elan olunmuş olacaq. 

Hikmət Babaoğlu: “ABŞ Prezidenti Azərbaycanın rolunu qlobal kontekstdə  qiymətləndirir”

Hikmət Babaoğlu

Artıq hakim partiyanın bəzi deputatları da bunun anonsunu veriblər. Məsələn, deputat Hikmət Babaoğlu iki həftə öncə bildirmişdi ki, şübhəsiz, hazırkı mərhələdə və bundan sonra da idarəetmənin təkmilləşdirilməsi, kadr ehtiyatlarının yaxşılaşdırılması, vətəndaşa xidmətin yüksək səviyyədə edilməsi üçün islahatların keçirilməsi lazımdır: “Cənab Prezident də ardıcıl olaraq bu sahədə yenilənmə həyata keçirir. İndiyə qədərki idarəetməni nəzərə alsaq, seçkilərə qədər də, seçkilərdən sonra da idarəetmədə yenilənmə mümkündür. Ümumilikdə növbədənkənar prezident seçkisi ölkəmizin ictimai-siyasi mühitində yeni proseslərin start nöqtəsi ola bilər”.

Siyasi ekspertlər də hesab edir ki, növbədənkənar prezident seçkisini şərtləndirən amillərdən biri elə seçkidən sonra ciddi islahatlara gediləcəyidir. Xüsusilə də idarəetmə sahəsində bir sıra islahatlara gediləcək və gedilməlidir. Ehtimallara görə, Vitse-prezidentlik institutunun gücləndiriləcəyi, Nazirlər Kabinetinin bəzi səlahiyyətlərinin ona veriləcəyi istisna deyil.

Rayon icra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğv olunacağı, əvəzində isə Prezidentin səlahiyyətli nümayəndəliklərinin yaradılacağı da mümkün variantlardan biridir. Məlumdur ki, artıq bir müddətdir işğaldan azad edilmiş rayonlarımıza Prezidentin səlahiyyətli nümayəndələri təyin edilib və onlar fəaliyyət göstərirlər. Bu təcrübənin bir qədər də genişləndirilməsi və bütün rayonlara tətbiq edilməsi gözləniləndir. Bunun anonsu da Azərbaycan Prezidenti tərəfindən verilib. 

Yerli idarəçiliyin bələdiyyələrə verilməsi, bələdiyyələrin səlahiyyətlərinin bir qədər artırılması, yerli özünü idarəetmə orqanları olaraq yerlərdə idarəetmə səlahiyyətlərinin tam olaraq bələdiyyələrə verilməsi də gözləntilərdən sayılır.

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

Tural Abbaslı

Müxalifət düşərgəsi də 7 fevraldan sonra ölkədə xalqın rifahını, dövlətçiliyi daha da gücləndirəcək dəyişiklikləri gözləyir və istəyir. Bu barədə “Yeni Müsavat”a şərhində AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, İlham Əliyevin problemsiz seçiləcəyi aydındır. Ona görə də hazırda seçkidən sonrakı dönəm müzakirə olunur: “Seçkidən sonra ölkədə ciddi dəyişikliklər olmalıdır. Gözləntilər kifayət qədərdir. Ancaq təkcə kadr dəyişikliklərindən söhbət getməməlidir. Əsas məsələ yanaşmalarda, hökumətin iş prinsiplərində dəyişikliklər olmalıdır, məmur-vətəndaş münasibətləri tənzimlənməlidir. Bunlar və digər məsələlərdə dəyişikliklər olmalıdır ki, kadr dəyişiklikləri də effektli olsun. Dəyişikliklər zəruridir. Xüsusilə sosial siyasətdə mütləq dəyişiklik olmalıdır. Sosial-iqtisadi sahədə, məhkəmə-hüquq sistemində ciddi islahatlara gedilməsi lazımdır. Bunlar köklü dəyişikliklər tələb edən sahələrdir. Gözləyək görək necə olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR