2024-cü il bəşər tarixinin ən isti ili olub və orta qlobal temperaturun sənayedən əvvəlki səviyyələrlə müqayisədə 1,5 dərəcədən çox artdığı ilk təqvim ili olub.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Avropanın Kopernik İqlim Dəyişiklikləri Xidmətinə görə, keçən il orta qlobal temperatur 1850-ci ildən 1900-cü ilə qədər sənayedən əvvəlki dövrlə müqayisədə 1,6 dərəcə yüksək olub, bu dövr insanların CO2 yayan qalıq yanacaqları böyük miqdarda yandırmadığı bir dövrdür.
2024-cü ilin göstəriciləri orta temperaturun 1,48 dərəcə artdığı 2023-cü ildə qeydə alınan rekordu üstələyir. Beləliklə, iqlimşünaslar qeyd edirlər ki, son onillik tarixdə ən isti olub.
Mütəxəssislər hesab edirlər ki, keçən ilki isti dalğası əsasən insan fəaliyyəti ilə bağlı olub, “El Nino” kimi təbii hava şəraiti daha az rol oynayır.
Kopernik direktorunun müavini Samanta Burgess deyib ki, iqlim dəyişikliyinə indiyə qədər ən böyük töhfə atmosferdə istixana qazlarının konsentrasiyasıdır".
BBC News izah edir ki, bir il ərzində orta qlobal temperaturun 1,5 dərəcə keçməsi Paris razılaşmasının pozulması demək deyil. Bunun baş verməsi üçün temperatur 20 il ərzində 1,5 dərəcə və ya yuxarıda qalmalıdır.
Oksford Universitetinin iqlimşünas professoru Miles Allen bildirib ki, uzun müddətli 1,5 dərəcə həddini dəqiq nə vaxt keçəcəyimizi proqnozlaşdırmaq çətindir, lakin indi açıq-aydın çox yaxınıq.
Musavat.com