İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəngəzurdan dəhliz vermərəm” oyunu əldən çıxır

17727 13.10.2023 14:17 Siyasət A A

Ermənistan daha bir regional layihədən kənarda qalmaq riski ilə üzləşib

Ermənistan mediası sensasiyalı məlumat yayıb. İddia olunur ki ötən həftə Ermənistan Müdafiə Nazirliyində yüksək rütbəli hərbçilərin iştirakı ilə müzakirə keçirilib. “Müzakirə mövzusu Zəngəzurdan dəhliz veriləcəyi təqdirdə Müdafiə Nazirliyinin hansı işləri görməli olduğu olub. Müzakirə işçi xarakterli olub. Müdafiə Nazirliyinin müxtəlif ssenarilər əsasında atacağı addımlar müzakirə edilib”. 

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin rəhbərlik etdiyi nümayəndə heyəti isə Sünikdə (Zəngəzur) olub. Səfir bölgədə Sünik qubernatoru Robert Qukasyanla görüşüb. Kopirkinin sözlərinə görə, görüş zamanı tərəflər əsasən bölgənin problemlərini müzakirə ediblər.

“Bu gün Ermənistanda və Sünik bölgəsində baş verənlər Rusiya üçün çox vacibdir”, - səfir bildirib. Kopirkin qeyd edib ki, Rusiya rəhbərliyi Sünik vilayətinin problemlərinə böyük diqqət yetirir və bunların həllinə kömək etməyə hazırdır. Yerli hakimiyyət orqanları ilə müzakirə edilən digər mühüm məsələ Rusiyanın Qafanda baş konsulluğun açılması olub.

İlk dəfə bu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Sünikdə konsulluğun açılacağını dilə gətirib. Məsələyə münasibət bildirən səfir vurğulayıb ki, bu, yeni və çox vacib məqamdır: “Diplomatlarımız burada işləyirlər, açılışa hazırlaşırlar”.

Nümayəndə heyəti Rusiyanın regionda işləyən diplomatları, hərbçiləri və sərhədçiləri ilə də ünsiyyətdə olub. “Rusiya hərbçilərinin və sərhədçilərinin mövcudluğu əvəzsiz rola malikdir. Xüsusən vəziyyətin kifayət qədər gərgin olduğu bir vaxtda Zəngəzur dəhlizi ilə bağlı çox danışılır, insanlar Qarabağdan sonra gələcəkdə nələrin baş verəcəyini anlamağa çalışırlar”, - Kopirkin əlavə edib.

Rusiyadan əvvəl İran Qafanda konsulluq açıb. Bölgədə konsulluq açmağa hazırlaşan digər ölkə Fransadır. Ekspertlər baş verənləri gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizə kimi qiymətləndirirlər.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu deyib: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”.

Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur: “Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı - red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”.

Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir: “Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”.

Prezident İlham Əliyev isə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunduğunu bəyan edib. Bu həm də Ermənistanın Zəngəzurdan “dəhliz vermirəm” oyununun sona çatması deməkdir. İndi Ermənistan daha bir regional proyektdən kənarda qalmaq riski ilə üzləşib.

Yusif Bağırzadə: "Bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hamı  qanun qarşısında bərabərdir"

Yusif Bağırzadə

Qeyd olunanlarla bağlı siyasi şərhçi Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, İran ərazisi vasitəsilə Naxçıvana çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun tikintisi ilə bağlı razılaşma keçən il əldə olunub: "Daha dəqiqi, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11 mart 2022-ci il tarixində Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bir neçə gün bundan əvvəl isə İran ərazisindən keçəcək dəmir yolu və avtomobil yolu hissələrinin tikintisi planları sənədləşdirilib. Azərbaycan və İran nümayəndələri bununla bağlı müvafiq protokollar imzalayıblar, körpünün təməli qoyulub. İran ərazisindən keçəcək bu yol Zəngəzur dəhlizinə alternativ yol olmaqla yanaşı, həm də Ermənistana təzyiq vasitəsi kimi qəbul oluna bilər və rəsmi İrəvan bundan nəticə çıxarmalıdır. Belə ki, bütün imkanları ilə Ermənistandan keçəcək Zəngəzur dəhlizinə yox deyən İranın öz ərazisindən belə bir yolun keçməsinə razılıq verməsi və layihənin reallaşması üçün artıq işlərə başlaması Ermənistanı faktiki olaraq regional layihələrdən kənarda saxlayır. Bunu Ermənistanın dərk etməsi və müvafiq addımlar atması lazımdır. Əks halda, geostrateji kommunikasiyanın yaradılmasına süni əngəllər yaratmağa çalışmaqla Ermənistan özü özünü təcrid durumuna salmış olacaq”.

Y.Bağırzadə qeyd etdi ki, İran ərazisindən Naxçıvana keçəcək yol heç bir halda bizim Ermənsitan ərazisindən keçəcək Zəngəzur dəhlizi ilə bağlı istəklərimizi arxa plana keçirmir. Əksinə, Azərbaycan olaraq biz Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində ciddi şəkildə çalışırıq: “Bu dəhliz ölkəmizin Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi geostrateji mövqeyini möhkəmləndirməklə yanaşı, həm də tranzit imkanlarımızı genişləndirəcək. Həmin yolun açılması İrəvanın özünü də düşdüyü dərin iqtisadi böhrandan çıxarmaq üçün real fürsətdir. Odur ki, nəticədə Ermənistanın da ağlını başına yığaraq həmin dəhlizin reallaşmasına "hə" deyəcəyi qənaətindəyəm və o gün uzaqda deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR