İnsanlara hürriyət, millətlərə istiqlal!

200 ildən sonra saç telləri Bethovenin ölüm səbəbini aydınlatdı - Fotolar

1293 24.03.2023 13:27 Son xəbər A A

Lüdviq van Bethoven musiqi tarixinin ən mübahisəsiz dahilərindən biridir. Gənc yaşda eşitmə qabiliyyətini itirməsinə baxmayaraq, yaratdığı əsərlər bu gün də insanları valeh edir. İllərlə müxtəlif xəstəliklərlə mübarizə aparan Bethovenin 56 yaşında hansı səbəbdən dünyasını dəyişməsi 200 ildir müəmma olaraq qalırdı. Lakin Bethovenin ölümündən iki əsr sonra nəhayət həmkarlarının və pərəstişkarlarının xatirə kimi saxladıqları saç tutamlarından əldə edilən DNT nümunələri üzərində aparılan ardıcıl araşdırmalar bəstəkarın sağlamlıq problemlərinin səbəblərini və həyatının son dövrlərində yaşadıqlarını ortaya çıxarıb.


Qeyd edək ki, Bethoven 27 mart 1827-ci ildə vəfat edib. Hələ Bethovenin 20 yaşlarında ikən eşitmə qabiliyyətini itirməyə başlamışdı. Bundan əlavə, Bethoven mədə-bağırsaq simptomlarından və bəzən onu yataq rejimində qalmağa məcbur edən sarılıq xəstəliyindən əziyyət çəkirdi. Ölümündən sonra  yarılma zamanı qaraciyərində sirroz, mədəaltı vəzində iltihab və dalağında şişlik aşkarlanmışdı. Beləliklə, ömrünün son 7 ilində iki dəfə sarılıq keçirən bəstəkarın sirrozdan dünyasını dəyişdiyi bildirilirdi. Lakin bununla belə tədqiqatçılar 2 əsr onun ölümünün əsl səbəblərini aşkarlamağa çalışıblar. 

Bethovenin saç tutamları. Onlardan hansı əslində bəstəkara aid deyil?

641c16074e3fe003f8eae320.jpg (41 KB)

Bethovenin ölüm səbəbini araşdıran tədqiqatçılar əsasən onun saç tutamları üzərində araşdırma aparıblar. Bu saç tutamları İngiltərə, Avropanın müxtəlif ölkələri, həmçinin ABŞ-da şəxsi kolleksiyalarda, bir hissəsi isə muzeylərdə qorunub saxlanılır. Lakin təəssüf ki, Bethovenin saçı kimi tanınan tutamların hamısı ona aid deyil. Üstəlik, bu vəziyyətə görə Bethoven özü məsuliyyət daşıyır. Belə ki, bəstəkarın ölümündən bir il əvvəl bir həmkarının arvadı ondan xatirə olaraq saxlamaq üçün bir tutam saç istəyib. Bethovenə daim pərəstiş edən həmin qadın əslində bir zarafatın qurbanı olub. Bethoven və köməkçisi əsl saç əvəzi tövlədəki keçilərdən birinin saqqalından bir tel kəsərək qadına göndəriblər. Qadın heç vaxt bundan şübhələnməyib, çünki keçinin tükləri quruluşuna və rənginə görə Bethovenin saçına çox bənzəyirdi.

Anton Şindler bu barədə 1840-cı ildə yazdığı Bethovenin tərcümeyi-halında qeyd edib:

"Qadın müqəddəs saydığı Bethovendən bu xatirəyə sahib olmaqdan çox məmnun idi. O, ərinə və dostuna saçını nümayiş etdirməyə davam edirdi. Amma xoşbəxtliyinin zirvəsində Bethovenin sirrini bilən bir nəfər bu haqda qadına məlumat verir. Bethoven qadının kədərini və xəcalətini eşidəndə bu dəfə qadına öz saçından bir tutam göndərir".
Halm-Thayer tükü kimi tanınan bu saç DNT tədqiqatçılarının istifadə etdiyi nümunələrdən biridir.

Ən məşhur saç tutamlarından biri qadına məxsus imiş...

641c17504e3fe003f8eae33c.jpg (37 KB)

Tədqiqatçılar DNT analizi üçün səkkiz ayrı teldən, saç telləri hissəciklərindən istifadə ediblər. Bunlardan ən sonuncusu Bethovenin ölümündən 7 il əvvəl kəsilmiş olanıdır. Gigiyenik şəraitdə saçlara dezinfeksiya prosesləri tətbiq olunub.

Alınan nümunələrdən beşi genlərinin 99 faizi Avropa mənşəli olan kişiyə aid olub. Mütəxəssislər bu saçın Bethovenə aid olduğuna əmindirlər. Ən yaxşı qorunan saç telindən alınan genomun Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yaşayan insanlarla yaxından əlaqəli olduğu ortaya çıxıb.

Bethoven 1826-cı ilin aprelində pianoçu Anton Halma beş saç nümunəsindən birini hədiyyə edərək, deyib: "Das sind meine Haare!" (“Bu mənim saçımdır!”) dedi.

Digər tərəfdən, bu araşdırma Bethovenin ən məşhur Hiller adlı saç tutamının
əslində Aşkenazi adlı yəhudi qadına aid olduğu ortaya çıxıb. 20 il əvvələ qədər tədqiqatçılar  bu saç tutamının üzərində apardıqları araşdırma nəticəsində Bethovenin əslində zəhərlənmənin təsiri altında olması ilə bağlı iddialar irəli sürürdülər.

İki gün öncə "Current Biology” elmi jurnalında Bethovenin DNT araşdırması ilə bağlı dərc edilən məqalə hər kəsin marağına səbəb olub. Bu araşdırma əsrlər əvvəl yaşamış insanların həyatı ilə bağlı fundamental sualların belə cavablandırılmasında DNT-nin nə qədər əhəmiyyətli rol oynadığını ortaya qoyur. Ancaq əksər xəstəliklər yalnız genetik səbəblərdən qaynaqlanmadığından, DNT-dən əldə edilə bilən məlumatların bir həddi var.

Məqalədə qeyd olunur ki, saç tellərindəki DNT zədələndiyi üçün alimlər Bethovenin genomunun yalnız üçdə ikisini bərpa edə biliblər. DNT-də xəstəliyin sırf irsi səbəblərini göstərən heç bir şey tapılmayıb. Daha sonra mütəxəssislər "poligenik risk skorlarından" istifadə edərək,  həm genetik, həm də ekoloji səbəblərlə xəstəlik risklərini axtarıblar. Araşdırmada eşitməni iyirmə və ya mədə-bağırsaq xəstəlikləri üçün risk əlamətləri tapılmayıb, lakin Bethovenin qaraciyər xəstəliklərinə meylli olduğu öz təsdiqini tapıb. Çölyak xəstəliyinin, otoimmün pozğunluğun, laktoza dözümsüzlüyünün və ya irritabl bağırsaq sindromunun olmaması da genetik testlə təsdiq edilib.

Həmçinin mütəxəssislər hepatit B virusunun genetik markerlərini müəyyən ediblər. Lakin xəstəliyin xroniki və ya yeni yoluxma olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Elm adamları yüksək genetik risklərə spirt qəbulu,  hepatit B, qaraciyər xəstəliyinin Bethovenin ölümünə səbəb olduğunu düşünürlər. Bethovenin özü və qohumları tərəfindən yazılmış məktublarda gündəlik spirt qəbulunun kifayət qədər yüksək olduğuna dair ipuçları var.


Təhlildə hətta tədqiqatçıları da təəccübləndirən nəticə əldə edilib. Məlum olub ki, Bethovenin Y xromosomu onun Belçikada sağ qalan qohumlarına uyğun gəlmir.

Bethovenin müqayisə edilənlərlə ortaq qohumu 16-cı əsrdə yaşamış Hendrik van Bethoven idi. Hendrik və Lüdviq arasında keçən 7 nəsildə şəcərədəki qadınlardan birinin naməlum kişidən övladı olduğu və Bethovenin genlərini
bu uşağın  atasının tərəfində daşıdığı müəyyən edilib.

"DNT məlumatlarını və arxiv sənədlərini birləşdirdik. Biz Lüdviq Van Bethovenin hüquqi və bioloji geneologiyası arasında uyğunsuzluq aşkar etdik ", - Belçikanın Leuven Katolik Universitetinin genetik geneoloqu, tədqiqatçılardan biri Maarten Larmuseau bildirib.

Boston Universitetinin Bethoven Araşdırmaları Mərkəzinin direktoru, musiqişünas Ceremi Yudkin də araşdırmanı maraqlı hesab etdiyini və Bethovenin sağlamlığı, onun musiqisini formalaşdırdığına dair sübutların olduğunu söyləyib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR