İnsanlara hürriyət, millətlərə istiqlal!

Yayda hansı ölkələrdən daha çox turist gələcək?

925 19.04.2023 11:11 Siyasət A A

Bu yay quru sərhədlərin də açılacağı gözlənilir, ona görə də...

Ötən il Azərbaycana Türkiyədən 311 min turist gəlib. Bununla da ölkəmizə  gələn turistlərin sayına görə Türkiyə ilk beş ölkə arasındadır. Bu barədə 26-cı Şərqi Aralıq dənizi Beynəlxalq Turizm Sərgisi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib. “Bu, Türkiyənin Azərbaycanda turizm sənayesi üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Türkiyədən daha çox turist cəlb etmək potensialımız var. Ölkələrimizin vətəndaşları yalnız şəxsiyyət vəsiqəsi ilə, vizasız və pasportsuz səyahət edə bilərlər”, - deyə B.Əsgərov deyib.

Yaxın zamanda ölkədə yay turizm mövsümünə start veriləcək. Bəs ölkəmiz yay turizminə necə hazırlaşır? Bu yay daha çox hansı ölkələrdən turist gələcəyi gözlənilir?

Ceyhun Aşurov: Dünyada sağlamlıq turizmi artan templə inkişaf edir - AZƏRTAC

 Ceyhun Aşurov 

Mövzu ilə bağlı turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a danışıb: “Ötən il ölkəmizin turizm bazarının demək olar ki, 50 faizi bərpa olundu. Belə ki, statistikaya əsasən ötən il ölkəyə gələn xarici vətəndaşların sayı 1,6 milyona yaxın olub. Ümumdünya Turizm Təşkilatının ekspertləri də qeyd edir ki, 2023-cü ildə dünyada turizm bazarı pandemiyadan öncəki dövrlə müqayisədə təxminən 80-90 faiz bərpa olunacaq. Əlbəttə ki, sabit şərtlərdə bunun Azərbaycana da müsbət təsirləri olacağı gözlənir. Artıq bu yay ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı ehtimallar var. Sərhədlər açılacağı təqdirdə turizm sektorunda xeyli calanma olacaq”.

Ekspert qeyd etdi ki, bu ilin yay mövsümündə xarici turistlərin sayında da xeyli aktivlik müşahidə olunacaq: "Hər zaman olduğu kimi, bu il də qonşu ölkələrdən, o cümlədən qardaş Türkiyə, Gürcüstan, Rusiyadan daha çox turistin gələcəyi gözlənilir. Əvvəllər İrandan da çox sayda turistlər gəlirdi, onların böyük əksəriyyəti öz soydaşlarımız idi. Lakin məlum son hadisələrə görə bu ölkədən Azərbaycana gələnlərin sayında kəskin azalma var. Həmçinin Qazaxıstan, körfəz ölkələri, Pakistan, Hindistan, İsraildən də aktiv turist sayı olacağı gözlənilir".

Ceyhun Aşurov regionlarda 2-3 ulduzlu hotellərin açılacağının turizm sektoruna böyük təkan verəcəyini də deyib: “Statistikaya əsasən, Azərbaycanda 700 hotel var. Otaq fondumuz təxminən 23 min, nömrə fondumuz isə 53 mindir. Bir müddət əvvəl 19-cu Beynəlxalq Turizm Sərgisi zamanı Dövlət Turizm Agentliyinin rəsmiləri 2026-cı ilə qədər təxminən xarici turistlərin 4 milyona çatacağı barədə hədəflərinin olduğunu elan etdilər. Əlbəttə ki, bu çox ciddi rəqəmdir. Nəzərə alsaq ki, pandemiyadan əvvəl, yəni 2019-cu ildə ölkəyə 3, 2 milyona yaxın əcnəbi gəlmişdisə, 2026-cı ilə qədər bu rəqəmin 4 milyona çatdırılması ciddi faktdır. Lakin hotellərin, həmçinin mövcud nömrə fondu o qədər çox  deyil. Hesab edirəm ki, daha çox təşviqlər həyata  keçirilməlidir. Xüsusən də regionlarda 2-3 ulduzlu hotellərin, ümumiyyətlə, qalma yerlərinin  sayı daha da artırılmalıdır. Bunun üçün sahibkarlar bu işə təşviq olunmalı, maliyyə mənbələri daha əlçatan olmalı, yerlərdə müəyyən baryerlər varsa, tamamilə aradan qaldırılmalıdır. Beləliklə, Azərbaycan nə qədər turizm ölkəsi kimi əlçatan olarsa,  ölkəyə gələn turist üçün nə qədər rahat olarsa, o qədər biz daha çox turist qəbul edə bilərik”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR