İnsanlara hürriyət, millətlərə istiqlal!

Yadplanetlilər Milli Məclisdə

2496 15.09.2023 11:24 Yazarlar A A

Öncə bütün bakılıları və şəhərimizin qonaqlarını 15 sentyabr - Bakının qurtuluş günü bayramı münasibətiylə qutlayıram. Bəzi manısların sərsəmləməsinə fikir verməyin, Bakının qurtulması xalqımız üçün çox böyük hadisədir.

Mən özüm “Bakılı qız” mahnısını sevirəm, kefim yaxşı olanda zümzümə edirəm: “Sən  gözümün qarasısan, Ürəyimin parasısan, Burda çoxmu qalasısan, Gedək gəzək, qalma yalqız, bakılı qız”. Möhtəşəm sözlərdir. Özü də çox adam bilmir, bu mahnının sözlərini fizika-riyaziyyat elmləri namizədi Rafiq müəllim yazıbdır. Rafiq Əliyev yox, o Lütfi Zadə ilə qeyri-səlis məntiq üzrə araşdırmaçıdır, son illər isə Təzə Pirdə moizələr oxuyur. “Bakılı qız”ı yazan Masallıda doğulan Rafiq Sayadoğludur.

Bunun özü çox ilgincdir ki, Bakı qızlarına aid şeiri hansısa rayon uşağı yazır. Sovetski sökülməyən vaxtlar belə hadisələrə görə adam bıçaqlanırdı. Ehh, maraqlı günlər idi, Qorbaçovun öyü yıxılsın.

İkincisi, Meksikada Hayme adlı bir jurnalist 2 dənə yeşiyi sürüyüb gətirib deputatxanaya, bunların içindəki skeletlərin yadplanetlilərə məxsus olduğunu söyləyib. Hətta Qurana və yerli seyidlərin cəddinə and içib.

Deyir başqa planetdən gələnlər hər gün Meksika üzərində uçur, hökumət hara baxır, niyə Müsavat Partiyası qeydiyata alındı və sairə (axırıncını misal üçün yazdım, təbii, elə deməyibdir). Hazırda dünyada nə qədər boş-bekar qəzetçi varsa, bu hadisəni işıqlandırır, maraqlıdır, hələ bizdə yazan yoxdur, mən indi bu boşluğu doldurdum.

O da qəribə haldır ki, həmin bu Hayme müəllim vaxtaşırı belə uzaylı-zad leşi tapıb gətirir, hər dəfə də araşdırırlar, yalan olduğu ortaya çıxır. Məsələn, 4-5 il qabaq anomaliya ilə doğulan uşaqların skeletini uzaylı adıyla sırımaq istəmişdi, biabır olmuşdu. Lakin kimin vecinədir? Meksika xalqı unutqan xalqdır, necə ki, biz 70 il sovet dövründə Bakının qurtuluşunu yaddan çıxartmışdıq, elə bilirdik hər zaman Azneftdən bulvara dığırlanıb Nu poqodi çayxanasında domino oynamışıq.

Sözümün canı odur ki, Bakı şəhərinin relyefi elədir ki, bunu tez-tez qurtarmaq lazım gəlir. Sumqayıtla Batandartın (niyə Badamdarı belə yazdım, bunun sirri var, bizimlə qalın, növbəti köşələrimizdə vacib toponimika bilgiləri açıqlanacaqdır), Şərqlə Qərbin, İranla Rasiyanın arasında yerləşir. İnşallah, böyük şəhər bələdiyyəsi yarananda Bakının baş planı təsdiqlənər.

O cümlədən niyə bizim parlamentdə yadplanetlilər nümayiş etdirilmir? Hesab edirəm əlaqədar orqanlar xalqın ehtiyaclarını nəzərə almağa borcludur. Ya bizim jurnalistlərin başqa planetlərlə əlaqəsi zəifdir, ya da parlamentimiz kosmosdan gələn seçicilərin problemləri ilə maraqlanmaq istəmir. Halbuki biz Səyavuş müəllimi Venera planetindəki Milli Məclisə qonaq göndərsək, planetlərarası parlamentlərarası dostluq qrupu yaradardı.

Əlbəttə, bunlar hamısı vacib, aktual mövzulardır, lakin pensiya yaşının qalxması təkliflərini də gərək unutmayaq. Təzəlikcə bir hesabat vardı, deyir pensiyaçıların sayı azalır, gəlin pensiya yaşını qaldıraq, çoxalsınlar. Zərərli müxalifətçilərin fikrincə, azalma pensiyaçılara verilən pulun azlığı ilə bağlıdır. Guya hökumət yaşlılara az pul verir, ona görə tez ölürlər. Yalandır. Ona qalsa uşaqlara heç uşaq pulu verilmir, lakin maşallah, hamısı cin kimidir, küçədə adam görəndə minmək istəyirlər.

Sonda bir vacib qərar. Konstitusiya Məhkəməmiz 12 sentyabrda iclas eləyib. Sitat: “Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır”. Sitatın sonu.

Bu qərarı başa düşən adama “Ana dili” mükafatı veriləcəkdir. Bəlkə başqa planetlərin dilində yazılıbdır? Ola bilər. (Bax: Meksika). 

P.S. Meksikanın qədim sakinləri asteklərin dilində bizim təpə sözü elə təpə kimidir, bilirdinizmi? 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR