İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən çıxmaq qadağan edildi - separatçılar köçün qarşısını ala bilmir

6605 07.04.2023 11:11 Siyasət A A

Oyuncaq qurum qərar verib ki, “fövqəladə hallarda” Ermənistana getmək olar; əsl hədəf ermənilərin qaçışını əngəlləməkdir, ruslara da sərf edir...


“Vətəndaşlarımızı mümkün Azərbaycan təxribatlarından qorumaq üçün indi yalnız fövqəladə hallarda Ermənistana getmək mümkün olacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə separatçı qurumun qondarma “dövlət naziri” Qurgen Nersisyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərindən belə anlaşılır ki, son günlər Qarabağda məskunlaşmış ermənilər ən müxtəlif səbəblərlə (qohumunun ölümü, dəfn mərasimi, ailə üzvünün ağır xəstəliyi, əməliyyat və s.) Rusiya sülhməramlılarının köməyi ilə Ermənistana gedənlərin sayı əhəmiyyətli dərəcədə artıb. “Qeyd olunan prosesi nəzarətdə saxlamaq və vətəndaşlarımızı mümkün Azərbaycan təxribatlarından qorumaq üçün bundan sonra yalnız "fövqəladə hallarda" Ermənistana getmək mümkün olacaq. Sağlamlıq problemləri olan və tibbi yardıma ehtiyacı olan şəxslərə gəldikdə isə onların Ermənistana separatçıları “səhiyyə nazirliyinin” razılığı ilə Qırmızı Xaç Komitəsi vasitəsilə yaşayış yerini tərk edə biləcək". Nersisyan sonda iddia edib ki, çoxlu sayda erməni sakininin son günlər Ermənistana axın etdiyi haqda xəbərlər doğru deyil.

Elə qadağanın əsl sirrini Nersisyan müraciətinin sonunda gizlətməyə çalışıb. Xankəndi erməniləri anlamağa başlayıb ki, onların indən sonra iki seçimi var: ya Bakı ilə razılaşıb reinteqrasiya etməli, ya da Ermənistana köçməlidirlər. Bu səbəbdən bəzi ermənilər artıq seçim edirlər və Azərbaycan torpaqlarını tərk etmək qərarını verirlər. Məlumatlara görə, indi Xankəndidən xəstə adı ilə çıxmaq üçün bir neçə gün gözləməlisən, bu səbəbdən müvafiq həkim arayışlarının qiyməti bir neçə dəfə artıb. Qondarma qurum buna nəzarət etməyə, köçün qarşısını almağa çalışsa da, hələ ki buna nail ola bilmir. Bu səbəbdən də indi ortaya yalandan belə bir iddia atılır ki, guya yol təhlükəlidir. Amma əsas səbəb köçün qarşısını almaqdır. Belə iddialar var ki, bu qadağalar Rusiyanın işidir. Çünki onlar Qarabağda məskunlaşmış ermənilərin qaçhaqaçından narahatdırlar və bu səbəbdən bu cür qadağalarla prosesin qarşısını almağa çalışırlar.

Yeri gəlmişkən, Qarabağdakı Rusiya sülhməramlıları ilə Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Martirosyan istefaya göndərilib. Məlumatı “Hraparak” qəzeti yayıb. Onun istefasına səbəb qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanla münasibətlərinin gərgin olmasıdır. Martirosyan separatçıların Bakı ilə danışıqlar qrupuna daxil olan üç şəxsdən biridir. O, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Bakı ilə aparılan demək olar ki, bütün danışıqlarda iştirak edib. Bununla belə, Martirosyanın qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyanla da sıx əlaqəsi olub. Məhz bu əlaqə sayəsində Balasanyan onun Bakı ilə aparılan bütün danışıqlarda iştirakına şərait yaradıb. Martirosyanın oğlu II Qarabağ müharibəsində itkin düşən hərbçilər siyahısındadır.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında Bakını yenə ittiham edib. Sitat: “Laçın dəhlizinin bağlanması ilə əlaqədar olaraq Dağlıq Qarabağda humanitar vəziyyət gərgindir”. Baş nazir əlavə edib ki, “Dağlıq Qarabağ”a qaz və elektrik enerjisinin verilməsi hələ də problemdir". Paşinyan xatırladıb ki, aprelin 5-də Gorusdan Xankəndinə gedən bir qrup erməni yaşayış yerlərinə buraxılmaması ilə bağlı şok hadisə yaşayıb: “Bu sənədləşdirilmiş hekayə bizim əvvəlki qiymətləndirmələrimizi bir daha nümayiş etdirir və onlar Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı fonunda öz təsdiqini tapır, buna görə Azərbaycan Laçın dəhlizi ilə hərəkətin tam bərpası üçün bütün tədbirləri görməlidir. Ötən gün baş vermiş hadisə bir daha sübut edir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı icra olunmur və biz bundan irəli gələn beynəlxalq diplomatik səylərimizi davam etdirməliyik”, - deyə baş nazir bildirib.

Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə  müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov məsələyə lakonik yanaşmağın tərəfdarıdır. Onun sözlərinə görə, separatçıların hansı addımı atmasından asılı olmayaraq, Laçın dəhlizindən sivil qaydada istifadə ediləcək və inteqrasiya mütləqdir: “Əks təqdirdə, kimlərinsə istədikləri zaman Ermənistana getməsinə və geri qayıtmasına imkan verilməyəcək. Keçid məntəqələri isə artıq hazırdır. Bundan sonra bizim icazəmizlə yola davam etmək olar. Vardanyan utanmaz-utanmaz deyir ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Qarabağ həmişə Azərbaycanın tərkibində olub. 1920-ci illərdən orada "at oynatmağa"! başlamısız, Qarabağı məhv etmisiniz. Prezident İlham Əliyev sizin bu başınızdan böyük işlərinizin qarşısını aldı. Bundan sonra mələyə-mələyə tələblərimizi yerinə yetirəcəksiniz".

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Laçın yolundakı aksiyanın tələbi dəyişir: “Ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq. Separatçı rejimin qondarma "dövlət naziri" Qurgen Nersisyan Bakının bununla Xankəndinə tələb göndərdiyini deyir. Bakı hələ Xocalı görüşündən sonra separatçılara mesaj yollamışdı: ya reinteqrasiya prosesini qəbul edin, ya da daha çox çətinliklər olacaq. Bu görüşdən sonra keçirilən əməliyyatlar nəticəsində separatçıların “nəfəslikləri” bağlandı. Buna paralel olaraq, görüntülər aksiya ərazisində Laçın yoluna nəzarətin daha da gücləndirildiyini deməyə əsas verir. Mövcud situasiyada ermənilərin xarici aləmlə bağlantı qurmasının yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Onların yalnız vacib məsələlərdə - Ermənistandakı qohumu ölərsə, yaxud ağır xəstəliyə tutularsa, yoldan keçidinə icazə veriləcək. Bu vəziyyət uzunmüddətli davam edə bilməz və proseslər ermənilərin Bakının vətəndaşlıq tələbini tədricən yaxına buraxacağı yönündə inkişaf edir".

Ekspertin fikrincə, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir: “Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır. Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndidə Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.

Yaxşı mütəxəssisləri dərhal “oğurlayıb” aparırlar” - Natiq Cəfərli

Natiq Cəfərli

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin sözlərinə görə, Ermənistan mətbuatı yazır ki, Rusiya “sülhməramlıları” ağını çıxardıb - əvvəl hər yük maşınını sərhəddən keçirib Xankəndinə qədər müşayiət etmək üçün 1000-2000 dollar arası pul alırdılarsa, indi 10 min dollar istəyirlər: “Bəs deyirdilər blokada var, aclıqdı, ərzaq yoxdur, mal-məhsul gəlmir?! Yaxşı, hər yük maşınına 10 min dollar alan rus generalı ermənilərə avtomatı, minanı, topu-tüfəngi neçəyə gətirir?! Yəni ermənilərin "blokada" fəryadı nağıldır, rus isə onlara pullu-pulsuz hər cür şərait yaradır. Daha bir vacib məsələ: prezident İlham Əliyev son çıxışlarının birində dedi ki, Xankəndi və ətrafında 10 min əlisilahlı erməni terrorçuları var. Tam əminliklə söyləmək olar ki, o bölgədə əlində silah tuta biləcək o qədər yerli erməni ola bilməz, deməli, Kreml orada da “erməni Vaqneri” yaratmaqla, muzdlular toplamaqla məşğuldur. Bu məsələni bütün beynəlxalq platformalarda ən kəskin formada qaldırmaq lazımdır - Kremlin “erməni Vaqneri” layihəsinin böyüməsinə imkan vermək olmaz..."

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR