İnsanlara hürriyət, millətlərə istiqlal!

“520 manat pensiya alıram, onun 450-ni kirayəyə verirəm” – 77 yaşlı Murad Rzayev haradadır?

10303 19.11.2025 18:08 Gündəm A A

Azərbaycan musiqi mədəniyyətinin yaddaşında xüsusi yeri olan “Qarabağ bülbülləri” ansamblı illərlə həm məşhur səhnələri, həm də yüzlərlə gənc ifaçını yetişdirməsi ilə tanınıb. Bu kollektivi yaradan, onun adını ölkə hüdudlarından kənara çıxaran şəxs isə bir ömrünü musiqiyə həsr etmiş sənətkar – Murad Rzayevdir.

Musavat.com-un həmsöhbəti “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri, 77 yaşlı Murad Rzayevdir. Sənətkar həm ansamblın yaranma tarixindən, qarşılaşdığı çətinliklərdən, həm də bugünkü fəaliyyətindən danışıb.

-Murad bəy necəsiniz? Hazırda nə işlə məşğul olursunuz?

- Xırdalanda evdəyəm, sakitcə həyatımı yaşayıram. Efirlərə, müsahibələrə çağırırlar, amma getmirəm. Yubileyimizi keçirmək istəyirdim, oğlum rəhmətə getdi deyə işlər qaldı. İndi heç bir işlə məşğul olmuram. Bir tələbəm var, ancaq o fəaliyyət göstərir. Oğlumun il dönümü bu yaxınlarda oldu, müəyyən bir fasilədən sonra ansamblın konsertini təşkil etmək istərdim. Hərdən olub keçənləri fikirləşirəm, Azərbaycan mədəniyyətinə o boyda sənətkarlar yetişdirib vermişəm. Amma bu gün mənim nə evim, nə də fəxri adım var. Mənim ansamblımın üzvləri fəxri ad alıb, ancaq mən 77 yaşımda almamışam. Bəlkə də bu yaşdan sonra heç lazım deyil. Təki can sağlığı olsun.

-Qarabağ azad olunandan sonra oraya səfərləriniz oldumu?

-Əlbəttə oldu, gedib vaxtı ilə məşq etdiyimiz yerlərə baxdım. Evimizi, həyətimizi ziyarət etdim.

-Bir zamanlar Zeynəb Xanlarova ilə çalışmışınız. İndi onunla əlaqəniz varmı?

-Zeynəb Xanlarova ilə birgə o vaxtlar bir ay ərzində 3 dəfə Kremldə konsert verirdik. Ansamblımız o qədər sənətkarla birgə konsert verib ki. İndi isə Zeynəb Xanlarova ilə heç bir əlaqəm yoxdur. Eşitdiyimə görə, Zeynəb xanım indi Moskvadadır. Onunla görüşsəm, ona bir-iki söz deyərdim. Mənim sənətimlə bağlı vəziyyəti bilsəydi, Zeynəb xanım hay-küy qoparardı. İlhamə Quliyeva mənim dərdimi bilirdi, indi o, həyatda yoxdur. “Qarabağ bülbülləri” ansamblı Azərbaycan xalqının mənəvi sərvətidir. Buna niyə qiymət verilmir.

-Düşünürsünüz ki, əziyyətinizə qiymət verilmədi?


-Xalqımız mənə hörmət edir. Tələbələrim mükafatlar, adlar alır. Bu özü də böyük şeydir. Mənə ayrı hörmət lazım deyil. Allah mənə ömür verib, pis adamlara görə mən ölməyəcəyəm. Fikrim var ki, 150 illiyimi keçirəm. Mən xəstə olanda biri dedi, ansamblın rəhbəridir, biri dedi, Bayatı-Şirazı improvizasiya edib. Halbuki bu improvizasiyanı mən etmişəm. 50-yə yaxın musiqiçi onu oxuyub. İlk dəfə isə Tacir ifa edib. Ancaq mən xəstəxanada yatanda bunu öz adına çıxdı. 7-8 yaşında o improvizasiya yarada bilərdi?!

-Murad bəy dediniz ki, eviniz yoxdur. İndi bəs kimin evində qalırsınız?

-Kirayədə qalıram. Hər tələbəm 1 manat qoysa, mənə lap saray da alarlar. Ancaq mənə lazım deyil. 2001-ci ildən Bakının 7 yerində kirayədə yaşamışam. Biabırçılıqdır, utanıram. 520 manat pensiya alıram, onun 450 manatını kirayəyə verirəm. Həyat yoldaşım da pensiya alır, onun pulu ilə dolanırıq. 65 yaşım olan kimi məni işdən çıxardılar. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru idim.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR