İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-də sülh müqaviləsi olacaqmı - növbəti danışıqlar Rusiyada, yoxsa Avropada baş tutacaq...

636 26.10.2023 11:14 Siyasət A A

 

Rəsmi İrəvanın qeyri-konstruktiv davranışları sülh müqaviləsi ilə bağlı ümidləri sual altına qoyur; ekspertlərdən ilginc təhlillər

Azərbaycan postmüharibə dövründə, sentyabrda reallaşan antiterror tədbirlərinə qədər Ermənistanla sülh müqaviləsinin imzalanması üçün var gücü ilə çalışdı. Bu istiqamətdə bütün səylər göstərildi, lakin Ermənistan hər vəchlə boyun qaçırdı.

Antiterror tədbirlərindən, Xankəndinə bayraq sancmağımızdan, suverenliyimiz tam bərpa etdikdən, separatçı rejimin ləğvindən, məhvindən sonra sülh indi yalnız Ermənistan üçün vacib ola bilər. Azərbaycan bunu əlavə qan tökülməməsi üçün postmüharibə dövründə tələb edirdi. İndi isə vəziyyət tamam fərqlidir və yeni reallıqlar var. Hazırkı şərtlər daxilində sülh Ermənistana lazımdır. Ancaq sezilən odur ki, Paşinyan son çıxışlarında ilin sonunadək sülh müqaviləsi imzalanmasınən mümkünlüyündən danışsa da, bu istiqamətdə əməli addımlar atmırlar. Avropa, Qərb də artıq təşəbbüskar görünmür. Yeni tendensiya həm də onu tələb edir ki, regiona aidiyyəti olmayanların bölgədəki proseslərə qoşulması heç də arzuolunan deyil. Azərbaycan rəhbərliyinin ardınca Rusiya rəsmilərinin və bununla bağlı aydın mövqeləri olub. Hesab olunur ki, uzaq ölkələrin bölgədə mövcudluğu rifaha aparmır, əksinə, gərginliyi tətikləyir.

Bu kontekstdə yaxın vaxtlarda Avropada, Qərbdə sülh müzakirələri aparılması o qədər də inandırıcı görünmür. “Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək”.

“Azadlıq Radiosu”nun erməni xidmətinə bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

“Həqiqətən də, liderlərin Brüssel formatında üçtərəfli görüşü ilkin olaraq nəzərdə tutulduğu kimi, çox güman ki, ayın sonunda baş tutmayacaq”.

Bu barədə Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ofisindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Ancaq gedişat onu göstərir ki, yaxın vaxtlarda bu istiqamətdə Rusiyada müzakirələr baş tuta bilər. Həm 3+3 formatındakı müzakirələrin nəticələri, həm də bu danışıqlardan dərhal sonra Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Azərbaycana təcili səfəri bu cür düşüncələr yaradır.

Qeyd edək ki, oktyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar, eləcə də Tehranda 3+3 regional platforması çərçivəsində keçirilmiş görüşün nəticələri müzakirə olunub. Nazir Ceyhun Bayramov öhdəliklərə zidd olaraq son 3 il ərzində Azərbaycan ərazisindən çıxarılmayan qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin qısa müddətdə razılaşdırılması üçün real şansların olduğunu diqqətə çatdırıb. Qarabağın erməni sakinlərinin Azərbaycanın qanunvericiliyi çərçivəsində ölkəmizin ərazisində Azərbaycan vətəndaşı kimi yaşaması üçün bütün imkanların yaradıldığı, bunun üçün reinteqrasiya məqsədilə müvafiq portalın fəaliyyət göstərdiyi qeyd edilib. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bütün bu gedişatın fonunda proqnozlaşdırmaq olarmı ki, sülh danışıqlarının növbəti raundu Rusiyada reallaşacaq və orada hansısa çərçivə sənədi imzalana bilər? İlin sonunadək bunu gözləmək olarmı? Bəs nəticə olmazsa, nə baş verəcək?

İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın Avropa Parlamentindəki son çıxışının əsas mahiyyəti Ermənistanın Qərbə üz tutması və xarici vektoru tədricən Qərbə dəyişəcəyi barədə mesajlar təşkil edirdi: “Konkret olaraq Rusiyanı Ermənistanda hakimiyyət çevrilişinə cəhddə ittiham etməsi və ümumiyyətlə, indiyədək apardığı siyasətə görə Paşinyanın sülh müqaviləsinin imzalanması üçün əsas vasitəçi kimi Qərbi gördüyünü söyləmək olar. Amma Tehran görüşündə Rusiya XİN rəhbəri Lavrovun "xoşbəxtliyi Brüsseldə axtaranlar bilsin ki, sülh üçün delimitasiya xəritəsi Rusiyadadır" açıqlaması bir daha göstərir ki, Rusiya Cənubi Qafqazda, konkret olaraq Ermənistanda mövqelərini və təsirini itirmək niyyətində deyil. Qarşıda Brüssel görüşünün olacağı barədə məlumatlar var, amma hələ ki tam rəsmi təsdiqini tapmayıb".

İ.İsmayıl hesab edir ki, əgər Brüssel görüşü baş tutarsa və orada Paşinyana ciddi təsir olarsa, mümkündür ki, sülh müqaviləsi ilin sonunadək imzalansın: “Yox, əgər daxili auditoriyanı Xankəndi şokundan sonra yenidən qıcıqlandırmamaq üçün zamanı uzadacaqsa, danışıqların Avropa və Rusiyada olmasından asılı olmayaraq iki aya sülh müqaviləsinin imzalanması real deyil”.

Ekspertin sözlərinə görə, Tehran çıxışında Lavrovun delimitasiya ilə bağlı mövqeyi, yəni xəritənin Rusiyada olmasını vurğulaması ona hesablanıb ki, sülhdən əvvəl Rusiyanın köməyi ilə delimitasiya işlərinə başlansın və anklav kəndlər, o cümlədən müəyyən sərhəd pozuntuları ilə mövcud problemlər delimitasiya komissiyası tərəfindən müzakirə edilsin: “Təbii ki, bu zaman Rusiya məkanı uyğun yer hesab olunacaq. Amma son günlər Rusiya -Ermənistan münasibətləri daha da gərginləşib, Rusiya səfiri Ermənistan XİN-ə çağırılaraq nota verilib. Qeyd olunanları nəzərə alsaq, Paşinyanın Rusiyanın vasitəçiliyini açıq şəkildə olmasa da, ona xas olan manevrlərlə boykot etməsi gözləniləndir. Rusiyanı çox narazı salmamaq üçün ən yaxşı halda onun vasitəçiliyi ilə ilin sonunadək çərçivə sazişi imzalana bilər. Bütün ehtimalları təhlil etdikdə ilin sonunadək sülh müqaviləsinin imzalanması az inandırıcıdır”. İlham bəy bunu da istisna etmədi ki, nəticə olmazsa, gələn ilin əvvəlinə sülh müqaviləsinin imzalanması daha real görünür: “Amma vasitəçi və məkan olaraq Qərb və ya Rusiyanın olacağını qəti olaraq söyləmək çətindir. İndiki reallığı nəzərə alsaq, Rusiyanın şansı Qərblə müqayisədə üstündür”.

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı 

Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı hesab edir ki, sülh müqaviləsinin imzalanması bir anın içində də baş verə bilər: “Bunun üçün siyasi iradə lazımdır, müqavilənin mətni ortadadır. Ermənistan bunu indiyədək ona görə gecikdirirdi ki, Qarabağda yaşayan erməni əhali üçün onların deyimi ilə desək, hansısa haqlar almağa ümidi var idi və məsələni beynəlxalq müstəviyə daşımaq siyasəti yeridirdi. İndi bu yoxdur. Amma iki ölkə arasında razılaşdırılacaq məqamlar var”.

Q.Çaxmaqlı vurğuladı ki, müqavilə imzalanmadan öncə Ermənistan 8 Azərbaycan kəndi ilə bağlı qərarını verməlidir: “Bu qərar həmin kəndlərin təhvil verilməsi ola bilər. Ermənistan ərazi bütövlüyünü tanıdığı Azərbaycanın 86,6 min kv. km-lik ərazisinə o kəndləri daxil edir, amma dəqiq proqramı yoxdur”.

Ekspert qeyd etdi ki, müqavilənin hansı qüvvənin məkanında imzalanmasının bizim üçün elə də əhəmiyyəti yoxdur: “Həm də bu iş hələ o səviyyəyə gəlib çatmadığından Brüsselimi, Moskvanımı seçməyimiz bir şey ifadə etməz. Amma bu işi öz təsiri altına almaq istəyən Qərb və Rusiyanın maraqları çərçivəsində siyasi addımlarımızı atırıq. Doğrusu da budur. Ermənistanın bu məsələdə tələskənliyinin səbəbləri var, amma ilin sonuna kimi bu işi imzaya bağlamaq çətin görünür. Ermənistan həm də 10 noyabr 2020- ci il razılaşmasının hələ bəzi maddələrini icra etmir. Azərbaycanın Naxçıvanla maneəsiz gediş-gəlişi üçün nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsi həll edilməyib... İnanmıram ki, ilin sonunadək bu işin yoluna qoyulmasına Ermənistanın hansısa töhfəsi olsun”.

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə çərçivə sazişinin imzalanması üçün real siyasi şans var: “Bu ayın sonunda Brüsseldə liderlərin görüşündə bu məsələyə tam aydınlıq gələcək. 3+3 formatı çərçivəsində, yaxud Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlanmayacaq. Çünki Nikol Paşinyan buna getməyəcək. Brüssel formatı üzrə danışıqlar prosesi gedəcək və ilin sonuna kimi sülh müqaviləsinin bağlanması gözlənilmir”. M.Əsədullazadənin qənaətinə görə, Rusiyanın Cənubi Qafqaz üzrə xüsusi elçisinin Azərbaycana səfəri və aparılan danışıqlar, sadəcə, Rusiyanın prosesdə olduğunu göstərir: “Azərbaycan üçün artıq fərqi yoxdur, istər Brüssel, yaxud Moskva sülh müqaviləsi bağlanmasına etiraz etmir. Amma Ermənistanın baş naziri Rusiya ilə əlaqələrini böhran vəziyyətə gətirib, Rusiyadan uzaqlaşmaq kursu götürüb. Ona görə də İrəvan Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsini bağlamağa razı olmayacaq. Ümumiyyətlə, sülh müqaviləsinin bağlanması məkan baxımından çətin bir prosesdir. Azərbaycan Tiflisdə sülh müqaviləsinin bağlanmasını şərt kimi irəli sürməlidir. Brüssel və Moskva bu istiqamətdə rəqabət aparır. Ona görə də ən optimal variant Tiflisdir”.

Bu arada, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “APRI Armenia” təhlil mərkəzinin onlayn konfransında deyib ki, “Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq”. Report-un məlumatına görə, Aİ rəsmisi “Cənubi Qafqazda effektiv diplomatiyanın təmin edilməsi” adlı panelində çıxışda qeyd edib ki, bu görüşün başqa vaxt keçirilməsinin mümkünlüyü üzərində iş davam etdirilir: “Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək”.

Ermənistanın qeyri-konstruktivliyi prosesin maksimum uzadılmasına hesablanıb. Bu isə sülh müqaviləsinin tezliklə imzalanacağına dair ümidləri xeyli azaldır...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR