İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürəklərimizdən vurun, ağrıdır axı..

523 13.07.2026 12:22 Yazarlar A A

Hər yerdə, hər şeydə avtoritet axtarmaq da düzgün iş deyil. Məsələn, bəzən elə olur ki, sənin on illərlə axtardığın bir ədəbi-bədii həqiqəti bir tanınmış dahi deyil, uzağı beş-üç nəfərin taınıdığı yazıçının əsərlərində tapırsan, hansılar ki, məşhurların gözqamaşdıran ziyasının fonunda hətta gözəgörünməz olurlar.
Əlbəttə, daha çoxhallarda bunun əksi baş verir həyatda, insanlar sadəcə, nufuza inanmağa məcbur olurlar.
Mən vaxtında iki alim görmüşdüm – akademik Loqunov və bir də professor Fridman. Biri Moskva Universitetinin rektoru idi, dəgəri isə çox tanınmış astrofizik. Hər ikisi iddia edirdi ki, onlar daha düzgün və yeni qravitasiya nəzəriyyəsi yaradıblar, amma Eynşteynin nüfuzu o qədər böyükdür ki, onların nəzəriyyələrini heç müzakirə etmək belə istəmirlər fiziklər! Sonrası nə oldu? 80-ci illərdən sonra düz üç kəşfə Eynşteyn nəzəriyyəsini sübut edən kəşflər kimi Nobel mükafatı verildi!
Belə yanaşmalarda, məsələn, kinodan danışan azı Berqmandan, yaxud da Tarkovskidən dəm vurur ki, onu bu sahədə diletant, yaxud da arxaik saymasınlar, çünki artıq Fellini-filan da köhnəlmiş sayılır.
Amma Freyd deyirdi ki, adamın davranışı da uşaqlıq təcrübəsindən asılıdır. Odur, mən də hərlənib - fırlanıb bizim Azərbaycan –sovet filmlərinə qayırdıram. İndi də bu sətirləri yazanda yadıma bizim “Yeddi oğul istərəm” filmi düşdü, həm də ona görə ki, inciməyin, indiki azərbaycanlılar üçün deyil nə Berqman, nə də ki, Tarkovski – bir daha deyirəm, bu sözümü qüsur bilməyin...
O ki qaldı filmə, oradan yadıma üç detal düşür. Yadınıza gəlirmi, Humay Cəlala deyirdi ki, gəl, çıxıb başqa ölkəyə gedək. Cəlalsa cavabında :Hara gedək, Humay? Hər yerdə müharibədir, qırğındır!” Yadınızdadırmı? Cəlalın meyitini görüb çöllüyyə qaçan Humay və səslənən musiqi çox gözəl idi–Allah Xəyyam müəllimə rəhmət eləsin...
Nəhayət, Cəlalın öldrülüməsi səhnəsi və onun “ürəyimdən vur, ağrıdır axı!” sözləri!..
Bilirsiniz, bizim keçmiş filmlərdə belə detallar çox idi, indi istəsən də, hətta çalışsan da bunları unuda bilmirsən. Bəlkə də ona görə ki, yenə də dünya ağalar və qullar dünyasıdır. Yox, mən demirəm ki, o vaxt ağaların haqqında söylənilərin, hətta qullar haqqında deyilənlərin hamısı tamam doğru - dürüst olub, yox, belə olmayıbdır.
Sadəcə, bu yaramaz Dünya yaranandan güclülərin, imkanlıların və gücsüzlərin, imkansızların Dünyası olub – nə qədər təriflənsələr də daim güclü gücsüzü əzməyə çalışıb. Bəli, bəla budur...
Bu savaş yəqin əbədi olacaq. Bir az gülünc görünsə də belə baxıram, başqa ölkələrdə süni intellektin başqa fəsadlarına diqqət yönəldildiyi halda bizimkilər “vurğu”nu daha çox jurnalistikaya edirlər. Tutaq ki, jurnalistika da olmadı. Bununla Azərbaycan düzələcəkmi? Bəs süni intellekt saxta dissertasiya, saxta roman yaza bilməyəcəkmi? Bəlkə bu haqda da bir azca düşünək! Yoxsa sərf eləmir?..
Bizim bunlardan fərqli olaraq süni intellektlə bağlı səs-küy qaldırmaq fikrimiz yox. Əsla! Labüd olacaq məsələlərə qarşı çıxmağın mənası yox. Amma vaxtında “robotlar insanları məhv edəcək” deyiləndə də unudulurdu ki, bu robotlar da insanların yazdığı proqramlar, alqoritmlər əsasında işləmirlərmi? Eyni sualı bəlkə süni intellektlə bağlı da vermək olardı, amma fərqində olan varmı? Adam bəzən özü də lap çaşıb qalır ki, görən, cəhənnəm-cənnət də Dünyanın bu üzündədir, yoxsa o biri?..
Eləsi olur, soruşur ki, axı sizlərə neyləmişik? Adam da bunun qarşılığında soruşmaq istəyir ki, daha neyləməlisiniz, yoxsa Yan Qus, Bruno kimi bizə də şəhərin ortasında tonqal qalamalısınız?
Lap çoxdanın söhbətidir. Bizi daha bir “idarə”yə çağırmışdılar. Belə şeyləri heç vaxt car çəkmirəm.
Sorğu-sual edirdilər və birdən otağa daha bir “naçalnik” daxil oldu və məni göstərib kinayəylə “yazar budur?” deyə soruşdu.
Mən heç nə demədim. Amma deyərdim ki, ağa naçalnik, əgər biz belə qeyri-ciddiyiksə, bu qədər gülməliyiksə bəs niyə bizdən bu qədər ehtiyat edirsiniz? Niyə işinizi-gücünüzü atıb bizimlə məşğul olursunuz?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR