İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərq savaşı bitir? - kritik gəlişmə

631 04.06.2024 11:15 Dünya A A

Cümşüd Nuriyev: “ABŞ prezidenti tərəfindən səsləndirilən planın icra perspektivi şübhəlidir”

ABŞ prezidenti Co Bayden Qəzzada on minlərlə insanın ölümünə və humanitar böhrana səbəb olan müharibəyə son qoymaq üçün üç mərhələdən ibarət atəşkəs planı təqdim edib.  Təklif atəşkəs, israilli girovların və fələstinli məhbusların azad edilməsi və Qəzzanın yenidən qurulmasını nəzərdə tutur. ABŞ rəsmiləri dörd səhifə yarımlıq planın nəzərdən keçirilməsi üçün ötən həftə HƏMAS-a göndərildiyini bildirib. Amerikalı nümayəndələr qeyd edir ki, sözügedən plan HƏMAS-ın bundan əvvəl qəbul etdiyi təkliflə “demək olar ki, eyni”dir. İsrail baş naziri Benyamin Netanyahunun ofisi cümə günü planı dəstəklədiyini bildirib. Baydenin təklifi etdiyi üç mərhələdən ibarət planın bəzi detallarını təqdim edirik. 

Planın birinci mərhələsi altı həftə davam edəcək və bu mərhələdə tam atəşkəs elan olunacaq. İsrail qüvvələri Qəzzanın “bütün məskunlaşmış bölgələrindən” çıxarılmalı, qadınlar da daxil olmaqla, bir sıra girovların azad edilməsi, qocalar, yaralılar qarşılığında yüzlərlə fələstinli məhbusun sərbəst buraxılması təmin edilməlidir.

Co Bayden əlavə edib ki, bu mərhələdə fələstinli mülki vətəndaşlar Qəzzanın bütün bölgələrində öz evlərinə və məhəllələrinə qayıdacaq, bölgəyə hər gün 600 TIR humanitar yardım göndəriləcək.

“Atəşkəs zamanı bu yardım ehtiyacı olan hər kəsə təhlükəsiz və effektiv şəkildə paylana bilər. Beynəlxalq ictimaiyyət yüz minlərlə müvəqqəti sığınacaq, o cümlədən yaşayış yerləri çatdıra bilər”, - deyə Bayden əlavə edib və birinci mərhələnin razılaşmanın əldə edilməsindən bir müddət sonra başlaya biləcəyini vurğulayıb. 

Birinci mərhələdə təklifin növbəti mərhələsinə keçmək üçün İsrail və HƏMAS arasında danışıqlar aparılacaq.

Co Bayden ikinci mərhələni “düşmənçiliklərə daimi son” adlandırıb. Bununla belə, o əlavə edib ki, ikinci mərhələyə çatmaq üçün danışıqlar altı həftədən çox davam edə bilər, çünki iki tərəf arasında fikir ayrılıqları olacaq.  “İsrail öz maraqlarının qorunduğundan əmin olmaq istəyəcək, lakin təklifdə deyilir ki, əgər danışıqlar birinci mərhələdən altı həftədən çox çəksə, danışıqlar davam etdikcə atəşkəs hələ də qüvvədə qalacaq”, - Bayden bildirib. ABŞ, Qətər və Misir bu müddət ərzində ikinci mərhələnin başlanması üçün “bütün razılaşmalar əldə olunana qədər” danışıqların davam etdirilməsini təmin edəcək. Co Baydenin sözlərinə görə, ikinci mərhələdə kişi əsgərlər də daxil olmaqla, sağ qalan bütün girovlar azad ediləcək, İsrail qüvvələri Qəzzadan çəkiləcək: “HƏMAS öz öhdəliklərinə əməl etdikcə, müvəqqəti atəşkəs hərbi əməliyyatların daimi dayandırılmasına çevriləcək”. 

Co Bayden bu mərhələdə “Qəzza üçün əsaslı yenidənqurma planının başlayacağını və öldürülən girovların son qalıqlarının ailələrinə qaytarılacağını” söyləyib. O, İsrailin “son 8 ay ərzində HƏMAS qüvvələrini darmadağın etdiyini” deyib və əlavə edib ki, hazırda HƏMAS daha bir “7 oktyabr”  həyata keçirməyə qadir deyil".

Cümşüd Nuriyev məhkəməyə verilib

Bayden bildirib ki, Qəzzanın yenidən qurulması ilə bağlı razılaşmada ərəb ölkələri və beynəlxalq ictimaiyyət “HƏMAS-ın yenidən silahlanmasına imkan verməyəcək şəkildə” iştirak edəcək. O əlavə edib ki, Vaşinqton öz tərəfdaşları ilə Qəzzada evlərin, məktəblərin və xəstəxanaların bərpası üçün çalışacaq. İsrail hökuməti planla razı olduqlarını bildirsə də, hakimiyyət daxilində bəzi qüvvələr təklifə etiraz edib. 2 ifrat sağçı İsrail naziri Co Baydenin açıqladığı sülh planına razılıq verilərsə, hakim koalisiyanı tərk edəcəkləri və hökuməti dağıdacaqları ilə hədələyiblər. Maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildiriblər ki, onlar HƏMAS məhv edilməmişdən əvvəl Qəzzada istənilən atəşkəs razılaşmasına qarşıdırlar.  

Müxalifət lideri Yair Lapid baş nazir Netanyahu planı dəstəkləyəcəyi təqdirdə hökuməti dəstəkləyəcəyini vəd edib. Netanyahunun müşavirlərindən biri “Sunday Times” qəzetinə deyib ki, planın bir çox təfərrüatları hələ də işlənib hazırlanmalıdır və İsrailin bəyan etdiyi bütün məqsədlərinə çatana qədər daimi atəşkəs olmayacaq. İsrailin xarici siyasət üzrə yüksək səviyyəli müşaviri Ofir Falk isə deyir ki, sövdələşmə o qədər də yaxşı razılaşma deyil: “Amma biz həqiqətən də girovları, onların hamısını azad etmək istəyirik”.

Politoloq Cümşüd Nuriyev hesab edir ki, ABŞ prezidenti tərəfindən səsləndirilən planın icra perspektivi şübhəlidir: “Bu plan ABŞ-da 17 faiz seçici etimadı qalan Co Baydenə etimadı qaytarmağa hesablanıb. Bu gün seçicilər daha çox Donald Trampa meyl edir. Netanyahu gücsüz biridir. Nədən bu layihəni ABŞ gündəmə gətirir? ABŞ Netanyahu demək deyil axı. Eyni zamanda Netanyahunun oğlu ABŞ-a gedib orada kürd dövlətinin yaradılması ilə bağlı provokasiya etdi. İran, İraq, Suriya Türkiyə və Azərbaycana ərazi iddiaları olan kürd dövlətinin xəritəsini yaydı. Belə bir şəraitdə Netanyahunun həbsinə Beynəlxalq Məhkəmə qərar verməsinə baxmayaraq ABŞ-ın bu qərarı saymaması da maraqlıdır. ABŞ-ın indiki məqamda təqdim etdiyi layihə siyasi gedişdən başqa bir şey deyil”.

Politoloq deyib ki, layihənin gerçəkləşməsi mümkünsüz görünür: “Çünki ABŞ əvvəllər də belə layihələrlə çıxış edib. Amma bir müddət sonra yenidən müharibə alovlanıb. Qəzzada bu günə qədər əksəri uşaq və qadınlar olan 40 minə yaxın insan öldürülüb. Belə bir şəraitdə haqq və ədalətdən uzaq ABŞ-dan layihənin gerçəkləşməsini gözləmək olmaz”. 

Politoloqun fikrincə, ABŞ dünyada sürətlə nüfuzunu itirir və müxtəlif yollarla nüfuzunu qaytarmağa çalışır: “Müharibə ssenarisi də daxil, bütün bu ssenarilər ABŞ tərəfindən hazırlanıb. Çox təəssüf ki, HƏMAS və digərləri də İranın əli ilə oyuna getdilər. Oktyabrın 7-də hücum gerçəkləşdi. Bu həm Fələstin, həm də İsrail tərəfindən siyasi biznes layihəsidir. Bu müharibə tərəflərə sərf edir. Zaman-zaman belə layihələr gündəmdə olub. Həmin ABŞ Yasir ƏrəfataAriel Şaronla birgə Nobel sülh mükafatı verdi. Bəs necə oldu ki, yenə də Qəzzada müharibə alovlandı?”

Politoloq hesab edir ki, Qəzzadakı müharibə ABŞ-ın ssenarisi üzrə başlayıb: “Proses artıq ABŞ-ın nəzarətindən çıxıb. Üstəlik, bu gün ABŞ-ın özündə durum yaxşı deyil. İyunun 11-dən sonra ABŞ-da vətəndaş müharibəsi başlaya bilər. İyunun 14-də Respublikaçıların qurultayıdır. Həmin qurultayda Donald Trampın namizədliyi irəli sürüləcək. Bu isə ABŞ-da münasibətlərin ən kəskin fazaya keçməsi və vətəndaş müharibəsinə çevrilməsi ehtimalını artırır. Yəni Qəzza ilə bağlı hazırlanan layihənin gerçəkləşməsi mümkün görünmür”.

Politoloq bu gün Ukraynada baş verənlərin də arxa kabinetlərdəki siyasi razılaşmaların təzahürü olduğu qənaətindədir: “İstənilən bazarda tələb-təkliflə bərabər qiymət və rəqabət də var. Əgər dünya özü siyasi bir bazardır. Ukrayna müharibəsi Avropa dövlətlərinə Rusiyanı xortdan kimi göstərmək maraqlarına xidmət edir. ABŞ bu günə qədər Ukraynada 67 milyard dollar xərcləyib, qazancı isə 837 milyard dollardır. ABŞ özünə lazım olan layihəni gerçəkləşdirdi, Ukrayna dağıdıldı, qarşıda parçalanması da var. Ərazisində Yeni İsrail dövləti də yaradılacaq. Cəmi 3 vilayət qalacaq mərkəzdə. Xarkovu da Rusiya götürəcək. Avropanın ən böyük dövləti olan Ukrayna dünyada kənd təsərrüfatında liderlik edən 3 dövlətdən biri idi. Bura Kanada və ABŞ daxil idi. Ukraynanı sıradan çıxarmaqla bütün dünyada ABŞ və Kanada rahat şəkildə özlərinin buğda və qarğıdalılarını satacaqlar. Ukrayna isə bitib”.

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR