İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzərdə balıqlar üzür

1635 06.07.2022 09:30 Yazarlar A A

“Min riştəyə türfə ləl çəksəm,

Min rövzəyə nazənin gül əksəm,

Qılmaz ona heç kim nəzarə,

Derlər gülə xar, lələ xarə"

(Füzuli)

Zəhmətkeşlərimiz ancaq pis xəbərlər oxumağa öyrəşiblər, bu işdə mətbuatın, telekanalların, jurnalistlərin də günahı çoxdur. Örnək üçün, haçan baxsan yol qəzaları, bədbəxt hadisələr haqda xəbər oxuyur, eşidir, görürük. Filan yerdə maşınlar toqquşdu, neçə adam öldü, nazirin nəvəsi yüz milyonluq maşınla camaatı basdaladı, nə bilim, sel gəldi kəndi apardı.

Eyni zamanda xoşbəxt hadisələr də olur axı! Niyə biz “Bu gün Kürdəmirdən Bakıya gələn maşın sağ-salamat çatmışdır”, “Nazirin gəlini camaatı maşına mindirib gəzdirdi”, “Kəndə su gəlir, əhali bostanı və camışları suvarır” tipli xəbərlər də verməyək? Sanki sadomazoxist bir cəmiyyətdir. Yalnız pis, qorxunc, dəhşətli xəbərlər oxumaq istəyir. Yenə Allaha şükürlər olsun, AzTV, İTV kimi kanallarımız var, oradan davamlı xoş xəbərlər alırıq, relaks oluruq (son vaxtlar yazılarımda istifadə eləmək üçün xarici sözlər əzbərləyirəm). 

Bu yaxında deputatlar öz maaşlarını artırmaq haqda qanun qayıranda qışqırışma, şivən düşdü. Seçicilər narazılıq edirdilər. Lakin iki gün qabaq bir informasiya agentliyi deputatların öz pul təminatının hansısa hissəsini - uzun söhbət idi, açığı, heç özüm də başa düşmədim - ləğv etdiklərini paylaşdı. Gəlin görək bu xəbəri neçə adam yaydı? Bir nəfər də yaymadı! Çünki xalq deputatları yalnız pis gözlə görməyə alışıbdır. Axı onlar sizin seçdiyiniz adamlardır (ola bilər bu yazıdan sonra mənim burnum xeyli uzansın). Niyə belə eləyirsiniz, rəhmətlik Alimpaşa müəllim demişkən.

Yaxud başqa xəbərə nəzər salaq: “Son aylarda kəskin narazılığa səbəb olan nazir istefa verdi”. İyulun 3-də oxumuşam, çox uzaq vaxt da deyil. Lakin xalq bunu oxumaq istəmir. Statistikasını təkrar açıb baxdım, iki gün ərzində cəmi 1340 adam tərəfindən oxunmağa məruz qalmışdır.

İndi gəlin özümüzə sual verək ki, əhali niyə aşkar edib götürdüyü bu məlumatı izləmək istəmir? O boyda nazir istefa verib. Hansısa rayon polis şöbəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə əməliyyat müvəkkili, prokurorun köməkçisi, ya da, nə bilim, təhsil şöbəsində rəqslərə quruluş üzrə müavin deyil e bu. Birbaşa nazirdir. Özü də son aylarda kəskin narazılığa səbəb olmuşdu. Lakin nə xəbəri oxuyuruq, nə də tik-tokda hırıldaşırıq. Halbuki Argentinanın iqtisadiyyat naziri Martin Quzmanın istefa verməsi vacib xəbər idi. 

Xəzərdə ekoloji problemlərdən çox yazırlar. Dəniz neçə ildir, türkün sözü, dala verməkdədir və bu, oliqarx məmur ordumuza böyük çətinlik yaradır. Hər dəfə villanı, onun hasarını bir az qabağa çəkməklə məşğul olurlar. Sürət belə getsə, uzağı on ilə məmurlarımızın villasının pəncərəsi birbaşa Türkmənistan sahilinə açılacaq, türk dünyası birləşəcək, Turan qurulacaq. Mövzum bu deyil, inşallah, başqa vaxt buna qayıdarıq. Tanrı türkə yar olsun, Şəmistan müəllim demişkən.

Söhbəti ona gətirirəm ki, Xəzərin qurumasından danışan ekoloqlar hər dəfə burada balıqların azaldığını söyləyirlər. Deyir çayların qabağını elektrik stansiyaları kəsir, qlobal istiləşmə suyu buxarlandırır, dənizimizdə balıqlar yoxa çıxır, plyaja hasardakı deşikdən baxmağın qiyməti əlli manatdır və sairə. Ancaq bunu yazanlar, deyənlər müsbət bir faktı uzun illərdir bizdən gizlədirmiş: sən demə Xəzərdə balıq varmış!

Dəhşətdir. Axı belə bir faktı xalqdan nə cür gizlətmək olar? Bu nə amansızlıqdır?

Belə getsə sabah uçan boşqabların da olduğunu öyrənəcəyik. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR