İnsanlara hürriyət, millətlərə istiqlal!

1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası - 25 yaşlı Məhəmmədin işi

534 11.01.2025 20:27 Ölkə A A

Tanımadığı şəxsdən bir qutu siqaret tələb edən və ona bir şillə vuran şəxsə ağır cəza verilib. Ona qarşı Cinayət Məcəlləsinin ağır, 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Musavat.com xəbər verir ki, 25 yaşlı Məhəmməd Umudov hadisəni törədən zaman içkili olub.

Hadisə Ağsu rayonu Qaraqaşlı kəndində baş verib. Məhəmməd əmisi oğlu ilə spirtli içki qəbul etdikdən sonra kəndin mərkəzinə gəlib. Onların siqaret almağa pulu olmayıb.

Marketdən çıxan Hüseyn Qəhrəmanov onlara tərəf yaxınlaşanda ondan siqaret istəyiblər. Hüseyn Məhəmmədə və onun yanında olan əmisi oğluna siqaret verib. Məhəmməd bununla qane olmayıb. Hüseyndən marketdən onlara bir qutu siqaret almasını tələb edib. Hüseyn isə pulunun olmadığını deyib.

Bundan sonra Hüseyni ara küçəyə apararaq orada söhbət etməyə başlayıb. Məhəmməd Hüseynə bir şillə də vurub. Sonra onun üstünə qışqıraraq cibindəki bir qutu siqareti götürüb və oradan uzaqlaşıblar.

Hüseyn evə qayıtdıqdan sonra polisə gedərək Məhəmməddən şikayətçi olub.

Məhəmmədə qarşı əvvəlcə qulduruluq maddəsi ilə cinayət işi açılsa da sonradan soyğunçuluq maddəsinə tövsif edilib.

Məhəmməd özünü qudurluqda günahkar bilib. Ona yüngül cəza verilməsini istəyib.

Zərərçəkmiş Hüseyn ifadəsində Məhəmmədi bağışladığını, barışdıqlarını deyib. Məhəmmədin işinin yüngülləşdirilməsini istəyib. Buna görə də məhəkəməyə deyib ki, Məhəmməd ona şillə vurmayıb. Amma istintaqda Məhəmmədin ona şillə vurduğunu deyibmiş.

İstintaqla Hüseynə dəymiş maddi ziyan 2 manat 60 qəpik məbləğində müəyyən edilib. Yəni, bir qutu siqaretin qiyməti.

İstintaqla müəyyən edilib ki, Məhəmməd narkomaniya xəstəliyi ilə əlaqədar narkoloji dispanserdə qeydiyyatdadır. Hadisədən qısa müddət əvvəl də narkotik ittihamı ilə məsuliyyətə cəlb edilib.

Məhəmməd sonuncu əməlinə görə ağır cəzaya məhkum edilib. Belə ki, Məhəmməd bu əməlinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəlki cinayətinə görə azadlığın məhdudlaşdırılması cəzası alan, amma bu cəzası başa çatmayan Məhəmmədin işi ağırlaşdırılıb. Cəzasının çəkilməmiş hissəsi bu hökmlə birləşdirilib və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR