İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə yeni yol işləyir - sərhəd postunu Putinlə razılaşdırmalıyıq?

1596 05.04.2023 09:28 Siyasət A A

Ermənistanı Xankəndi ilə birləşdirən yeni yolun asfaltlanma işləri tamamlanıb və hərəkət üçün açıqdır; bəs bu yolda nəzarət-buraxılış məntəqəsi qursaq, Rusiya əngəlləyə bilərmi...

Ermənistanı Xankəndi ilə birləşdirən alternativ yolun Ermənistanın Gorunzur kəndi yaxınlığından keçərək Laçın rayonunun Həkəri çayı üzərindəki körpüyə qədər gələn hissəsindəki asfaltlanma işləri tamamlanıb və artıq yol hərəkət üçün açıqdır.

“Yeni Müsavat” qeyd edir ki, 2023-cü il aprelin 1-dək ermənilər Qarabağa gediş-gəliş üçün Azərbaycandan çəkilmiş və Şuşanın Kiçik və Böyük Qaladərəsi kəndləri, Laçının Qayğı qəsəbəsindən və Həkəri çayı üzərindəki körpüdən keçən alternativ yolla Ermənistanla sərhədədək gəlir və daha sonra rəsmi Bakının müvəqqəti icazəsi ilə yenidən Zabux kəndi yaxınlığında Azərbaycan ərazisindən və Ermənistanın Tex kəndindən keçən yoldan istifadə edirdilər. Yeni yol təxmini hesablamalara görə, 8-9 km Laçın rayonunun ərazisinə, qalanı 14 km Şuşa rayonunun ərazinə düşür. Sonra Həkəri çayının üstündən çəkilmiş “sərhəd körpüsü” gəlir ki, buradan da Ermənistana gedirlər. İki zolaqlı yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir ki, onun 10 kilometri Paşinyanın təsdiq etdiyi kimi, Ermənistanın ərazisinə düşür.

Lakin Azərbaycanın həmin sərhəddə post qurmasının Rusiya sülhməramlıları ilə razılaşdırılmalı olduğu indi əsas müzakirə mövzusuna çevrilib. Azərbaycan öz dövlət sərhədində nəzarət postu qurmağı kimsə ilə razılaşdırmamalıdır. Hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki strateji maraqlarına uyğun olmasa da, Bakıya qarşı hər hansı irad bildirə bilməz. Zəngəzur dəhlizi ilə bağlı ermənilər heç bir razılaşmaya gəlmirlər, Azərbaycan isə bu vəziyyətə sonadək dözə bilməz. Üstəlik, sərhəd postunun qurulması sülhməramlıların işini də xeyli yüngülləşdirəcək, Azərbaycanın “filan qanunsuz yükü niyə buraxdınız” kimi sualları ilə daha üzləşməyəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında Laçın yolunda keçid məntəqəsinin açılmasının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb. Zaxarova “belə bir müzakirə olmayıb” deyə cavab verib. Əlbəttə ki, post məsələsi Zaxarovanın ranqını aşan məsələdir, bu, yalnız Rusiya prezidenti Putin səviyyəsində müzakirə mövzusu ola bilər. Yeni yolun açılması isə artıq təzə situasiyadır... Ancaq bir “əmma” var - Həkəri çayı üzərində Azərbaycan nəzarət-buraxılış məntəqələrinin quraşdırılması nə vaxt reallaşa bilər? Rusiyanın etirazları bu prosesi əngəlləyə bilərmi?

Elşad Musayev: Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan tarixinin  ən qürurlu və şərəfli səhifələrindən biridir

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a söylədi ki, yeni yolda Azərbaycanın postlar qurması Rusiyanın marağında deyil. Partiya sədrinin sözlərinə görə, Kreml yalnız bölgədə təsir imkanlarını gücləndirmək məqsədi güdür: “Moskva buna qarşı çıxacaq. Lavrov Bakıda olanda da açıq ifadə elədi ki, üçtərəfli razılaşmada Azərbaycanın postlar qurması nəzərdə tutulmayıb. Bunu yeni yola da aid edəcəklər. Amma Azərbaycan siyasi iradə nümayiş etdirib nəzarət-buraxılış məntəqələri qoymalıdır”. E.Musayevin fikrincə, Ordumuz yeni strateji yüksəklikləri nəzarətə götürüb, torpaq yollar kontrolumuz altındadır və bunun davamı olaraq nəzarət-buraxılış məntəqəsi qurulmalıdır: “Əks halda, bizim üçün mənfi hal sayılacaq. Çünki yeni yola nəzarətimiz olmasa, indi də oradan Xankəndinə silah-sursat, mina daşımağa cəhd göstərəcəklər. Bu məsələdə separatçılara bir qarış belə güzəşt olmamalıdır. Rusiyanın nəzərinə çatdırmalıyıq ki, hansı yola nəzarət etmiriksə, ondan ermənilər hərbi təxribatlara hazırlıq üçün istifadə edirlər. Biz niyə ərazilərimizə hərbi yüklərin daşınmasına şərait yaratmalıyıq? Bu yollar ona görə açıqdır ki, ermənilər İrəvana gedib-gəlsinlər, daha oradan separatçıların döyüş mövqelərinə hərbi texnika daşımasınlar. O baxımdan, Azərbaycanın son addımları nəzarət-buraxılış məntəqələrinin qurulmasına gedir, Rusiya yolumuzu kəsə bilməz”.

Oxu.az - Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə  ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova Qarabağa aparan yolların hamısının nəzarət altında olmasını vacib sayır. Ekspert postlar hələlik qurulmasa belə, yolları kontrol altında saxlamağı mümkün hesab edir. Onun sözlərinə görə, Rusiya Azərbaycanın addımlarını heç də xoş niyyətlə qarşılamır: “Üzdə görünə bilər ki, Moskva Ordumuzun son əməliyyatlarını təmkinlə qarşılayıb, amma ümumilikdə maraqlarına uyğun deyil. Sadəcə, münasibətləri pisləşdirməmək üçün sərt reaksiya bildirilmir. Eyni zamanda Ermənistanla əlaqələri gərgindir. Rusiya həm Ermənistanı, həm Gürcüstanı əldən verdiyi halda Azərbaycanı da itirmək istəməz. Bu səbəbdən Cənubi Qafqazda getdikcə kövrəkləşən və zəifləyən təsir imkanlarını hansısa manevrlərlə saxlamağa cəhd edir. Onlardan biri də nəzarət-buraxılış məntəqələrinin açılmasına mane olmaqdır. Amma ruslar buna necə əngəl ola bilər? Bizim üçün 10 noyabr sənədi yox, qanunlarımız əsasdır. Sərhəddə post qurmadıqca, təhdidlər hər zaman olacaq. Azərbaycan həmişəlik buna səbir etməyəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR