İnsanlara hürriyət, millətlərə istiqlal!

Xiyar niyə əyri bitir

2393 25.05.2023 09:50 Yazarlar A A

 

“Tərtər işi” ilə bağlı məhkəmədə müttəhimlər və zərərçəkənlər daha iri çəkili günahkarların salona gətirilməsini, ifadə verməsini tələb ediblər. Deyirlər ki, əgər ordunun Baş Qərargah rəisləri (keçmiş və indiki), keçmiş korpus komandiri əmr, tapşırıq verməsə, bu işlər - işgəncələr, qanunsuz həbslər, ölümlər - olmazdı. Bir müttəhim leytenantın sözləri çox maraqlıdır: “İndiki halda elə çıxır gizirlər generallara göstəriş verirmiş”.

Bəli. Azərbaycanın əsas problemi elə bu cümlənin altında yatır. Qanun qarşısında hamı bərabər olmaqdansa, xüsusi seçilmiş, təyin edilmiş zümrələr, qruplar var, onlara adətən gözün üstündə qaşın var deyən olmur. Bütün sferalarda bu belədir, təkcə işgəncə monopoliyası yoxdur ki.

Bugünlərdə bir statistika oxudum, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyir Azərbaycanda 300 min işsiz var. Bu isə 5,5 faiz əhali eləyir. Əgər rəqəmə inansaq, belə çıxır hazırda ölkəmizin işsizlik səviyyəsi Almaniyadan (5,6 faiz), İspaniyadan (13,6), İtaliyadan (7,8), Portuqaliyadan (7,2), Finlandiyadan (7,9), Fransadan (7,1), İsveçdən (7,7) yaxşıdır. Çox ölkə saya bilərdim, bəsdir. Ümumən Avropa Birliyindən (6) irəlidəyik. İnanan daşa dönsün. Nəyə görə? Çünki bu dəqiqə az-maz iş elə daşyonanlar üçün var. Heykəl, qəbir daşı, səki qırağı kimi işlər üçün daş yonanlara ölkədə zərurət yaranmışdır. Başqa hansı iş var? Gənc insanları 300 manat maaşa dükanda satıcı işinə götürürlər, sutkada 14 saat, həftədə 7 gün kölə kimi işlədirlər.

Yeni iş yerlərinin regionlar üzrə bölgüsünə də baxanda acınacaqlı durum göz önündədir. Bu ilin ilk üç ayında təzə açılan işlərin 82 faizi Bakıdadır! Bu isə o deməkdir ki, region sürətlə boşalır, hamı paytaxta yığılır. Bakı seçilmişdir, bölgə kiçilmişdir. Bakıda pul var, bölgədə qul. Bakı “general”dır, bölgə “gizir”. Axırda günahı gizirin belinə şəlləyəcəklər.

Bölgə niyə boşalır? Çünki kənd təsərrüfatı tam monopoliyaya alınır. Sən qotur keçiyə verməyə ot tapmırsan, məmurun aqrokompleksinə dövlət büdcəsindən dotasiya ayrılır. Sən əl-üzünü yumağa su axtarırsan, məmurun camışları üçün göl salınır.

Aprel ayında çox maraqlı bir cinayət araşdırması olmuşdu. Təəssüf ki, heç kim ona diqqət ayırmadı. Halbuki yuxarıda yazdığım kimi, vəziyyətimizin açarıydı. Şeytan daha detallarda gizlənmir, ortada yallı gedir.

Cinayət işi bir gömrük generalına və onun bacanağına qarşı dələduzluq etmiş şəxs üçün açılmışdı. Adam generaldan 392 min manat, bacanağından isə 100 min dollar alıb, onlara Səbayeldə dəniz mənzərəli evlər satacağını vəd edib. Ancaq evi verməyib. Məhkəmə general və bacanağına ümumilikdə 562 min manat zərər vurulduğu qənaətinə gələrək həmin adama 8 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

“Oğrudan oğruya halaldır” ata sözü olan məmləkət üçün yanlış qərardır. Bəs milli mənəviyyat, mentalitet, adətlərə hörmət harada qaldı?

Mən yüz faiz əminəm ki, o məhkəmədə nə prokuror, nə hakim general və bacanağına bu sualı verməyiblər: “Yaxşı, bu kişinin sizi aldatdığını anladıq, bəs siz özünüz yarım milyon manatdan çox pulu haradan, hansı yollarla əldə etmişdiniz? Gətirin gəlir deklarasiyasını, maaşınıza-zada baxaq, görək bu pulu düzgün, qanuni yollarla əldə etməyiniz mümkündürmü?”

18 il cəza alası adamlar başqalarına 8 il cəza kəsir. Xiyar da ona görə əyri bitir və baha çıxır.

P.S. Əyri xiyar gübrə, su çatışmazlığının əlamətidir. Belə məhsulu almaq məsləhət deyil.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR