İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi nazir Prezident İlham Əliyevlə görüşdü: hansı təkliflə gəlmişdi, nə ilə dönür...

693 20.04.2023 13:11 Siyasət A A

İsrail xarici işlər nazirinin Bakıya tarixi səfəri Tel-Əvivdə səfirliyimizin açılması və İranla əlaqələrin nisbətən yumşalma dövrünə təsadüf edir; paytaxtda birgə komissiyanın iclası iqtisadi əlaqələri gücləndirəcək, dövlət başçısı mesajlar verdi; Asim Mollazadə: “Strateji tərəfdaşlıq üçüncü ölkəyə qarşı yönəlməyib, bütün sahələrdə əməkdaşlıq inkişaf edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib. “Yeni Müsavat” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Bir gün əvvəl yəhudi nazir iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Görüşdə ölkələr arasında əlaqələrin hərtərəfli inkişafı məmnunluqla vurğulanıb, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr aparılıb. Nazirin səfəri İsraildə səfirliyimizin açılmasından az sonraya təsadüf edir. Bu səfər əlaqələrin daha da genişlənəcəyini xəbər verməkdədir. İran rejiminin Bakını ittiham etməsinə baxmayaraq, Bakı İsraillə dostluq münasibətlərini möhkəmləndirməyə davam edəcək. Halbuki əsassız yerə bizi ittiham edirlər ki, guya İranla sərhəddə “sionist rejim” mövcuddur və Tehran əleyhinə hansısa iş aparılır. Lakin göründüyü kimi, Azərbaycan-İsrail əlaqələri İrana qarşı yönəlməyib. Amma Tehran-İrəvan münasibətləri birbaşa bölgədə qarışıqlıq yaratmaqla nəticələnir.

Onu da deyək ki, Bakıda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 3-cü iclası keçirilib. İclasda ikitərəfli iqtisadi əməkdaşlıq üzrə gündəlikdə olan məsələlər nəzərdən keçirilib: ticarət əlaqələrinin və investisiyaların təşviqi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq istiqamətləri, innovativ texnologiyaların tətbiqi - rəqəmsal iqtisadiyyat. Komissiyaya Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen həmsədrlik edib. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.

Dövlət başçısı bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Prezident əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

“Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesi uğurla həyata keçirilir” - Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən bildirib. Prezident bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd edib. Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib. O, bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını qeyd edib. İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsraillə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib. İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edilib.

Dövlət başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verib, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulanıb.

İki ölkə arasında Ətraf mühitin mühafizəsi sahəsində saziş imzalanıb. Sazişi İsrail xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb. Mikayıl Cabbarov bildirib ki, saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın İsraillə münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişafı heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. A.Mollazadənin sözlərinə görə, biz hər iki ölkənin maraqlarına uyğun şəkildə əməkdaşlıq əlaqələri qurmuşuq: “Hazırda kənd təsərrüfatı, innovasiya sistemləri, təhsil və mədəniyyət sahələrində əlaqələri genişləndiririk. Bu, hər iki dövlətin maraqlarına uyğundur. Eyni zamanda İsraildə səfirliyimizin açılmasından sonra xarici işlər nazirinin ölkəmizə səfəri əlaqələrə daha da müsbət təkan verəcək”. A.Mollazadənin sözlərinə görə, Azərbaycan İsrailin təcrübəsindən istifadə edəcək, habelə bu ölkənin şirkətlərinin yatırım etməsi gözlənilir: “Söhbət kənd təsərrüfatı, meliorasiya sahələrində investisiya qoyulması, o cümlədən azad olunan ərazilərdə yeni texnologiyalardan istifadə edilməsindən gedir. Bütün bunlar Azərbaycanın maraqlarına uyğundur. Ona görə aprelin 19-da keçirilən biznes forum da əlaqələrin inkişafına çox müsbət nəticələr verəcək. Bununla yanaşı, turizm sahəsində də qarşılıqlı əməkdaşlıq fürsətləri yaranır. Həm Azərbaycana israillilər gələcək, həm də azərbaycanlılar İsrailə səyahət edəcəklər. Bir faktı da xatırladım ki, İsrail Azərbaycana 44 günlük müharibədə ciddi dəstək verib, o baxımdan, təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq güclənəcək”.

Rusiya ilə saziş Qarabağ mövzusunda nə vəd edir...

Züriyə Qarayeva

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, 2022-ci ilin noyabrında Azərbaycan Təl-Əvivdə səfirlik açmaq barədə tarixi qərar qəbul etdi: “Diplomatik missiyanın açılması qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir və möhkəm diplomatik körpülərin salınması üzrə səylərin nəticəsidir. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə dövriyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib. Bununla belə, İsrailin Azərbaycandakı səfiri Corc Dikin sözlərinə görə, Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsinin bu il ikiqat artacağı gözlənilir. İsrailin xarici işlər naziri Eli Kohenin 18-19 aprel tarixlərində Azərbaycana səfəri sürətlə inkişaf edən ikitərəfli münasibətlərin daha bir sübutudur. Hesab edirəm ki, İsrail XİN-in Bakıya səfəri diplomatik əlaqələrin daha da genişləndirilməsi, yeni sənədlərin imzalanması ilə əhatə olunmaqla yanaşı, burada İran faktoru da gözardı edilməməlidir”. Ekspertin fikrincə, Suriyada Tel-Əviv-Tehran qarşıdurmasının yaşanması, Qərbi Asiyada toqquşmaların artması, Livan və Qəzza zolağından İsrailin atəşə tutulması, bu xüsusda İsrail-İran müharibəsinin başlaması ilə bağlı proqnozların səsləndirilməsi Bakıdakı görüşün əhatəli olacağından xəbər verir: “İran PUA-larının Ermənistanla Azərbaycan sərhəd xəttində məhz hərbi eskalasiyanın yaşandığı vaxt havaya qalxması İsrail tərəfdən İslam Respublikasına qarşı ortaq preventiv addımlar atılması təklifini gündəmə gətirə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR