İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaricdə təhsil alan həkimlərin etiraz aksiyası - səbəb nədir?

2734 01.04.2022 08:40 Təhsil A A

Həkimlər ya imtahan verib diplomlarını təsdiq etməli, ya da sertifikasiyadan keçməlidirlər

Xaricdə təhsil almış bir qrup həkim martın 30-da Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Xarici ölkələrdə klinik ordinatura və internatura təhsili almış bir qrup həkim bir gün əvvəl Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Həkimlər Azərbaycanda işlə təmin olunmamalarına etirazlarını bildiriblər. Səhiyyə Nazirliyi xarici ölkələrdə klinik ordinatura və internatura təhsili alan bir qrup həkimin etiraz aksiyasına münasibət bildirib. Nazirlikdən mətbuata verilən məlumata görə, qurumun nümayəndələri həmin şəxsləri qəbul edib, onların müraciətləri dinlənilib.

“Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlayıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim edib. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq”, - nazirlikdən qeyd olunub.

Etirazçılardan biri, 2008-ci ildə Pavlov adına Sankt-Peterburq adına Tibb Universitetində təhsil almış Günay bildirir ki, o zaman ölkədə bu cür tələblər olmayıb: “Hər kəs gedib təhsil alır, rahat şəkildə qayıdıb fəaliyyət göstərirdi. 2011-ci ilə qədər Nazirlər Kabineti bizim diplomları qəbul edirdi, burada fəaliyyətə icazə verirdilər. Amma 2011-ci ildən sonra icazə verilmədi. Biz öz dövlətimizdə işləmək istəyirik. İndi yeni səhiyyə naziri gəlib, ümid edirik ki, problemimiz həll olunar”.

Problemin yaranmasına səbəb nədir? Xaricdə təhsil almış həkimlərə ehtiyac duyulduğu halda niyə onları ölkədən incik salırlar?

Həkim Aydın Əliyev: Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq  şəkildə! İnsanların rayonlara... » AzadQadin.Az - Qadın İnformasiya Portalı

 Aydın Əliyev

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “İnkişaf etmiş ölkələrdə (İEÖ) klinik ordinatura və internatura təhsili yoxdur. Mən özüm klinik ordinaturanı burada bitirmişəm. Bu, əsasən postsovet ölkələrindədir. O təhsili də mən kölgə altına salmıram. Sadəcə olaraq, Avropadakı təhsil sistemi kimi deyil. Bir də diplomların tanınması ilə bağlı dövlətlərarası müqavilələr var. İndi onlar ya imtahan verib təsdiq etməlidirlər, ya da sertifikasiyadan keçməlidirlər. Yəqin ki, belə bir qərar qəbul ediləcək. Hətta Türkiyədə uzmanlığı bitirib gələnlərin diplomlarının təsdiqi formal da olsa prosedur qaydalarına daxildir. Yadınızdadırsa, Azərbaycanda universitetə daxil ola bilməyənlər  Rusiyada, Belarusda, Ukraynada rahat şəkildə oxuyub gəlirdi. Ona görə də bu ölkələrdən gələn şəxslərin diplomlarının təsdiq edilməsi üçün imtahan, ya da başqa bir üsul olmalıdır. Amma təəssüflər olsun ki, bizdə imtahan edəndə o imtahanın obyektivliyi sual altına düşür. İndi bilmirsən ki, o imtahandan pul alıb buraxacaqlar, yoxsa həqiqi bilik qiymətləndiriləcək. Bizdə qərar necə olursa-olsun, məmurlar bəzən oradan pul çıxarmağın yolunu tapırlar”.

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat” a fikirlərini açıqlayıb: “Ümumiyyətlə, təhsil haqqında qanunvericiliyə əsasən, xaricdə təhsil almış hər bir vətəndaşın diplomunun tanınması ilə bağlı Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən baxılıb. Müvafiq mərhələdən keçdikdən sonra əgər diplomun tanınmasına hüquqi zəmin varsa, o zaman həmin şəxslərin təhsili də tanınır, diplomları da. Əlbəttə, dövlət xətti ilə, dövlət proqramı ilə hər hansı bir universitetə göndəriş olunubsa, onların diplomları avtomatik olaraq tanınır. Amma kimsə öz hesabına təhsil almağa gedibsə, o şəxsin geri qayıtdığı zaman diplomunun tanınması ilə bağlı müvafiq prosedur mövcuddur və o prosedurdan keçməlidir. Bununla bağlı həmin şəxsin təhsil aldığı ölkənin xarici dil bilgisi yoxlanılır. Məsələn, şəxs İngiltərədə təhsil alıbsa, onun ingilis dili biliyi, Almaniyada təhsil alıbsa, alman dili biliyi yoxlanılır. İkinci tərəfdən, onun təhsil aldığı ixtisas əgər tibb istiqaməti üzrədirsə, həmin şəxsin tibbi bilikləri yoxlanılır. Ondan sonra isə həmin şəxsin ölkədən giriş, çıxışı, təhsil aldığı müddət yoxlanılır. Daha  sonra isə qərar verilir ki, diplom tanına bilər ya yox. Belə düşünürəm ki, burada bürokratik əngəl yaradılmamalıdr. Əgər bu şəxslərin diplomları həqiqətən də dünya reytinqində tanınmış universitetlərin diplomlarıdırsa və bu şəxslərin ixtisasları tibb istiqaməti üzrədirsə, onların diplomlarını tanımamaqla biz əslində özümüzə zərər vurmuş olarıq. Çünki bizim üçün vacibdir ki, xaricdə təhsil alıb, yüksək ixtisas sahib olan şəxsləri müvafiq olaraq işlə təmin edək, onlara dəstək olaq.  Amma yenə də istənilən halda prosedur qaydalarına uyğun diplomların təqdim olunması tələb olunursa, o zaman Təhsil Nazirliyinə müraciət olunmalıdır”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR