İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələ Türkiyəni sakit buraxmır - insanlar təlaşda

739 28.02.2023 08:37 Gündəm A A

Qardaş ölkədə daha iki zəlzələ baş verdi; bölgədə təkanların bundan sonra da davam edəcəyi barədə xəbərdarlıq olunub

Türkiyəni silkələyən zəlzələlər davam edir. Belə ki, ötən gün qardaş ölkədə bir gün ərzində iki zəlzələ qeydə alındı. İlk olaraq səhər 05:51-də (Bakı vaxtı ilə 06:51) Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 maqnitudalı zəlzələ olub. yeraltı təkanların ocağı 8,51 km dərinlikdə olub.

İkinci zəlzələ isə Türkiyə vaxtı ilə saat 12:04-də (Bakı vaxtı ilə 13:04) Malatya əyalətinin Yeşilyurt rayonunda qeydə alınıb. Bu dəfəki zəlzələ 5,6 maqnitudalı olub. Yeraltı təkanların zəlzələ ocağı yer səthindən 6,96 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar ətraf vilayətlərdə də hiss olunub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayaraq bildirib ki, sonuncu zəlzələ nəticəsində bəzi binalar dağıntıya məruz qalıb. Bölgəyə xilasedici dəstələr göndərilib.

Son zəlzələlər nəticəsində bir neçə bina dağılıb, ilkin məlumata görə, 1 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Türkiyə mətbuatı Malatyada baş verən sonuncu zəlzələnin insanların böyük narahatlığına səbəb olduğunu yazır. Mütəxəssislər əvvəlki zəlzələlərin bu zəlzələlərə səbəb olduğunu bildirirlər. Bölgədə zəlzələlərin hələ bundan sonra da davam edəcəyi barədə xəbərdarlıq edilib.

Prezident köməkçisi Fuat Oktay insanları zədəli binalardan uzaq durmağa çağırıb:

“Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli olan binalardan uzaq durmalarını xahiş edirik”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Türkiyədə zəlzələdə ölənlərin sayı 38 mini keçdi - GlobalInfo.az

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.

Beləliklə, baş verən dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmağa macal tapmamış, qardaş Türkiyə yeni zəlzələlərlə üz-üzə qalır. Türkiyə rəsmilərinin məlumatına görə, Kahramanmaraş vilayətindəki güclü zəlzələdən sonra qardaş ölkədə 9 470-ə qədər afterşok qeydə alınıb. Təkcə son bir həftənin statistikası aşağıdakı kimdir:

Fevralın 20-si. Yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib. 16,7 kilometr dərinlikdə qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib.

Fevralın 25-i. Türkiyənin Sivas əyalətində 4,7 bal gücündə zəlzələ olub.

Fevralın 26-sı. Səhər saatlarında Adıyamanda 5, günorta saatlarında isə Malatyada 5,6 bal gücündə zəlzələ olub.

Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələr var. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, həmin tələbələr və onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanılır.

Ceyhun Bayramov: Ermənistan yaranmış tarixi fürsəti dəyərləndirməlidir -  AZƏRTAC

Ceyhun Bayramov 

Ceyhun Bayramov qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bir çox ölkələr yardım göndərib, amma ilk və ən irimiqyaslı dəstək göstərən ölkə Azərbaycan olub:

“Xilasedicilərimiz dağıntılar altından 50-dən artıq insan sağ çıxarılıblar. Hər bir insanın həyatı qiymətsizdir. Bununla paralel olaraq bizim səfirliyimiz və baş konsulluqlarımız vasitəsilə həmin ərazidən vətəndaşlarımızın təxliyəsi təşkil edilib. Əfsuslar olsun ki, orada həyatını itirən soydaşlarımız da var idi. Bəzi soydaşlarımız içində uzun illər Türkiyədə yaşayanlar olduğundan, onların ailə üzvlərinin müraciəti əsasında dəfn mərasimləri elə Türkiyədə təşkil edilib, digərləri isə Azərbaycana gətirilmişdi. Hələ də bu işlər davam etdirilir. Gündəlik olaraq bizim nəzarətimizdədir”.

Bu arada qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə səfər edib. Səfər zamanı Prezident Tayyib Ərdoğanla görüşən İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduqlarını qeyd edib. Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb, qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.

Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı

Qeyd edək ki, həm Azərbaycan dövləti, həm də xalqı daima maddi və mənəvi olaraq qardaş ölkəyə yardım və dəstəklərini nümayiş etdirməkdədir. Bir neçə gün öncə isə azərbaycanlı gənc Musa Musazadənin Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə verilən 10 min lirəni geri qaytarması Türkiyə mətbuatının gündəminə gəlib. 26 yaşlı Musa Musazadə videomüraciət yayaraq bildirib ki, 2014-2018-ci illərdə Qaziantep Universitetində təhsil alıb, həmin dövrdə Qaziantepdə qeydiyyata düşüb. Daha sonra isə Azərbaycana geri dönərək, hərbi xidmətini başa vurub, bundan sonra Türkiyənin İstanbul şəhərinə gəlib, orada yaşamağa başlayıb. Yaşayış qeydiyyatı hələ də Qaziantepdədir və baş vermiş dəhşətli zəlzələ zamanı onun qaldığı bina da dağılıb. Elə buna görə də hesabına dövlət tərəfindən 10 min lirə yardım yatırılıb. Musa isə “Mən zərərçəkən deyiləm, ehtiyacım yoxdur” deyərək pulu geri qaytarıb.

Musa Musazadə bildirib ki, həmin puldan bir qəpik belə xərcləmək mümkün deyil:

“Bu pul yaralanan və qayğıya ehtiyacı olan insanların haqqıdır. Mən orada yaşadığım zaman insanlar məni özlərinə övlad, qardaş biliblər. Vicdanım buna yol verməz ki, həmin pulu xərcləyim”.

Ona hesabındakı məbləğin üç gün ərzində geri qaytarılacağı bildirilib. Rəsmi qurumlar  tərəfindən Musa Musazadəyə nümunəvi davranışına görə təşəkkür edilib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR