İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə yeni dövr başlayır: Araik-Vardanyan cütlüyü qaçmaq şansını da itirir

4208 09.01.2023 17:27 Analitika A A

Cənubi Qafqazda, eləcə də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində daha heç nə əvvəlki kimi olmayacaq, Laçın yolundakı dinc aksiya ilə bu ərazidə artıq yeni mərhələ başladılıb... Bu region erməni separatizmindən və terrorizmindən birdəfəlik təmizlənmək, bütün proseslər isə məhz Azərbaycanın hərbi-siyasi iradəsinə uyğunlaşdırılmaq üzrədir...

Cənubi Qafqazda sülh və sabitlik dövrünün başlanmasına əngəl olan əsas faktorlar tədricən bloklanır. Yəni, regional inkişaf perspektivlərinin önünün açılması istiqamətində qətiyyətli addımlar atılır. Və bununla da Cənubi Qafqazın gələcək taleyini dəyişdirə biləcək yeni geopolitik mərhələnin əsası qoyulmuş olur.

Təbii ki, Cənubi Qafqazın ən önəmli problemləri arasında erməni separatizmi və terrorizmi ön sırada yer alır. Ona görə də, bu regionun dinc inkişaf dövrünə keçə bilməsi üçün ilk növbədə bu problemi birdəfəlik həll etmək olduqca vacibdir. Əks halda, erməni separatizmi və terrorizmi Cənubi Qafqazı “münaqişə ocağı”na çevirməkdə davam edə bilər.

Hələlik rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni terrorizmi öz mövcudluğunu qoruyub, saxlaya bilib. Bu problemin həllinin uzanmasında Cənubi Qafqazda öz geopolitik mövqelərini itirmək istəməyən Rusiyanın ənənəvi “oyunları”, eləcə də, regiona təsir imkanları qazanmağa can atan bəzi kənar güclərin “erməni faktoru”ndan yararlanmaq vərdişləri xüsusi rol oynayır. Bu baxımdan, regionda erməni terrorizminə qarşı mübarizə o qədər də asan məsələ deyil.

1670841336_1670841245839.png (681 KB)

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgədə rus “sülhməramlılar”ın arxasında gizlənən və bəzi Qərb güclərinin də dəstəyinə ümid bəsləyən erməni terrorçular həmin ərazidə əsl “cinayət anklavı” yaradıblar. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan həmin bölgə ilə bağlı antiterror əməliyyatının keçirilməsi problemin ən asan və sürətli həlli yolu kimi görünür. Ancaq ermənipərəst dairələrin hay-küyü nəzərə alınaraq, hələlik bu variant ehtiyatda saxlanılır.

İndiki halda, Azərbaycanın ictimai fəallarının Şuşa-Xankəndi yolunda keçirdiyi dinc aksiya erməni terrorizminə qarşı mübarizədə kifayət qədər təsirli metoda çevrilmiş kimi görünür. Hər halda, ekofəalların dinc aksiyasına qarşı erməni propoqandasının iflasa uğradığı açıq-aşkar nəzərə çarpır. Hətta Xankəndi və ətraf bölkədəki silahlı erməni separatçı-terrorçular beynəlxalq məkanda şikayətlərinə gözlədikləri reaksiyanı ala bilmədiklərindən ciddi şəkildə narazıdırlar.

Maraqlıdır ki, “blokada”dan şikayətlənən Ermənistan siyasi dairələri və erməni terrorçular hazırda bu aksiyanın hələ nə qədər davam edəcəyini anlamaqda çətinlik çəkirlər. Halbuki, Şuşa-Xankəndi yolunda hər hansı “blokada”nın olmadığı foto və video faktlarla artıq birmənalı şəkildə sübuta yetirilib. Yəni, ərzaq və digər ehtiyac ləvazimatları ilə yüklü avtomobillərin hərəkətinə əngəl törədilmədiyi inkaredilməz reallıqdır. Və bunu erməni terrorçuların rəhbəri, Kremlin bölgəyə göndərdiyi “təxribat emissarı” Ruben Vardanyan da vaxtaşırı etiraf etmək məcburiyyətində qalır.

Belə anlaşılır ki, Şuşa-Xankəndi yolunda Azərbaycanın ictimai fəallarının keçirtdiyi dinc aksiya olduqca effektiv nəticələr verməkdədir. Bir tərəfdən, dinc aksiya ermənilərin uydurma iddialarının əksinə olaraq, hər hansı blokada variantından tamamilə uzaqdır. Digər tərəfdənsə, həm Ermənistan, həm də silahlı erməni separatçı-terrorçular kifayət qədər ciddi problemlərlə üzləşib. Və ona görə də, sürəkli olaraq, hay-küy salmaqda, şikayətlənməkdə davam edirlər.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB)

Birincisi, bu dinc aksiya həm Rusiyaya, həm də Ermənistana anlatdı ki, Laçın yolunun bağlanması Azərbaycan üçün elə bir çətinlik yarada biləcək məsələ deyil. Yəni, rəsmi Bakı bu addımı hər an ata bilər və Laçın yolu Azərbaycanın suveren ərazisi olduğundan beynəlxalq hüquq normalarına görə heç kim buna müqavimət göstərə bilməz. Bundan sonra Kreml də Azərbaycanın Laçın yolu üzərindəki suveren hüquqlarını mütləq nəzərə almaq məcburiyyətində qalacaq.

Digər tərəfdən, Laçın yolundan qeyri-humanitar məqsədlər üçün nəzarətsiz istifadənin qarşısı artıq alınıb. Erməni separatçı-terrorçular Xankəndi və ətraf bölgədəki Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni talaması dayandırılıb. Ermənistan da Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətdən mənfəət əldə edə bilmir. Yəni, Ermənistanın və erməni separatçı-terrorçuların əsas maliyyə qaynaqlarından biri qapadılıb.

Eyni zamanda, Ermənistanın və erməni separatçı-terrorçuların Laçın yolundan hərbi məqsədlərlə istifadə etmək imkanları da bloklanmış oldu. Bundan sonra rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə silah-sursat və canlı hərbi qüvvə keçirə bilməyəcək. Nəticədə üçtərəfli anlaşmalardakı öhdəliklər üzrə rəsmi İrəvanın çoxdan çıxartmalı olduğu Ermənistan ordusunun bölgədəki tör-töküntüləri ciddi problemlərlə üzləşəcək.

Məsələ ondadır ki, Ermənistan öz ordusunun tör-töküntüləri arasında canlı qüvvə rotasiyasını reallaşdırmaq məcburiyyətindədir. Ancaq Laçın yolundan yeni canlı qüvvə keçirə bilmədiyindən rəsmi İrəvan hərbi xidmət müddəti bitən əsgərlərini ya Ermənistana daşımalıdır, ya da onları qeyri-müəyyən müddətə bölgədə buraxmalıdır. Və bu iki variantın hər ikisi Ermənistan üçün ciddi problemlər vəd edir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Nəhayət, mövcud situasya erməni separatçı-terrorçularla Xankəndi və ətraf bölgədə yaşayan dinc əhali arasına münasibətləri daha da gərginləşdirə bilər. Çünki Laçın yoluna nəzarət davam etdikcə, maliyyə qaynaqları qapalı olan Araik-Vardanyan cinayət tandeminin yerli əhalinin ehtiyaclarını ödəmə imkanları tükənəcəyindən narazılıq daha da artacaq. Və artıq yerli ermənilər arasında mövcud situasiyadan yeganə çıxış yolunun məhz Azərbaycan vətəndaşlığı altında yaşamaq olduğuna yönəlik çağırışlar eşidilməyə başlayıb.

Bütün bunlar onu göstərir ki, hazırda rəsmi İrəvanın və erməni terrorçuların Azərbaycanın suveren hüquqları ilə hesablaşmaqdan başqa çarəsi qalmayıb. Laçın yolunun nəzarətdə qalması situasiyanı ciddi şəkildə dəyişib. Böyük ehtimalla bundan sonra istənilən halda, Laçın yolunda Azərbaycanın rəsmi nəzarət-buraxılış məntəqələri olacaq. Bu məntəqələr rus “sülhməramlılar” ilə paralel şəkildə də fəaliyyət göstərə bilər. Sadəcə, Kreml hələlik rəsmi Bakının bu barədə israrlı tələblərinə açıq şəkildə cavab verməyə hazır deyil.

Ancaq istənilən halda, Xankəndi və ətraf bölgədə bütün proseslərin məhz Azərbaycanın hərbi-siyasi iradəsinə uyğunlaşdırılacağı qətiyyən şübhə doğurmur. Hər halda, Cənubi Qafqazda, eləcə də, Azərbaycanın Xankəndi və ətraf bölgəsində heç nə əvvəlki kimi olmayacaq. Laçın yolundakı dinc aksiya ilə bu coğrafiyada artıq yeni mərhələ başlandı. Bu mərhələdə Cənubi Qafqaz erməni separatizmindən və terrorizmindən birdəfəlik təmizlənəcək. Araik-Vardanyan cinayət tandeminin isə erməni terrorçu dəstələri ilə birlikdə ən yaxın vaxtlarda bölgədən qaçmaq məcburiyyətində qalacağı da qətiyyən şübhə doğurmur. Və zaman keçdikcə, onların bu şansları da sürətlə azalır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR