İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoluxma sayı yenidən artdı, yeni dalğa gəlir?

1395 12.03.2022 10:40 Gündəm A A

İnfeksionist: “Karantin qaydaları yumşaldıldıqca yoluxma sayında artmalar müşahidə edilir, amma...”

Son günlər koronavirusa yoluxma sayında xeyli azalmalar müşahidə edilirdi. Amma martın 6-dan karantin rejimi yumşalandan sonra yoluxmaların dinamikasında dəyişiklik hiss olunur. Yoluxma sayı yenidən artmağa başlayıb.

Məsələn, yazını hazırladığımız zaman virusa yoluxanların sayı 270 olub. Bir gün öncə isə bu rəqəm 126 idi. Ölüm sayı da narahatlıq doğurur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib. Yenidən yoluxma sayının sürətlə artacağı barədə proqnozlar da verilir. Millət vəkili Fazil Mustafa da qəzetimizə bildirib ki, karantin qaydalarının yumşaldılmasına görə bir müddət sonra ölkədə xaotik vəziyyət yarana bilər. O deyib ki, insanlar toy, yas məclislərində heç bir qayda  gözləmədən toplu şəkildə toplaşırlar. Bu isə tezliklə yoluxmanın artmasına gətirib çıxaracaq.

Bəs, görəsən, deyildiyi kimi, təhlükə varmı? Yoluxma sayının artmaması üçün yenidən qaydalar sərtləşdirilməlidirmi?  

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev 

Məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev  “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Pandemiyanın, yoluxmaların bir qaydası var. Bu da ondan ibarətdir ki, karantin qaydaları sərtləşdirildikcə yoluxma sayı azalır, karantin qaydaları yumşaldıldıqca yoluxma sayında artmalar müşahidə edilir. İndi karantin qaydalarında yumşalmalara gedildi, çünki həm bizdə, həm də dünyada kollektiv immunitet formalaşıb. Bu da ”Omikron" variantı ilə bağlıdır. “Omikron” variantı sürətli yoluxmaya səbəb oldu və yüngül keçdi. Rəsmi rəqəmlərdə də anti-rekordlar qeydə alındı. Bundan da bir neçə dəfə çox insanlar ev şəraitində müalicə olundu. Beləliklə, sürətli şəkildə kollektiv immunitet formalaşdı, bundan sonra yoluxma sayında azalma müşahidə edildi. Karantin qaydaları buna uyğun olaraq yumşaldılmağa başlandı.

Dediyim kimi, yoluxma sayında bir az artımlar, alovlanmalar olacaq, yavaş-yavaş azalmalara doğru gediləcək. Bu da virusla təmasda olmayanların, yaxud da əvvəllər yoluxub ikinci dəfə yoluxanların hesabına bu artım davam edir. Yaxın günlər ərzində azalma daha da müşahidə ediləcək. Nəzərə almalıyıq ki, yaya doğru gedir. Yay fəsli virusun əleyhinədir. Yəni yayda yoluxma sayında azalma daha da müşahidə ediləcək. Səhiyyə sistemi üçün problem olmayanda yumşalmalara gedilir. Belə bir problem olmadığı üçün burada da yumşalmalara gedildi. Bu da o deməkdir ki, xəstəxana şəraiti tələb olunanların sayı çox azdır. Bizdə palatalarda da yerlər demək olar ki, boşalıb. Modul tipli xəstəxanaların çoxu bağlandı. Reanimasiyalarda xəstə demək olar ki, yoxdur.  Ona görə tam yumşaldılmalara gedildi, bu da doğru addım idi". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR