İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur döyüşləri haqqında bilinən GERÇƏKLƏR

7369 16.09.2022 16:14 Analitika A A

Sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar üzərindən sirr pərdəsi yavaş-yavaş götürülür. Məhdud xəbər axını, bol şayiə, üstəlik, 44 günlük müharibədən sonra qeydə alınan ən böyük canlı qüvvə itkisi cəmiyyətdə çoxlu sayda suallar və şikayətlərlə izhar olunurdu.

Əlbəttə, bu narahatlıq və qınaqları doğuran obyektiv səbəblər az deyil. Müharibənin səbəb olduğu acıların hələ davam etdiyi bir vaxtda genişmiqyaslı əməliyyat və itkilər, həmçinin informasiya bulanıqlığı müşahidə olunurdu. Lakin sonrakı günlərdə sentyabrın 12-13-də baş verənlərlə bağlı müəyyən xəbər aydınlığı yaranmağa başladı. Və yəqin ki, qarşıdakı günlərdə davam edəcək.

İndi ortada dolaşan əsas suallardan biri də budur: sərhəddə təxribatı kim başladıb?

Sərhəddəki toqquşmanın səbəbkarı Ermənistandır. Əlbəttə, üzbəüz səngərlərdə ilk atəşi kimin açdığını çox zaman heç kim bilmir və əslində bunun elə əhəmiyyəti də olmur. Lakin qarşıdurmaya səbəb olan, onu körükləyən tərəf məlumdur. Əvvəlcə Azərbaycanın hərbi əməliyyatı başlayan tərəf olması ilə bağlı iddialara baxaq.

Toqquşmalar Azərbaycan-Ermənistan sərhədində olub. Azərbaycanın başlıca hədəfi Qarabağda gizlənən silahlı erməni terrorçu dəstələrinin ləğv edilməsi, bu ərazi üzərində Azərbaycanın suverenliyinin təmin olunmasıdır.

15e1da31-ce47-324d-822e-d373b096d8f7_850.jpg (70 KB)

Yəni əgər Azərbaycan hərbi əməliyyat başladarsa, bunu Ermənistan ərazisində deyil, birinci olaraq Xankəndi, Xocavənd, Xocalı və Ağdərə rayonlarındakı qanunsuz erməni silahlı dəstələrinə qarşı başlatmalı idi.

İkincisi, hərbi əməliyyatların Zəngəzur dəhlizi ilə əlaqələndirilməsinin əsası yoxdur, çünki əməliyyatlar yayğın olub və dəhliz ehtimal olunan ərazilərdən kənarda baş verib. Yəni dəhliz üçün əməliyyatlar dəhlizin planlaşdırıldığı məkanda olmalı idi.

Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də Ermənistan rəhbərliyi diqqəti başqa istiqamətə çəkmək üçün təxribatları dəhliz rayonundan kənarda törətdi.

Nəhayət, Azərbaycan bilir ki, sərhəddə baş verən toqquşmalar iki ölkə arasında kövrək, yeni başlayan sülh danışıqları prosesini poza, Azərbaycana qarşı işğalçı ölkə ittihamına səbəb ola bilər. Buna görə də Bakı üçün sərhəddə əməliyyat əlverişli deyil, yalnız çarəsizlikdən buna gedə bilər.

7a3d3004-b457-3dbf-a9cf-6503c3612968_850.jpg (72 KB)

Hərbi qarşıdurmanın ermənilər tərəfindən başladılmasını sübut edən faktlara baxaq. Ermənilər dövlət sərhədi xətti üzərində toqquşmaları törətməklə Azərbaycanı təcavüzkar ölkə kimi göstərməyi (hazırda dost olmayan ölkələr Bakını məhz bunda ittiham edir – K.R.), Bakıya qarşı sanksiyalar və beynəlxalq təzyiqləri hədəfləyiblər. Erməni tərəfi və himayədarları neçə gündür ki, yalnız bu məqamı qabardır.

Dövlət sərhədinin tam kənarında böyük hərbi hissənin olması burada S-300 hava hücumundan müdafiə sistemlərinin təxribatın planlı olduğunu deməyə əsas verir. Məlum olduğu kimi, S-300 HHM 120-300 kilometr uzaqlıqda olan hava hədəflərini aşkar edib, daha sonra onları vurmağa qadirdir. Bu tip silahlar adətən sərhəddə, özü də hərbi qüvvələrin qoruduğu sərhəddə olmur, daha çox içəridə yerləşir. Bu da onu göstərir ki, ermənilər hərbi təxribat planlaşdırıblar.

Çünki xəbərlərdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı məhv edilib.armenian_army_150922_4.jpg (67 KB)İkincisi, Birinci Qarabağ müharibəsində aktiv iştirak etmiş, Azərbaycan torpaqlarının işğal edilməsində mühüm rol oynamış Susanna Marqaryan Cermukda öldürülüb. Xəbərlərdə deyilir ki, Marqaryan Ermənistan müdafiə nazirinin müşaviri Razmik Petrosyanla birlikdə könüllü olaraq cəbhə xəttinə yollanıbmış. Aydın məsələdir ki, əgər könüllülər varsa, demək ki, onlar daha əvvəl belə bir əməliyyatdan xəbərdar olublar, sərhədə, əslində isə cəbhə xəttinə gələrək xain hücumda iştirak ediblər. Yoxsa ki, dövlət sərhədinə İrəvandan könüllülər niyə gəlsin?

Sərhəddə baş verən hadisə və ardınca işə salınan kampaniya onu göstərir ki, Ermənistan rəhbərliyi əvvəlcədən bu təxribatı planlayıb, Azərbaycanı çətin vəziyyətdə qoymağa çalışıb. Bu plana əsasən, Ermənistan qüvvələri sərhəd boyunca təxribatlar törədir və təbii ki, Azərbaycan ordusu qarşılıq verir. Nəticədə dövlət sərhədində qanlı toqquşmalar yaşanır, ardınca Ermənistan bütün dünyaya Azərbaycanın təcavüzkar dövlət olduğunu, Ermənistan ərazilərini işğal etməyə çalışdığını nümayiş etdirir. Beynəlxalq lobbi qrupları Azərbaycana qarşı gözdənsalma kampaniyası aparır, eyni zamanda dünyaya göstərilir ki, iki ölkə arasında yaxın dövrdə birgəyaşayış, sülh sazişi mümkün deyil. O cümlədən, 2020-ci ildə imzalanmış və Rusiyanın vasitəçiliyi ilə aparılan sülh prosesi fiaskoya uğramış olur, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini yenidən canlandırmaq, dolayısı ilə 10 noyabr razılaşmasının gündəmdən çıxarılması, əvəzində Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesinin yenidən bərpa olunması və Qarabağ ermənilərinə status mövzusunu siyasi gündəmə daşımaq. Bu plan həm də Moskvanın rolunu zəiflədir, onun faktiki olaraq vasitəçilik missiyasının uğursuz olduğunu sübut edəcəkdi.

Göründüyü kimi, plan çox incəliklə hazırlanıb və Zəngəzur təxribatı Ermənistanın siyasi meydanda mövqelərini xeyli gücləndirməli idi.

Bu səbəbdən də sentyabrın 12-də erməni diversantlarının hücumu və ya provokasiyası qarşısında Azərbaycanın iki seçimi vardı. Ya qanuni dövlət sərhədlərində baş verən təxribatlarda dərinə getməyib sərhəddəki provokasiyalara “cavab atəşi” ilə reaksiya vermək, ya da bu təxribatın qarşısında Ermənistan rəhbərliyinin planlarını pozub revanşist qüvvələrin əl-ayaq açmasına sərt cavab vermək.

Azərbaycan rəhbərliyi ikinci variantı seçib. Əlbəttə, riskli addımdır, amma indi hər kəs anlayır ki, Ermənistanda hələ də güclü olan revanşist çağırışların qarşısında geri çəkilmək, güzəşt mövqeyində dayanmaq olmaz. Üstəlik, hazırda Azərbaycanın əlində Ermənistana qarşı hərbi təzyiqdən başqa rıçaq yoxdur. Azərbaycan Ermənistan hakimiyyətini atəşkəs sazişinə əməl etməyə, öhdəlikləri yerinə yetirməyə məcbur etmək üçün maksimum təzyiq göstərməyə məcburdur.

Azərbaycan ordusunun əks-hücumu və əldə olunan nəticələr bir neçə məqama işarədir:

0b818901-df77-36a1-9a05-8c33ebaa21c3_850.jpg (82 KB)

1. Göstərdi ki, Ermənistan tərəfindən istənilən təxribat ağır şəkildə cəzalandırılacaq, bu zaman hər hansı sərhəd və ya baryer Azərbaycana mane olmayacaq.

2. Azərbaycan ordusu çox güclüdür, düşmənin bütün baş qaldırmalarına kəskin cavab vermək iqtidarındadır.

3. Azərbaycan 10 noyabr atəşkəs sənədində qeyd olunmuş bəndlərin icrası barədə tələbində qalır və bunu reallaşdırmaq üçün hərbi gücdən istifadə edə bilər.

Nəticə etibarı ilə 12-13 sentyabrın eskalasiyası Ermənistan tərəfindən planlaşdırılmış İkinci Tovuz təxribatına bənzər provokasiyadır. Azərbaycan bu təxribatın qarşısında sərt cavab verməyə məhkum qalıb. Çünki əks halda bu günə qədər əldə olunmuş hərbi-siyasi üstünlük zəifləyə bilərdi. Bundan sonra hərbi və siyasi-diplomatik cəbhədə təzyiq siyasəti davam etməlidir ki, erməni və onun patronları güzəştə getsin.

_114750328_epa.jpg (18 KB)

12-13 sentyabr hadisələrinin Azərbaycan cəmiyyəti üçün bəzi mesajları oldu. Aydın oldu ki, döyüşlərin həlledici fazası bitsə də, müharibə bitməyib. Erməni məkri hər an Azərbaycana qarşı planlar qurur. Hər an növbəti hərbi toqquşmaya hazır olmaq lazımdır. Təkcə ordu, silahlı güc olaraq deyil, həm də mənəvi-psixoloji baxımdan.

İkincisi, artıq hər bir azərbaycanlı qəbul etməlidir ki, Cənubi Qafqaz və o cümlədən Azərbaycan-Ermənistan məsələsi iki ölkə münaqişəsi olmaqdan çıxaraq qlobal güclərin gizli-aşkar savaşına çevrilib. Bu savaş isə hələ uzun müddət davam edə bilər.

Kənan Rövşənoğlu,
xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR