İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Minsk Qrupunu “vurdu”: Putin onun sülh şərtini qəbul etsə, Rusiya çökər

6278 12.09.2022 19:42 Analitika A A

Rəsmi Kiyev Rusiya ordusu Donbass və Krım da daxil olmaqla, işğal etdiyi bütün Ukrayna ərazilərindən çıxarıldıqdan sonra Kreml ilə sülh danışıqlarına başlamaq niyyətindədir... ABŞ rəsmi dairələri Fransa-Almaniya cütlüyü başda olmaqla, bəzi Avropa ölkələrinin xəyanət edərək, Rusiyanı dəstəkləyə biləcəyindən ciddi şəkildə narahatdırlar...   

Ukrayna savaşında demək olar ki, hər şey tərsinə çevrilməyə başlayıb. Savaşın başladığı ilk günlərdən Rusiya qoşunları hücum taktikası üzrə hərəkər edirdi və Kreml 3-5 gün ərzində Ukrayna paytaxtı Kiyevdə “qələbə paradı” keçirtməyi planlaşdırırdı. Ukrayna ordusu isə bacardığı qədər müdafiə olunmağa, Rusiya ordusunun hücumunu dayandırmağa çalışırdı.

Ancaq indi Rusiya ordusu daha hücum etmir. Rusiyanın öz ordusunu hücuma yönəltmək üçün hərbi-texniki resursları tükənmək üzrədir. Hər halda, Qərb xüsusi xidmət servisləri belə iddiaları son vaxtlar daha tez-tez gündəmə gətirirlər. Üstəlik, Rusiya ordusunun hücum potensialını itirməsi və işğal edilmiş ərazilərdən tədricən geri çəkilməsi də bu iddiaları müəyyən mənada, təsdiqləyir. Və indi vaxtilə paytaxtı 3-5 gün ərzində işğal edilməli olan Ukraynanın ordusu əks hücum əməliyyatları reallaşdırır.

Digər tərəfdən, savaşın ilk həftələrində Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Qərbdən Rusiyanın durdurulmasını tələb edirdi. Eyni zamanda, Ukrayna lideri Rusiya prezidenti Vladimir Putin ilə sülh danışıqlarına hazır olduğunu bəyan edirdi. Kremldən verilən açıqlamalarda isə birqayda olaraq, prezident V.Putinin Ukrayna lideri V.Zelenski ilə görüşmək niyyətində olmadığı vurğulanırdı. Ən yaxşı haldasa, şərt irəli sürürdü ki, prezident V.Putin yalnız Rusiyanı qane edən məzmunda sülh sazişi hazırlanacağı təqdirdə, onu imzalamaq üçün V.Zelenski ilə görüşə bilər.

putin1646377325.jpg (86 KB)

Maraqlıdır ki, bu məsələdə də vəziyyət ciddi şəkildə dəyişib. Son günlər Ukrayna ordusunun uğurlu əks hücum əməliyyatlarının nəticələri Rusiyanı çətin vəziyyətə salıb. Kremldə anlamağa başlayıblar ki, Ukrayna ordusunun əks hücum əməliyyatı daha da güclənərsə, Rusiya ordusu işğal etdiyi bütün əraziləri itirə bilər. Hər halda, yaxın aylarda hətta Donetsk və Krımın Ukrayna ordusunun nəzarətinə keçmə təhlükəsi olduğundan Kreml biabırçı məğlubiyyət ehtimalından ciddi şəkildə narahatdır.

Ona görə də, indi Rusiya siyasi dairələri Ukrayna ilə sülh danışıqları barədə danışmağa başlayıblar. Böyük ehtimalla Kremldə hesab edirlər ki, Rusiya sürətlə biabırçı məğlubiyyətə yaxınlaşdığından, vaxt itirmədən indiki “situsiyanın dondurulması”na nail olmaq vacibdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna ilə danışıqlardan imtina etmək niyyətləri yoxdur: “Ancaq vaxt itirildukcə, sülh danışıqlarında anlaşmaq imkanları da məhdudlaşır”.

Rusiya xarici işlər naziri müəyyən mənada, haqlı görünür. Çünki vaxt keçdikcə, sülh danışıqlarının perspektivləri həqiqətən də şübhə altında qalır. Çünki, Ukrayna savaşında vəziyyəti öz xeyrinə dəyişməyə nail olmuş rəsmi Kiyev bu dəfə sülh danışıqlarına o qədər də həvəsli görünmür. Əksinə, rəsmi Kiyev artıq açıq-aşkar öz qələbəsinə əmin olduğundan, maksimalist şərtlər irəli sürməyə üstünlük verir.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB)

Buna əmin olmaq üçün Ukrayna prezidenti V.Zelenskinin açıqlamasına diqqət yetirmək tamamilə kifayətdir. Belə ki, Ukrayna prezidenti V.Zelenski bildirib ki, Rusiyanın konstruktiv danışıqlara hazır ola biləcəyinə qətiyyən inanmır: “Mən ultimatum irəli sürənlərlə danışıqlar aparmaq istəmirəm”.

Prezident V.Zelenski Ukraynanın sona qədər savaşacağını da vurğulyıb. Onun fikrincə, Ukrayna öz ərazilərinin tam şəkildə işğaldan azad edilməsinə nail olmalıdır: “Mən bilirəm ki, bəzi Avropa ölkələri Ukraynanı yenidən Minsk prosesinə sürükləməyə çalışırlar. Bütün dünya etiraf etməlidir ki, diplomatik nizamlama və Minsk Qrupu 2, 3, 5 və ya 10 tamamilə fərqli prosesdir. Minsk Qrupu ilə bağlı proses mənasız kağız parçalarından başqa bir şey deyil. Rusiya ilə yalnız işğalçılar Ukraynanın bütün ərazilərini tərk etdikdən sonra danışıqlar aparmaq olar”.

Təbii ki, Ukrayna prezidentinin mövqeyi ABŞ-ın maraqlarına və əsas hədəflərinə tamamilə uyğundur. Çünki, Ağ Ev Ukrayna savaşının daha da uzanaraq, Rusiyanın ciddi şəkildə zəifləməsinə cəhd edir. ABŞ Rusiyanın imperiya idarəçilik modelinin dağılmasına çalışır. Və buna nail olacağı təqdirdə, dünya hegemonluğu uğrunda mübarizədə önəmli bir beynəlxalq rəqibini sıradan çıxara biləcəyinə tamamilə əmindir.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Bütün bunlara baxmayaraq, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət ABŞ-ı da ciddi şəkildə narahat edir. Belə ki, Ağ Ev bəzi Avropa Birliyi ölkələrinin enerji böhranının təzyiqi altında Rusiya və Ukraynaya yönəlik mövqeyini dəyişə biləcəklərindən ehtiyat edir. Çünki, hazırda Avrpada parçalanma riski tamamilə real xarakter daşıyır. Hər halda, Avropa məkanında Rusiyanın izolyasiya strategiyasına qarşı kütləvi etiraz dalğasının baş qaldırma təhlükəsi mövcuddur.

Onu da qeyd edək ki, Avropa Birliyinin aparıcı ölkələri də hazırda mövcud situasiyadan çıxış yolları axtarmağa başlayıblar. Xüsusilə də, Fransa və Almaniya bu prosesdə daha fəal davranmaları ilə diqqəti çəkir. Almaniya kansleri Olaf Şolts Ukraynaya vəd olunmuş silahların göndərilməsindən növbəti dəfə imtina edib. O, Almaniyanın da hər ehtimala qarşı güclü orduya və müasir hərbi texnikaya ehtiyacının olduğunu bəhanə edib.

Fransa prezidenti Emmanuel Makron isə Kreml sahibi V.Putin ilə yenidən təmasa keçib. Verilən məlumatlardan belə məlum olur ki, Fransa prezidenti Rusiyanın Ukrayna savaşında düşdüyü vəziyyətdən xilas edilməsini və sanksiyaların müəyyən hissəsinin ləgv olunma perspektivlərini müzakirə edib. Yəni, Rusiya ordusu məğlub olduqca, Fransa-Almaniya cütlüyü Kremlin xilas yolları ətrafında daha intensiv canfəşanlıq etməklə diqqəti çəkir. Və bu, Rusiyanın dünyaya, o cümlədən də, Avropaya çox lazım olduğunu qabardan siyasi-diplomatik propoqanda ilə müşayiət olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR