1994-cü ilin aprelində Ryazan (Rusiya) şəhəri yaxınlığında İqor Prudnikovun boğaz nahiyəsindən bıçaqlanmış meyiti aşkar edilib.
İstintaq qətli törədən şəxsi müəyyən edə bilmədiyi üçün cinayət işi uzun illər açılmamış qalıb.
1995-ci ildə mərhumun keçmiş həyat yoldaşı Svetlana Prudnikova, onunla birlikdə yaşayan Sergey adlı şəxs və daha bir tanışı saxlanılıblar. Lakin onların təqsirini təsdiqləyən birbaşa sübutlar tapılmadığından hər üç şəxs şahid qismində dindirilib və sərbəst buraxılıb.
Bundan sonra onlar Ryazanı tərk edərək köhnə əlaqələrini kəsiblər və hüquq-mühafizə orqanlarının diqqətindən yayınmağa çalışıblar.
İstintaqın versiyasına görə, İqor Prudnikov Svetlana Prudnikovanın həmin dövrdə birlikdə yaşadığı Sergey və onun şəriki tərəfindən qətlə yetirilib. Dindirildikdən sonra Ryazandan ayrılan Sergey 2000-ci illərin ortalarından etibarən Vladimir vilayətinin Plotavtsevo kəndində yaşamağa başlayıb. O, qonşularına özünü Nikolay kimi təqdim edib və sakit həyat sürüb.
2016-cı ildə isə rəsmi sənədlərdə onun ölmüş hesab edildiyi qeyd olunub. REN-TV-nin məlumatına görə, kişi hətta anasına belə köçdüyü barədə məlumat verməyib və qadın bütün bu illər ərzində oğlunu itkin düşmüş hesab edib.
İllər sonra istintaq yenidən bərpa olunub. Şahidlər təkrar dindirilib, mürəkkəb genetik ekspertizalar aparılıb və nəticədə gizlənən şəxsin kimliyi təsdiqlənib. Əməliyyatçılar onun Plotavtsevo kəndində yaşadığını müəyyən ediblər.
Hazırda 60 yaşlı şəxs istintaq təcridxanasında saxlanılır. İstintaq hesab edir ki, qətlin sifarişçisi Svetlana Prudnikova olub. Onun məqsədi keçmiş ərindən qurtulmaq, mirasa sahib çıxmaq və mənzili satmaq olub.
1994-cü ildə qüvvədə olan RSFSR Cinayət Məcəlləsinə əsasən, bu cinayətə görə ölüm hökmü nəzərdə tutulurdu. Lakin hazırkı qanunvericiliyə görə, saxlanılan şəxsi ən ağır halda ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir./oxu.az






