İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratiya DƏRSİ

556 24.07.2024 17:26 Yazarlar A A

Uzun onilliklər ərzində ideoloji müstəvidə aparılan təbliğat nəticəsində postsovet məkanında yaşayan vətəndaşların siyasi-ictimai təfəkküründə Qərbin “əlçatmaz” demokratik obrazı formalaşdırılmışdı. Bu cür siyasətin nəticəsində Qərb dünyada, xüsusilə də postsovet məkanında, “demokratiya etalonu” kimi qəbul olunurdu. Sözsüz ki, bu “etalon” bütün tənqid və şübhələrdən üstün idi və hətta onun toxunulmaz statusu var idi. Az qala hər kəs öz mülahizələrində Qərb demokratiyasına istinad edir, hətta yaşanan bir çox problemlərin həllini məhz həmin bu Qərb demokratiyasında görürdü.

GORUR.png (251 KB)

Əslində, qeyd olunan bu danılmaz faktı həqiqətən də Qərb strateqlərin geosiyasət müstəvisində apardıqları mübarizənin uğuru kimi də dəyərləndirmək olar. Qərb standartlarının hamı tərəfindən qəbul olunan etalon səviyyəsinə çatdırılması faktı sosial-siyasi mühəndisliyin şedevr nəticəsidir. Xüsusi olaraq onu da qeyd etməliyik ki, sözügedən hal siyasi-ictimai münasibətlərin bütün müstəvilərinə şamil oluna bilər: siyasi, ictimai, iqtisadi və hətta mədəni münasibətlər də həmin “etalonun” təsir altına düşmüşdür.

İllər ərzində aparılan bu cür siyasət sayəsində bizə sanki demək istəyirdilər ki, “düşünməyin, buyurun sizə təqdim etdiyimiz hazır inkişaf modellərindən istifadə edin”. Əslində isə ehtimal edə bilərik ki, həqiqi “tələ” elə məhz həmin hazır inkişaf modellərində gizlədilmişdir. Ona görə də bir çox ölkələrdə biz inkişafın yox, məhz inkişafı təqlid edən proseslərin şahidi olmuşduq.

“Etalon” Qərbinin qara qorxusu məhz Prezident İlham Əliyevin “Azərbaycan müstəqil siyasət yürüdür və Azərbaycanın iradəsinə heç bir qüvvə təsir edə bilməz” ifadəsidir.

İLHAMİ SON.jpg (55 KB)

Çünki müstəqil siyasət Qərbin etalon statusuna son qoyur. Dövlət başçısının siyasəti beynəlxalq münasibətlər sistemində uzun illər ərzində qorunulan və məcburi yeridilən stereotipləri də dağıdır. Qələbəmiz isə ümumiyyətlə beynəlxalq təşkilatların legitimliyini sual altına qoyur. Bəzi hadisələrə qiymət verən zaman və ya onlara şəxsi münasibətin formalaşdırılması prosesində qeyd olunan həqiqətləri mütləq nəzərə almaq lazımdır.

İndi isə bir misal çəkərək “Qərbin demokratiya etalonu”nun həqiqətləri görməyə necə maneə olduğunu əyani şəkildə görək. Son 3-4 il ərzində ölkənin siyasi partiyalar sistemində aparılan ardıcıl islahatlara hamımız şahidlik etməkdəyik. Kiçik müşahidələrin aparılması belə yetərli olar ki, biz həmin islahatların şərti mərhələlərini müəyyən edək: partiyaların siyasi təsisat kimi ölkənin siyasi sistemində aktuallaşdırılması, siyasi münasibətlərin sağlamlaşdırılması, bərabərhüquqlu münasibətləri tərənnüm edən siyasi dialoq mühitinin təşviq olunması, siyasi partiyaların gücləndirilməsi, siyasi partiyalar haqqında cəmiyyətdə mənfi stereotiplərin formalaşmasına səbəb olan partiyaların təbii şəkildə siyasi münasibətlər sistemindən xaric olunması və nəhayət, siyasi partiyaların ölkənin aparıcı siyasi qüvvəyə çevrilməsi. Etiraf etməliyik ki, təkamülün sözügedən mərhələləri yalnız ali siyasi iradənin nəticəsidir.

Sonda mövzuya dair mediada da geniş yer alan “danışan” rəqəmlərə diqqət yetirək. Cari ilin 1 sentyabr tarixində Milli Məclisə keçiriləcək seçkilərə ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i artıq qatılıb və seçkilərdə öz namizədləri ilə təmsil olunacaqlar.

PARLAM.jpg (78 KB)

Bir daha təkrarlayaq: ölkədə mövcud olan 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak edir. Həqiqətləri görmək istəməyən və görməzdən gələn bəzi demaqoqlara ritorik sual: Bu cür statistikaya malik olan seçkilər sonuncu dəfə hansı ölkədə keçirilib? Ölkədə fəaliyyət göstərən siyasi partiyaların 96,1 %-i seçki subyektidir. Axı bu cür göstəricilər niyə diqqətdən kənar qalır? Niyə bu cür göstəricilər təqdir olunmur? Cavab bəllidir: bu cür etirafların nəticəsində “etalon” “dişsiz” olacaq. Əlbəttə ki, məsələnin digər tərəfi də var, biz hələ də müəyyən səbəblərdən bu cür göstəriciləri təqdim edə bilmirik. Ancaq qeyd etdiyimiz bu sadə statistika fakt olaraq qalmaqdadır. Azərbaycanda fəaliyyətdə olan 26 siyasi partiyadan 25-i seçkilərdə iştirak edəcək və öz güclərini sınayacaqlar. Dayanıqlı demokratik ənənələrin formalaşdırılmasının yeganə yolu budur. 25 siyasi partiyanın seçkilərdə iştirak etməsi yeni simaların və yeni ideyaların siyasi meydana gəlməsi deməkdir.

politoloq Asif Adil

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR