İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərq münaqişəsinin hansı dərsləri var?..

661 24.10.2023 11:35 Yazarlar A A

Ağıllılar başqalarının təcrübəsndən öyrənir, ağılsızlar isə hətta öz təcrübələrindən belə nəticə çıxarmırlar - bəli, siyasət də belədir, gərəkdir ki, daim öyrənəsən, daim nəticə çıxarasan.

Bu baxımdan, bugünlərdə alovlanan Yaxın Şərq münaqişəsi də istisna deyil. O, təkcə hissləri və yaxud da emosiyaları nümayiş etdirmək üçün bir predmet deyildir, həm də konkret dərs çıxarmalı bir prosesdir. Bəs bu olayın hansı dərsləri var?

Bizə elə gəlir ki, onun ən birinci dərsi budur ki, gərək bu prosesin nəticələri ilk növbədə regional müstəvidə qəbul olunsun. Yarım əsrdən çoxdur ki, dünya birliyi, böyük dövlətlər bu geosiyasi arealda sülhü bərqərar etmək istəyirlər, amma alınmır, çünki bu nəticələr regional müstəvidə qəbul olunmur, bu sülhü region dövlətləri qəbul etmirlər.

Yarım əsrdən çox bir müddətdə dünya birliyi, böyük dövlətlər çox şey edib, çox şeyə nail olublar. Onlar ilk növbədə İsrail kimi kiçik ölkəni qüdrətli dövlətə çeviriblər, hansı ki, nəinki özünü müdafiə etmək gücündədir, hətta hərbi baxımdan regionun ən güclü dövlətidir. Amma bölgədə sülh yoxdur və region daimi münaqişələr ocağıdır. Buradan hansı nəticələr hasil olur?

İlk və əsas nəticə budur ki, ilk növbədə region dövlətləri sülh şərtlərini qəbul etməlidir və biz bunu bir daha qeyd etmək zorundayıq.

Ona görə də rəsmi Bakı keçmiş Dağlıq Qarabağ problemini (3+3) formatında çözməyə çağıranda tamam haqlıdır, çünki ABŞ və ya Fransa gəlib burada sülh yaratmayacaqlar, onu ilk növbədə region dövlətləri yaratmalı və qəbul etməlidir. ABŞ və Fransa bunu etmək iqtidarında olsaydılar bu otuz il ərzində edərdilər.

İndi də onların, ilk növbədə də Fransanın “edəcəyi” budur ki, Ermənistanı regionun bir növ təxribatçı dövlətinə çevirə bilərlər. İrəvan bu rola həvəslə razı olar, çünki ermənilər tarix boyu onun-bunun sifarişini, oyununu yerinə yetiriblər. Amma bu, onlara nə verib?

Rusiyanın və Qərbin sifarişini qəbul edib Osmanlı dövlətinə qarşı qalxdılar. Amma nəticəsi nə oldu? Otuz il Azərbaycana qarşı müharibə apardılar. Amma nəticəsi nə oldu? Axırda başlarını götürüb qaçdılar! Ona görə də bunlar gərək bir nəticəni özləri üçün qəbul etsinlər: istənilən dövlət gərək ilk növbədə regionda özü üçün əlverişli mühit yaratsın, çünki hər bir dövlətin inkişafı və tərəqqisi ilk növbədə onun region dövlətləri ilə münasibətlərindən asılıdır...

Bəs Yaxın Şərq münaqişəsinin daha hansı nəticələri var? Daha bir dərs budur ki, terrorçular hətta haradasa hakimiyyəti ələ keçirə bilərlər. Bəli, HƏMAS terrorçu bir təşkilatdır. Odur ki, ona çox az dövlət dəstək verir.

Gəl, burada bir məqam var. HƏMAS daim təxribat törədir. O, müharibəni başlayır və sonra da məsələni dünya birliyinin öhdəsinə buraxır: buyurun, müharibəni dayandırın! Dünya birliyi də hər şeyi unudub, savaşı kimin və necə başladığını tamam yaddan çıxarıb mülki əhali arasındakı itkilərə diqqət kəsilir! Belə hal birinci dəfə deyil ki, baş verir.

Odur ki, HƏMAS ən azı siyasi səhnəni tərk etməlidir. Bunun başqa bir yolu yoxdur və İsrail labüd olaraq quru əməliyyatlarına başlamalıdır. Heç kim terrorçu HƏMAS-ın halına acımamalıdır. Bugünlərdə Avropa Şurası özünün növbəti “qətnamə”sində həbs edilmiş keçmiş Qarabağ separatçılarının liderlərini dərhal azad etməyi tələb etdi. Amma heç belə iş olarmı? Bu insanların əli minlərlə dinc insanın, o cümlədən də uşaq və qadınların qanına batıb!

Onlar özləri də etiraf edir ki, döyüş bölgəsindən uzaq olan böyük şəhərlərin dinc əhalisini raket atəşinə tutmaq haqqında əmrlər veriblər, Gəncə kimi şəhəri raket atəşinə tutub, hətta Bakıya belə raket atıblar! Doğrudanmı, Avropa Şurası və başqa təşkilatlar bu cür açıqlamaların fərqində deyil? Doğrudanmı, onlar başa düşmür ki, terrorçular haradasa hakimiyyəti ələ keçirəndə bunun nəticəsi ən azı Qəzza və ya keçmiş Dağlıq Qarabağ kimi olur?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR