İnsanlara hürriyət, millətlərə istiqlal!

28 maydan sonrakı Türkiyə - Ərdoğan komandasında gözlənilən dəyişikliklər

1277 27.05.2023 11:45 Siyasət A A

 





Qardaş Türkiyədə prezident seçkilərinin ikinci turuna bir gün qaldı. Hansısa “fors major” durum yaşanmazsa, əksər siyasi müşahidəçilərə və seçki texnoloqlarına görə, 28 may səsverməsinin qalibi hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacaq. Onun qələbə şansı 53-54 faiz arası qiymətləndirilr.

Mayın 24-də isə seçkinin ikinci turu ilə bağlı xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi bitib. Bu dəfə rekord sayda insan səs verib - 1.7 milyon nəfərdən çox. Belə bir aktivliyin əsas səbəbi nədir və xaricdə səslər daha çox Ərdoğana verilib, yoxsa “Bay Kamal”a?
Bu arada Fransadakı erməni diasporu Türkiyədə keçiriləcək prezident seçkilərinin 2-ci turunda Kamal Kılıçdaroğluya dəstək verib. Məsələ ilə bağlı danışan diaspor üzvlərindən biri açıqlamasında qeyd edib ki, ermənilər Ərdoğanın hakimiyyətdən getməsini istəyir: “Ərdoğan qalib gəlsə, Ermənistana münasibətdə heç bir dəyişiklik olmayacaq”.
Ümumiyyətlə, seçkilərin yekunu olaraq, Ərdoğanla Kılıçdaroğlu arasındakı səs fərqinin az olmasının seçki sonrası sabitliyə hər hansı təsiri mümkünmü?
Məsələ ondadır ki, Türkiyədə Qərbə bağlı müxalif medianın, satılmış jurnalistlərin bu arada xeyli fəallaşması, hətta Azərbaycan əleyhinə təbliğatı gücləndirməsi belə bir əndişəni yaradır. Yəni ölkə 28 maydan sonra qarışa bilərmi? Narahatlıq üçün əsas varmı?

Başqa bir məqam da var. Məlumdur ki, prezident Ərdoğan öz postunda qalacağı təqdirdə ölkənin hazırkı xarici siyasət kursunun dəyişikliyə məruz qalmayacağını söyləyib. Bəs komandasında necə, dəyişiklik olacaqmı? Hansı nazir(lər) gedə bilər? Müdafiə və xarici işlər nazirləri, MİT rəhbəri yerində qalacaqmı?

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Kılıçdaroğlu və ya İmamoğlunun da bu səhvi edəcəyini düşünmürəm”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli gərginliyin baş verməyəcəyinə tam əmindir: “Seçki sonrası sabitliyə, fikrimcə, ciddi təhlükə olmayacaq. Seçkilərdə məğlub olan müxalifət əgər tərəfdarlarını meydanlara səsləsə, özünə daha ziyan etmiş olar. Belə olan halda müxalifətin özündə çatlar yaranar və CHP meydanda tək qalar. Uzağı, bu çağırışa PKK terror təşkilatının siyasi uzantısı olan HDP dəstək verər. Heç CHP-nin özü Kılıçdaroğlu və ya İmamoğlunun ”küçələrə tökülüşün" çağırışına tam dəstək verməz. Bildiyiniz kimi, CHP-də mərhum Baykaldan qalan bir milli qol var, onların dövlətçiliyə sadiq qalacaqlarına əminəm. Kılıçdaroğlu və ya İmamoğlunun da bu cür səhv edəcəyini düşünmürəm. Onların ikisi də kifayət qədər təcrübəli siyasətçilərdir ki, bu cür yanlışlığa yol verməzlər. İmamoğlu ümumiyyətlə, özünü növbəti dönəmə hazırlayır.

Ona görə belə risklər etməz. Millətçi liderlər sayılan Yavaşla Akşener də belə şeyə qoy qoymazlar, ən azından siyasi gələcəklərinə görə. Qardaş ölkə Türkiyədəki indiyə qədər heç bir seçkidə olmayan aktivliyə gəldikdə, bu Türkiyənin bir ölkə kimi böyüdüyünün göstəricisidir. Mən böyük deyəndə əhalinin artımını nəzərdə tutmuram, Türkiyənin dünya siyasətində Osmanlı dönəmindən sonra ilk dəfə bu qədər çəkisinin, nüfuzunun artdığını deyirəm. Dövlətin çəkisi, nüfuzu artdıqca, vətəndaşı da özünü ölkəsinin gələcəyinə cavabdeh sayır və ələlxüsus da ölkəsinin gələcəyini dəyişəcək seçkilərdə canla-başla iştirak edir. “Vaşinqton Post”, “The Ekonomist” kimi dünyaca ünlü nəşrlər Türkiyədəki seçkiləri ilin seçkisi, dünyanın müqəddaratını həll edən seçkilər hesab edir. Bütün bunlar Türkiyəmizin nə qədər böyüdüyünün göstəricisidir. Və bu böyümə də Ərdoğanın dövründə baş verdi.

Xaricdəki səslərə gəldikdə isə, o baxır ölkəyə. Burda maraqlı nəticələr görə bilərik. Məsələn, yaxşı münasibətləri olduğu Rusiyada Kılıçdaroğlu qalib gəldi. Amma anti-Türkiyə ritorikası ilə seçilən Almaniya və Fransada Ərdoğan seçkiləri uddu".

Ə.Məmmədli iqtidar komandasında müəyyən dərəcədə dəyişiklikləri istisna etmir: “Ərdoğan seçiləcəyi təqdirdə təbii ki, hansısa nazirlər gedə, onların yerini yeniləri əvəzliyə bilər. Lakin fikrimcə, iqtidarın əsas sümüyü sayılan şəxslərlə yola davam ediləcək. AK Parti də böyük ölçüdə yeni komanda, yeni liderlə meydana çıxacaq”.

elxan-shukurlu-n-1-1024x830.jpg (77 KB)

Elxan Şükürlü: “Ərdoğan ikinci raundda yenidən hər hansı toqquşma olmadan üstünlüyünü təkrarlayacaqsa...”

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü çox vacib məqamlara aydınlıq gətirdi. Onun sözlərinə görə, Qərbin 14 mayda Türkiyədə ilk raundu uduzması bu seçkilərə böyük ümid bəsləyən Ermənistandakı və Azərbaycandakı Qərb şəbəkəsini də hədsiz məyus edib: “Ermənistanda ümid edirdilər ki, Ərdoğan uduzacaq və Kılıçdaroğlu qalib gələcəksə, bu, Türkiyənin yenidən tam şəkildə Qərbin iradəsi altına qaytarılması demək olacaq, bu halda isə Azərbaycanla sülh danışıqlarında və Rusiya ilə münasibətlərdə Paşinyanın mövqeyi güclənəcək.

Eyni qaydada, Azərbaycandakı Qərb şəbəkəsi də ona köklənmişdi ki, 14 mayda Ərdoğan uduzacaq, Kılıçdaroğlu qalib gələcək və nəticədə, İlham Əliyevin beynəlxalq müstəvidəki əsas siyasi dayaqlarından biri sıradan çıxacaq, beləliklə, Azərbaycan hakimiyyəti təklənəcək və zəifləyəcək, onu yıxmaq asanlaşacaq. Elə bu səbəbdən hələ də Azərbaycandakı və Ermənistandakı Qərb şəbəkəsi Türkiyə müxalifətindən daha çox seçkilərin saxtalaşdırıldığı iddiasını durmadan tirajlayır, Türkiyə dövlətinin və xalqının qazandığı böyük bir uğuru gözdən salmağa, ləkələməyə çalışır, 28 maya isə sönük ümidlərinin möcüzəylə gerçəkləşə biləcəyi son tarix kimi yanaşırlar.

Şübhəsiz ki, Ərdoğan ikinci raundda - 28 mayda da yenidən hər hansı toqquşma olmadan üstünlüyünü təkrarlayacaqsa, bu, Türkiyənin mövqeyinin ciddi şəkildə nəzərə alındığı digər geopolitik toqquşma bölgələrində - Qara dəniz hövzəsində gedən Rusiya-Ukrayna savaşında, Cənubi Qafqazda Ermənistan-Azərbaycan danışıqlarında və Mərkəzi Asiya ölkələriylə münasibətlərdə Qərbin təsir imkanlarını xeyli zəiflədəcək. Qərbpərəstlərin məyusluqları və depressiyanın yaratdığı qeyri-sabit davranışları həm də bununla bağlıdır".

Politoloq qənaətlərini də bölüşdü: “Qənaətim budur ki, 28 mayda Ərdoğan 14 maydakı uğurunu bu dəfə daha yaxşı göstəricilərlə təmin edəcək. Çünki psixoloji üstünlük tam şəkildə Ərdoğan tərəfdədir və üstəlik, Türkiyə cəmiyyəti də açıq-aşkar görür ki, onun müstəqil siyasət yürüdən liderini Qərb yıxmaq, ölkəsində qarışıqlıq salmaq istəyir. Bu faktın özü türk seçicisini daha dərindən düşünməyə və öz lideri ətrafında sıx birləşməyə sövq edəcək. Seçkidən sonra isə Ərdoğan xarici siyasətində ənənəvi kursu saxlamaqla, komandasında və daxili siyasətdə ciddi dəyişikliklər, yeniliklər edəcək. Çünki onun əleyhinə səs verənlər də Türkiyə əhalisidir və bu narazıların sayı kifayət qədərdir. Əminəm ki, seçkilərin nəticələri, əhalinin narazılıq səbəbləri ciddi təhlil edilərək, ölkənin daxilində sürətli islahatlar həyata keçiriləcək”.

İmran Xan Pakistanda siyasi böhranın birinci mərhələsindən qalib çıxdı”

Kənan Rövşənoğlu: “Qeyri-sabitlik ehtimalı azdır, amma tamamən yox da deyil”


Tanınmış siyasi yazar Kənan Rövşənoğlu isə, bir qədər narahatdır. Onun fikrincə, məğlubiyyəti həzm edə bilməyən qüvvələr meydana çıxa bilər: “Məlum olduğu kimi, prezident Ərdoğan seçkilərdə 18 nəfər hökumət üzvündən 16-nı, o cümlədən viste-prezident Fuat Oktayın deputat kimi namizədliyini irəli sürdü. Yalnız iki nazir (biri səhiyyə naziri idi) imtina etdi. Yəni formal olaraq hazırda nazirlərin hamısı deputatdır və Ərdoğan yenidən seçilərsə, yeni hökumətdə yer almaya bilərlər. Ancaq bu məsələnin nəzəri tərəfidir. Mümkündür ki, Ərdoğan seçildikdən sonra keçmiş nazirlərin bəzisini parlamentdən geri çağırıb əvvəlki vəzifələrində davam etmələrini istəsin. Bu o zaman mümkün olmazdı ki, AKP-nin deputat sayı az olsun. Lakin hazırda parlament üstünlüyü AKP və ”Cümhur İttifaqı"nda olduğu üçün istənilən naziri geri çağırıb hökumətdə vəzifə verə bilər. Bu AKP üçün risk yaratmaz.

Yenidən postuna geri çağırılacaq nazirlər arasında müdafiə və daxili işlər nazirinin adı hallanır. Ancaq digər nazirlərin əksəriyyətinin parlamentdə fəaliyyətlərini davam etdirəcəyi ehtimalı yüksəkdir. Amma bu hər bir halda seçkidən sonra dəqiqləşəcək. MİT rəhbəri isə seçkilərdə iştirak etməyib, yəni Hakan Fidanın dəyişdirilməsi ehtimalı demək olar, yoxdur. Əksinə, seçkilərin ilk dövründə onun və İbrahim Kalının daha yüksək vəzifələrə təyin olunacağı barədə yazılar var idi. Xaricdəki səslərin kimə getməsi məlum deyil. Çünki demək olar ki, əksər ölkələrdə ikinci turda seçkidə iştirak edənlərin sayında artım olub. Bu səslərin kimə daha çox gedəcəyini səslər sayılanda biləcəyik. Deyim ki, hər kəs ikinci turda passivlik gözləyirdi. Amma xaricdəki seçicilər daha çox fəallaşıb. Bu səbəbdən də indidən nəsə demək olmur.

Erməni diasporuna gəlincə, bu bir az gülməli iddialardır. Fransadakı ermənilərin Kılıçdaroğluna, azərbaycanlıların Ərdoğana dəstək verməsi seçkilərdə nəyisə dəyişmir. Prezidenti Türkiyə vətəndaşları seçəcək. Əgər Fransa erməniləri Kılıçdaroğluna dəstək mesajı yayıblarsa, demək onun seçilməsini istəmirlər. Çünki normalda hər kəs anlayır ki, seçkiqabağı erməni diasporunun dəstəklədiyi adama Türkiyə xalqı səs verməyəcək. O cümlədən PKK və ya separatçı kürd təşkilatları olsun. Yəni bu cür ucuz mövzular, əminəm ki, Türkiyə əhalisinin sağlam seçim etməsinə mane olmayacaq.

Seçkidən sonra qeyri-sabitlik olacaq iddiaları daha əvvəl də var idi, amma birinci turdan sonra bu iddialar azaldı. Çünki hər kəs gördü ki, seçkinin sabit keçməsi Türkiyənin qazancıdır. Buna görə də qeyri-sabitlik ehtimalı azdır, amma tamamən yox da deyil. Müəyyən qrupların məğlubiyyətlə barışmayıb küçələrə çıxması riski yüksəkdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR