İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndiyə enmək zamanı - İrəvan Bakını tələsdirir: ŞOK DETALLAR

1547 08.07.2023 09:22 Gündəm A A

“X günü” hamıdan yaxşı artıq separatçıların özlərinə bəllidir; revanşistlərin sülh istəyi, yoxsa müharibə sifarişi? Komandolarımız və “Bayraktar”lar isə lap yaxınlıqda...

Qarabağdakı qanunsuz silahlı dəstələrin axırına çıxılacaq gün uzaqda deyil. Bunu Ermənistan rəhbərliyi ilə yanaşı, Rusiya “sülhməramlı” kontingentin sayəsində hələ ki öz aciz varlığını saxlayan oyuncaq rejimin cinayətkar təmsilçiləri də çox yaxşı bilirlər. O səbəbə “X günü”nün də fərqindədirlər. Səksəkədədirlər. 

“Yeni Müsavat”ın xəbər verdiyi kimi, iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu xüsusda ölkəmizin prinsipial mövqeyini bir daha bəyan edib. “Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”, - deyən dövlət başçısı vurğulayıb ki, Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməli və tərxis olunmalıdır.

Lakin bir gün sonra Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağdakı erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edib ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur.

Yəni ki, “gedin, o - siz, o da separatçılar!” Halbuki iyunun 27-dəki silahlı təxribat zamanı Qarabağda gəbərdilən 5 erməni hərbçisinin ikisi (!) Ermənistan vətəndaşı idi. İkinci yandan, hansı “müdafiə ordusu”ndan dəm vurur Nikol Vovayeviç? Onun özünün də imza atdığı 10 noyabr kapitulyasiya sənədindən xəbəri yoxmu? Həmin üçtərəfli anlaşmanın harasında belə bir ifadə yer alıb, göstərə bilər?..

***** 

İstənilən halda, Azərbaycan nə edəcəyini bilir. Hər şeyin öz vaxtı var təbii ki. Komandolarımız bir azca yuxarıda, ətraflarda gözləyir, “Bayraktar”lar da harada lazımdır, orada! Aşağıya - Xankəndinə enəcəyimiz gün çox uzaqda sayılmaz.

Başqa sözlə, Nikol Paşinyan öz təkzibini aparıb hiyləgərcəsinə “artsax”ın “özünümüdafiə” motivi ilə əlaqələndirməyə çalışsa da, əslində Azərbaycanın əlini gücləndirən mövqe sərgiləyir. Hətta Bakını antiterror əməliyyatına tələsdirir. Çünki heç bir normal dövlət öz ərazisində ikinci qanunsuz ordunun varlığına dözüm göstərməz. Heç Kremlin forpostu Ermənistan da.

Ötən saylarımızda yazdığımız kimi, Qarabağdakı oyuncaq rejimin “kitabı” 44 günlük müharibədən sonra bağlanıb. Bircə tabutuna vurulacaq son mismar qalır. İndi masa üzərində 29.7 min kv km-lik Ermənistanın öz taleyi qoyulub.

Əgər İrəvan rəsmiləri, erməni siyasi elitasi və lobbisi, ümumən erməni toplumu bu aralarda özlərini ağıllı və adekvat aparsalar, nəhayət, beynəlxalq hüquqa, o sırada BMT Nizamnaməsinə hörmət eləməyi öyrənsələr, ola bilsin, dünyanın siyasi xəritəsində Ermənistan adlı qondarma dövlət bir müddət qalsın. Əks halda, haylar yenə özlərindən küssünlər. İt də gedəcək, ip də...

*****

Belə bir perspektivi Ermənistanda da az-çox anlayanlar var.

“Əslində Vaşinqton danışıqları "artsax" məsələsi deyil, Ermənistanın statusunun müəyyənləşdirilməsi ətrafında gedir”.

Qəzetimizin məlumatına görə, bunu yerli mediaya müsahibəsində erməni politoloq Beniamin Matevosyan deyib.

“Danışıqlarda Azərbaycan israr edir ki, demarkasiya və delimitasiya prosesi onların xəritələri əsasında aparılsın, "artsax"la danışıqlar şaquli şəkildə aparılsın. Vaşinqton danışıqları "artsax" məsələsi yox, Ermənistanın statusunun müəyyən edilməsi ətrafındadır. Türkiyə-Azərbaycan hərbi-siyasi bloku çərçivəsində Ermənistanın hansı statusa malik olacağı, heç bir təhlükəsizlik zəmanəti olmayan bir status”, - Matevosyan bildirib.

Ermənistanın təxribatlarının izi ilə: Qarabağda antiterror əməliyyatı  istisna deyil - Ayna.az

Erməni politoloq ABŞ səfirinin Qarabağdakı erməni icmasının Azərbaycanın bir hissəsi kimi yaşaya biləcəyi barədə açıqlamasından təəccüblənməyib. Onun sözlərinə görə, N.Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb və ABŞ səfiri də, sadəcə, hamıya bəlli olanı bəyan edib.

“Əgər həmin bəyanatı bir az da açsaq, "artsax" xalqı üçün ən yaxşı təminat Azərbaycan Konstitusiyasına əməl olunması olacaq. "Artsax" üçün beynəlxalq təhlükəsizlik zəmanəti yoxdur. ABŞ bu barədə heç vaxt danışmayıb, bu, ən böyük aldanışdır. Nikol Paşinyanın bəyəndiyi proqrama əsasən "artsax" heç bir status olmadan Azərbaycanın tərkib hissəsi olacaq və Azərbaycan Konstitusiyası təhlükəsizliyin təminatçısı olmalıdır. Biz ABŞ səfirinə səmimiyyətinə görə təşəkkür etməliyik. Bizim ümumiyyətlə, Amerika tərəfinə sualımız olmamalıdır. Onlar öz maraqlarını güdürlər, Rusiyanı bütün təsir zonalarından sıxışdırıb çıxarmalıdırlar”, - deyə o əlavə edib.

*****

Bu arada Qarabağı Azərbaycanın tərkib hissəsi saymağın cinayət məsuliyyəti yaratmasını (“Qarabağ Azərbaycandır” deyənə 10-15 il həbs) nəzərdə tutan qanunun qəbulu üçün Ermənistanda radikal-revanistlər tərəfindən başladılan təxribatçı imza toplama kampaniyası davam edir (50 min imza lazımdır ki, parlament məsələyə baxsın).

Aydındır ki, bu təşəbbüs Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayan beynəlxalq birliyə və beynəlxalq hüquqa, özəlliklə ABŞ-a və onun sülh gündəliyinə meydan oxumaqdır. O ABŞ ki, onun İrəvandakı səfiri Katrina Kevin bugünlərdə bəyan elədi ki, Qarabağdakı ermənilərin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına əmindir.

Qarabağda antiterror əməliyyatı: Zamanı çatıb

Demək, ermənilər Qarabağda antiterror əməliyyatı aparmaq üçün Bakıya növbəti əsas verməklə məşğuldurlar. Olsun.

“Bəs niyə parlament müxalifəti ”Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınmasını cinayət hesab edən" qanun layihəsini təqdim etmir? Cavab çox sadədir: belə bir layihənin qəbulundan sonra Azərbaycan dərhal Ermənistana və Qarabağa qarşı genişmiqyaslı hücuma başlayacaq. Nəticələri özünüz təsəvvür edin".

Bunu isə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Gevorq Papoyan öz Facebook səhifəsində yazıb.

Papoyanın fikrincə, parlament müxalifəti yeni müharibənin məsuliyyətini özündən xalqın üzərinə atmağa çalışır. “Müxalifətə isə çox sadə səbəbdən yeni müharibə lazımdır, yalnız bu halda böyük insan və ərazi itkiləri bahasına hakimiyyətə gələ biləcəklər, sadəcə olaraq, onların başqa variantları yoxdur. Ona görə də imzatoplama təşəbbüsünün yalnız bir siyasi nəticəsi var: bütün bunlar Azərbaycanın yeni hücumlar və müharibə üçün əl-qolunu açacaq.

P.S. Ümid edirəm ki, layihəyə imza atanlar və onların oğulları Azərbaycanın hücumu zamanı cəbhə bölgəsinə ilk gedərək vətəni müdafiə edəcək, müxtəlif bəhanələrlə təlimdən yayınmayacaqlar”.

Necə deyərlər, əlavə şərhə lüzum qalmır.

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR