İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərərvericilər

1526 28.08.2022 18:37 Yazarlar A A

Dövlət xalça idarəsi də adına layiq olaraq palaza bürünüb elnən sürünməyə qəti qərar vermişdir. Artıq neçənci dəfədir milli xalçaçılarımızın zərərlə işlədiyi açıqlanır. Deyir “Azərxalça” 2020-ci ili 3 milyon 283 min manat ziyanla başa vurmuşdur. Keçən ilin hesabatı da yəqin 3-4 ilə ortaya çıxar, zərərimiz ilmə-ilmə çoxalar.

Maraqlı mənzərədir. Biz bu idarəni 2016-cı ildə qayıranda elə bilirdik gəbə, xalı və palazlarımız xaricdə qızıla, valyutaya satılacaq, qaz vurub qazan dolduracağıq. Lakin neçə ildir ortada yalnız ziyan var. Və həmin ziyan adətən dövlət büdcəsi hesabına örtülür. Düzdür, bir ara xalça idarəsinin müdirini də tutmuşdular, ondan neçə milyonsa müsadirə olunmuşdu, ancaq bunun bizə nə xeyri? Həmin müdir hətta xalça toxumağın professoru elmi dərəcəsi almışdı. Türmədə qısa müddətdə xəstələndi, rəhmətə getdi.

Belə çıxır xalçaçılıqdan kimlərsə xeyir görür, millət isə ümumilikdə görmür. Ancaq təkcə xalça-palaz işi belə olsa dözərdik.

Məsələ ondadır ki, bizdə xeyirlə işləyən faktiki bir dənə də dövlət idarəsi yoxdur. Özəl sektorumuz heç qurulmayıb, ona görə özəlin üzərində dayanmağın mənası yoxdur. Biz tam dövlət idarələri sistemində yaşayırıq. Faktiki ölkəmizin iqtisadiyyatında Sovet hökuməti yıxılmayıb, biləsiniz.

Xülasə, su idarəsinin yaş kağızlarını qaldırıb baxırsan, görürsən yazılıb: “2021-ci ilin dekabrına “Azərsu”nun yığılmış zərəri 7 milyard 855 milyon 686 min manata çatmışdır”. Boğazın quruyur, krantı açıb bir stəkan xlorlu sudan qurtuldadırsan, oxumağa davam edirsən. Bu dəfə istiqamət işıq idarəsinədir. Orda da yazılıb ki, milli işıq idarəmizin xalis zərəri 2022-ci ilin fevralına 3 milyard manat olmuşdur.

Metroya girirsən – zərərlə işləyir, poçta gedirsən – zərərlə işləyir, istilik, hava nəqliyyatı, dəmiryolu, pambıq, barama, nə bilim, saç darama... Bir dənə xeyirli, mənfəətli idarəmizin adını çəkmək mümkün deyildir. (Ordudan başqa. Yeganə qazanan yer hələlik oradır. Amma biz məxfi xidmətlərə burda toxuna bilmərik – xeyirimiz olmaz).

Ən satirik cəhət odur ki, bütün bu şeylərin və zadların zərərini neft satmaqla ödəməyə çalışdığımız üçün neft idarəmiz də məcburdur zərərlə işləsin. Halbuki, bu dəqiqə dünya bazarında ən bərkgedən şey neft-qazdır və biz bunun guya satanıyıq. Hanı? Orda da hesabat verirlər, məlum olur neft şirkətimizin 17 milyard manat borcu var. Lətifə kimi görünür, ancaq belədir. Neft idarəsini də qınamaq olmur, nə qədər sahəni və dövlət idarəsini belinə şəlləyib daşımaq olar ki? Buna bel və boru dözməz.

Bütün bu zərər şəraitində haçan televizoru açsan orda yüksək uğurlarımızdan danışırlar. Əlbəttə. Şübhəsiz. İnanmayanın gözü çıxsın – Valeh Ələsgərovun vaxtilə elədiyi tarixi qarğışdakı kimi. (Deyəsən Valeh müəllim hazırda Ələt beynəlxalq limanını Sinqapura çevirmək üçün çalışır, son dəfə üzü Salyanın Şorsulu kəndinə tərəf qaçdığını görüblər). Adama elə gəlir biz ayrı ölkədə yaşayırıq. Lap köhnə sovet lətifəsindəki kimi: uşaq bağçasında SSRİ-ni tərifləyirlər, Vova isə ağlayır, deyir mən SSRİ-də yaşamaq istəyirəm. Həqiqətən, biz hamımız AzTV-də göstərilən Azərbaycanda böyük məmnuniyyətlə yaşayardıq.

Ancaq... Bugünlərdə hesabat yayıldı, deyir AzTV də zərərlə işləyir. Dövlət teleradio şirkətinin 2021-ci ildə xalis zərəri 2 milyon manat olmuşdur və üstəlik, bu zərər 2020-ci ildəki zərərdən 10 faiz çoxdur. Yəni, zərər arta-arta gedir. Optimist idarədir. Özü qarışıq hamı zərərli fəaliyyətlə məşğuldur, lakin ümumən ölkənin xeyirli yolda olduğunu görməyi bacarırlar.

Heç olmazsa zərərimizdə inkişaf var, şükür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR