İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc: “Növbəti görüşlərdə Rusiya hərbi qüvvələrinin iştirakına ehtiyac qalmayacaq”

680 01.03.2023 19:32 Gündəm A A

Xəbər verdiyimiz kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs, Milli Məclisin deputatı Ramin Məmmədov bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə masanın başında Ramin Məmmədovun deyil, rus sülhməramlıların əyləşməsi, masada Azərbaycan bayrağının qoyulmaması ciddi narazılıqla qarşılanıb. Bildirilir ki, Ramin Məmmədov rəsmi nümayəndədir, Xocalı isə Azərbaycan ərazisidir və bu, bütün rəsmi sənədlərdə, BMT qətnamələrində, Ermənistanın imzaladığı Almatı Bəyannaməsində də belədir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə Pravda.az-a müsahibəsində deyib ki, bunu müxtəlif dairələr ilk anda qarşı tərəfin hüquqi, yaxud siyasi tanınması, onlara legitimlik qazandırılması və digər anlamlarda üçüncü dövlətlərin marağı, dördüncülərin planı, beşincilərin fotodan irəli gələn fikirləri və s. ilə əlaqələndirəcəklər: “Birincisi, biz ya silah altında diktələr edirik, Xankəndindəki ermənilərə pasport paylayırıq, hansısa qanunlara tabeçiliklərini istəyirik, məcburi şəkildə birgəyaşayış üçün addımlar atırıq. Bu halda Ukrayna mənzərəsi yaranır. Düşünmürəm ki, bunun effektivliyini sona qədər təmin etmək olar. Zor və hərbi diktat bölgədə hər hansı bir haqla sülhü, birgəyaşayışı, təhlükəsizliyi təmin etməyəcək. Rus sülhməramlılarının səlahiyyətləri yalnız hansısa səngərdə dayanaraq özlərinə aid müəyyənləşdirdikləri məsuliyyət zonasında atəş açılıb-açılmamasını izləmək, tənzimləmək deyil. Onlar nəqliyyat vasitələrinin müşaiyət edilməsinə, məlum qrafikə əməl olunmasına, ermənilərin yaşadıqları yerlərdə insident baş verməməsinə müəyyən mənada nəzarət etməyə çalışıblar. İndiki halda danışıqlar hadisəsi yenidir. Xüsusilə 12 dekabrda Laçın-Xankəndi yolundakı məlum dinc aksiyadan sonra proseslər bir qədər dramatik xarakter almışdı. Ermənilər hadisələri beynəlxalq məkana çıxarmaqla, hətta Beynəlxalq Ədalət Məhkəməsi yanında arzu etdikləri qərarı korrektələrlə də olsa, əldə etmişdilər. Ona görə də Azərbaycan bunaqədərki dövrdə müəyyənləşdirdiyi kursu aparmaqdadır. Yəni ölkəmizin coğrafiyası vahiddir, suverenliyi bütövdür. Etnik-milli xarakter daşımayan, amma müəyyən səbəbdən separatizmdə, yaxud tərəflərdə olmuş insanlarla da gedib görüşülür. Axı bu gün Xankəndində, Xocalıda yaşayanların hamısını “terrorçu” elan etməmişik. Bəli, kimsə bu cür mövqe tutsaydı ki, ermənilərin hamısı silahlıdır, onlarla danışıq aparmaq olmaz, onda davranışlarımız fərqli olardı. İndiki halda mümkündür ki, Ramin Məmmədovun görüşündəki masanın forması, məlum dairəvi sistemə əməl edilməsi, ranqlar, görüşdə kimin birinci danışması və s. məsələlər qoyula bilərdi. Necə təsəvvür edirsiniz? İlk dəfədir ki, Xankəndindəki ermənilərin arasındakı cinayətkar qüvvələrin iradəsini yararaq ora gəlmiş adamlar - hansı ki “təhlükəsizlik qüvvələrini təmsil etdikləri” deyilir və biz Şarmanyana və başqalarına elə bir vəzifə verməmişik, bütün hallarda onlar yerli yaşayan ermənilərdir, Ermənistandan, yaxud üçüncü dövlətlərin nümayəndələri deyil. Görüş Azərbaycan torpağında baş verir. Doğrudan da, danışıqların mövzusu reinteqrasiya, birgəyaşayışdır. Bu hadisə fonunda dövlət, hakimiyyət orqanları, parlament təmsilçiləri tərəfindən bizim media məkanına düzgün mesajlar verilməlidir. Çünki sırf zahiri məqamlara, əlamətlərə köklənən dairələr hadisələri ölkəmizin, sülhün, birgəyaşayışın əleyhinə çevirmək üçün ordan istənilən məqamı çıxaracaqlar. Guya bizim xeyrimizə, amma əsl mahiyyətdə isə konflikti davam etdirmək üçün. Ermənilərin yaydıqları məlumatlarda “Artsax” adı, Ermənistandan verilən qazın fasiləsizliyi, infrastruktur təminatı, yoldan istifadə və s. məsələlər qeyd olunur. Amma sonda vurğulayırlar ki, görüş konstruktiv keçirilib. Beləliklə, mən hər bir halda Azərbaycan dövlətinin məsələyə sistemli yanaşdığının, hüquqi, konstitusion prinsiplərin gözlənildiyi qənaətindəyəm. Xüsusilə Laçın-Xankəndi yolu ətrafında qurulan beynəlxalq təzyiq və tələlərin bu addımlar vasitəsilə zərərsizləşdiriləcəyinə dərindən inanıram. Əminəm ki, Qarabağdakı erməni sakinlərin təmsilçiləri ilə növbəti görüşlərdə Rusiya hərbi qüvvələrinin iştirakına qətiyyən ehtiyac qalmayacaq”.

ZahidOruc deyib ki, məsələyə geniş tabloda baxılan zaman söhbət Vətən müharibəsində qazanılan qələbədən sonra Prezident İlham Əliyevin elan etdiyi regionda təhlükəsizlik və sülh konseptinə uyğun atılan addımlardan gedir: “Münxen Təhlükəsizlik Konfransında da cənab Prezident yenə Ruben Vardanyanın prosesə kənar bir gündəliklə qoşulması, onaqədərki dövrdə yaranan kövrək əlaqələrə zərbə gəlməsindən danışmışdı. İsrarla vurğulamışdı ki, Vardanyanın Qarabağı tərk etməsi fonunda əlaqələr başlanacaq, genişlənəcək, davam edəcək. Xatırlatmaq istəyirəm ki, digər məsələlərlə bağlı buna qədər iki dəfə görüş olub və xüsusi bir ajiotaj doğurmamışdı. Bu görüşlərin Xocalıda - Azərbaycan üçün son dərəcə həssas bir məkanda olması - əslində bu vasitələrlə qayıdışın gerçəkləşdirildiyi qənaətindəyəm. Ermənilər, xüsusilə onların özlərini “rəhbər” elan edən şəxsləri Azərbaycan xalqını müəyyən bir obrazda təqdim edirlər. Bu görüşlərdə isə ermənilər əsl həqiqətlərdən əmin olurlar. Evlərinə, çevrələrinə dönəndə, bəlkə də, təzyiq qarşısında, publikanın önündə fərqli fikir söyləyərlər. Amma şübhə etmirəm, daxillərində görürlər ki, biz normal insanlarıq, “harda erməni görürsən, öldür” prinsipləri ilə yaşamırıq. Qətiyyən belə bir idealımız yoxdur. Birinci Qarabağ müharibəsindən sonra ermənilərin dünyaya özlərini təqdim etdikləri kimi sərsəm ideologiyalar üzərində fəaliyyət müəyyənləşdirmirik. Əksinə, istəyirik ki, Xankəndi daxil, Xocavəndlə birlikdə bütün bölgə infrastruktur, təbiət, coğrafiya, qanunlar – hamısı Azərbaycanın nəzarəti altında mövcud olsun. Bunun alternativi yoxdur. 20% - bu boyda işğal gerçəkliyini ortadan qaldırmışıqsa, indi strateji yüksəkliklərə nəzarət etdiyimiz dönəmdə qeyri-mümkündür ki, Qarabağda yaşayan bir ovuc erməni – sayı 30 mindən yuxarı deyil, onları qorumaq üçün müəyyənləşmiş 5-6 min qurbanlıq - vəziyyəti dəyişsin. Axı sülh prosesini öz vətəndaşlarımız kimi onlarla aparanda nə Ermənistan, nə beynəlxalq vasitəçilər, nə də ATƏT-in Minsk Qrupu olacaq”.

Z.Oruc növbəti görüşlərdə masanın üzərində Azərbaycan bayrağının olmasını tələb edənlərə isə belə cavab verib: “Təkcə hər hansı bir formatda Azərbaycan bayrağından danışmıram. Əminəm ki, bütövlükdə Xankəndində, Xocavənddə, Xocalıda Azərbaycan bayrağı və Konstitusiya qanunlarımız çərçivəsindən kənarda fəaliyyət aparmağın qeyri-mümkünlüyünü hər bir erməni dərk edəcək. Lakin başa düşməliyik, bu proses müəyyən zaman tələb edir, addımlar atılmalıdır. Xankəndində yaşayan ermənilər arasında sorğu aparsaq, görəcəyik ki, onların müstəqilliyə inamı sarsılıb, hətta bəlkə, 0%-dir. Bu, çox böyük nəticədir. Deməli, Vətən müharibəsi nəticələrini verib. Qarabağdakı ermənilər Ermənistana ciddi nifrətlə yanaşırlar. Bəs, müxtəlif dövlətlərdən hansı gözləntiləri var? Belə şəraitdə elə addımlar atmalıyıq ki, bir ovuc ermənini öz tərəfinə keçirib, əleyhimizə qaldıran, “baxın, övladlarınız ölüb gedib, siz isə azərbaycanlılarla birgə yaşayacaq, onların bayrağını qəbul edəcəksiniz?” kimi yanaşmaları irəli sürə bilməsinlər. Ramin Məmmədovun görüşündəki bayraq məsələsi nəinki növbəti danışıqda, bütövlükdə bölgədə reallaşacaq. Biz bayrağımızı Şuşaya qəhrəman Ordumuzun əli ilə sancmışıq. Bunu Xankəndində, Xocavəndə, Xocalıda da Silahlı Qüvvələr edəcəksə, Qarabağda hansısa erməni yaşamaq istəyəcəkmi? Bu, mümkün olacaqmı? Bunun beynəlxalq qiymətləndirilməsi necə olacaq? Qələbənin müəllifi lider olaraq Prezident İlham Əliyevdir, xalqımız, Ordumuzdur. İnanmaq lazımdır. Əmin olmalıyıq ki, Azərbaycanın mənafelərinə zidd hər hansı addımlar baş verməyəcək, yəni Xankəndində ermənilərin yerli özünüidarə, hansısa vəzifələrdə təmsilçilikləri baş verə bilər. Biz qətiyyən orda bütün vəzifələrdə qeyri-millətlər olması mövqeyində deyilik. Ermənilərə “vətəndaş” deyiriksə, onların hüquqlarını da tanımalıyıq. Ancaq bunların hamısı ərazi bütövlüyümüzə həmin ermənilərin münasibətindən keçir. Konstitusiyamızın gerçəkləşməsi şəraiti bərqərar olmalıdır. Bu halda deyəcəyik ki, sülhməramlılar öz missiyalarını yerinə yetirdilər, artıq 2025-ci ildə ortada hansısa hakim, münsif, vasitəçi olmasına ehtiyac duymadan biz görüşləri fəal şəkildə aparırıq. Sizi əmin edirəm ki, bu gün danışıqlarda iştirak edən şəxsləri və bu addıma Ermənistanın, dünya erməniçiliyinin içindən süngü ilə çıxanlar, ultimatumlarla yanaşanlar “türkofil”, yaxud “Azərbaycanpərəst” adlandıracaqlar, ünvanlarına başqa sərt ittihamlar səsləndirəcəklər ki, bizimlə əlaqələri var. Belə şəraitdə hadisələri düzgün istiqamətdə aparmaq üçün rasional, soyuqqanlı mövqeyi əldə saxlamalıyıq. Yəni sülh oldusa, hadisə ətrafına xaricdən gələn müxtəlif jandarm dairələrin – hansı ki onların mövqeyi yalnız bu bölgədə müharibə zamanı işləyir - heç birinə ehtiyac yoxdur. Hamı rinqdə guya iki tərəfi sakitləşdirməyə gəlib. Məqsəd isə onları döyüşdürərək hər ikisinin qanını tökmək, bu müharibədən silah, iqtisadiyyat, bölgədə geopolitik maraqları həyata keçirməkdir. Məgər Xankəndində ermənilər və azərbaycanlılar arasındakı sülh Fransanın marağındadır? Yaxud başqa üçüncü Qərb dövlətlərinin, eləcə də bölgədə digər dairələrin? Onlar hər vəchlə qarşı çıxmağa çalışacaqlar. Belə şəraitdə bayrağımızı da, görüşdəki masanın formatını da tələb etməklə yanaşı, unutmamalıyıq ki, bu kursun, diplomatik savaşın, görüşlərin müəllifi Azərbaycan dövlətidirsə, orada son damlasına, son kvadrat-metrinə qədər Azərbaycan qanunlarının işlədiyi məkan əldə etmək istəyirik. Məsələn, Kipr müharibəsi 50 ildən artıqdır ki, davam edir. Hər zaman daha ağır nəticələr doğurmaq potensialına malikdir. Biz isə savaşdan cəmi üç il sonra göstərmək istəyirik ki, Qarabağdakı bütün erməniləri məhv etmək, ayrı-ayrı dairələrin dediyi kimi, “humanitar katastrofa doğurmaq” niyyətində deyilik. Bu görüşlər öz-özlüyündə Ermənistanla sülh müqaviləsinin də daha tezliklə mümkünləşməsinə təsir göstərəcək. Hazırkı addımları belə qiymətləndirirəm”.

Aytəkin Qardaşova, Pravda.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR