İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “Bakı ilə danışıqlar” mövzusunda didişmə

891 05.07.2023 11:23 Siyasət A A

Təlxək yığını üçün halqa daralır, dialoqdan başqa çarə qalmadığını etiraf edirlər; analitik: “Separatçılar dialoqa razılaşsalar da, bu, tərk-silah anlamına gəlməyəcək”

Qarabağdakı separatçı rejim və “siyasi qüvvələr” arasında böhran getdikcə dərinləşir. Terrorçubaşı Araik Arutyunyan verdiyi açıqlamalarda “nala-mıxa vursa da” nəticə etibarilə əvvəlki radikal mövqeyində qalır, Bakı-Xankəndi danışıqları üçün şərtlər irəli sürməkdə davam edir.

Hazırda qondarma “Vahid Vətən” partiyasına rəhbərlik edən Samvel Babayan “qarşılıqlı etimad yaratmağa çalışmaq üçün” Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəklədiyini deyib. Sitat: “Stepanakert (Xankəndi - red.) və Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı etimad yaratmağa çalışmaq, müxtəlif sadə məsələlərdə razılıq əldə etmək lazımdır, insanlar sakit və normal yaşamalıdır. Bundan sonra ikinci mərhələyə - status və digər qalan məsələlərə keçərik”, - deyə Babayan “Radio Azatutyun”un efirində bildirib.

“Qarşılıqlı etimad yoxdursa, sizi inandırıram ki, biz 30 il danışıqlar apardıq və heç nəyə nail olmadıq. Daha 30 il danışıqlar aparsaq da, heç nəyə nail olmayacağıq. Azərbaycan nə qədər Rusiyanı buradan mümkün qədər tez çıxarmağa çalışsa da, - ki, onun məqsədi budur, - qarşılıqlı etimad olmasa, buna nail olmayacaq”, - deyə o, sözünə davam edib. Babayanın fikrincə, Bakının məqsədi “bizim bir-birimizlə dərhal ikitərəfli münasibət qurmağımızdan ibarətdir”: “Mən "artsaxın" ikinci siyasi qüvvəsi olaraq buna etiraz etmirəm. Amma ilk növbədə hansı maddələr üzrə danışıqlar aparacağımıza dair sənəd hazırlamalıyıq, sonra digər məsələlərə keçməliyik. Düşünürəm ki, onların bütün addımları birbaşa danışıqlar prosesinə nail olmağa yönəlib".

Beləliklə, Babayan separatçı rejimin Bakı ilə danışıqlar üçün siyasi şərt irəli sürən, daha dəqiq isə Qarabağın ermənilər məskunlaşan hissəsinin Azərbaycanın tərkibinə daxil olmasını qəti istisna edən rəhbərlərindən bir qədər fərqli mövqe nümayiş etdirib. Rəsmi Bakı Qarabağ erməniləri ilə “status” haqqında bütün danışıqları qəti şəkildə rədd edir və yalnız regionun Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiyası məsələlərini müzakirə etməyə hazırdır. Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və Azərbaycanın şəhərlərinin və rayonlarının işğalında iştirak edib. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbs edilib, azad edildikdən sonra Ermənistana gedib. 2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Babayanın bu cür açıqlamaları yeni deyil, o, bir müddət əvvəl də “kim Bakı ilə danışıqlar istəmir, erməni düşmənidir” demişdi. Onun bu mövqeyi Araiki dəyişmək istəyən qüvvələrə “mən buradayam” mesajıdır, yoxsa ermənilər üçün həqiqi çıxış yolunun Bakı ilə masaya oturmaq olduğunun fərqindədir?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu rəsmi Bakının Qarabağ erməniləri ilə dialoqu davam etdirmək istəyində olduğu qənaətindədir: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təmsilçiləri ilə Qarabağ erməniləri arasında bir neçə dəfə dialoq olub. Müzakirələr rusiyalı hərbçilərin vasitəçiliyi ilə Qarabağ ərazisində baş tutub. Prezident Administrasiyası bir neçə dəfə açıqlama yayaraq müzakirəni davam etdirmək üçün Qarabağ ermənilərinə Bakıya gəlməyi təklif edib. Birincisi, Qarabağ erməniləri Bakıya gəlməkdən ona görə imtina ediblər ki, bu onların Azərbaycanın ərazi bütövlüyünü qəbulu anlamına gələcək. İkincisi, Bakıdakı görüşdə Rusiya hərbi kontingentinin hərbçiləri olmayacaq, ermənilər isə rusiyalı vasitəçilər olmadan Azərbaycan rəsmiləri ilə görüşdən qorxurlar. Buna baxmayaraq, Qarabağ erməniləri məcbur qalıb Bakıya gələcəklər. Çünki Qarabağda separatçıların nəzarət etdiyi hissədə iqtisadi və sosial vəziyyət ağırlaşıb”.

Onun sözlərinə görə, Xankəndidə Qarabağ separatçılarının “dövlət naziri” Qurgen Nersisyan “hökumətin” toplantısında qəbul edilən qərarları elan edib: “Qarabağdakı ailələrə şəkər tozu və yağ məhsulları xüsusi yerlərdə paylanacaq, yanacaq çatışmazlığı olduğundan ictimai nəqliyyatın və xidməti maşınların hərəkəti məhdudlaşdırılacaq, bu səbəbdən "dövlət idarəsinin" işçiləri evlərindən çalışacaqlar. Qarabağ separatçıları anlayırlar ki, onlar üçün halqa daralıb, Rusiya hərbi kontingenti iki ildən sonra bölgəni tərk edəcək, Ermənistan Qarabağ separatçılarına dəstək verə bilməyəcək, sərhəd Azərbaycanın nəzarətindədir. Belə olan halda Qarabağ ermənilərinin yeganə alternativi Azərbaycan təmsilçiləri ilə dialoqu davam etdirmək və Bakının şərtlərini qəbul etmək olacaq. Qarabağ separatçılarının lideri Araik Arutyunyan son çıxışlarının birində Bakının tələbini səsləndirib: “Bakı bizimlə ancaq Qarabağın və ermənilərin Azərbaycana reinteqrasiyasını müzakirə etmək istəyir. Bu Bakının tələbidir”. Araik Arutyunyan Bakının Qarabağda qondarma qurumun buraxılması və quruma bağlı olan qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunmasını tələb etdiyini də xatırladıb".

E.Şahinoğlu yada salır ki, Araik Arutyunyan ötən ilin oktyabr ayında Ermənistan televiziya kanalına verdiyi müsahibədə də onların Bakı ilə danışıqlardan başqa alternativlərinin olmadığını bildirmişdi: “Bir il ərzində erməni separatçılarının durumu daha da ağırlaşıb. Ona görə də Araik Arutyunyan Bakı ilə dialoqu qəbul etmək barədə düşünür. Qarabağda ermənilər arasında Bakı ilə dialoqun vacibliyini deyən başqaları da var. Qarabağ separatçılarının "təhlükəsizlik şurasının keçmiş katibi" və hazırda “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan da Bakı ilə dialoqun tərəfdarıdır. O, bununla bağlı bir neçə dəfə çağırış edib.  Aydındır ki, Qarabağ separatçıları Bakı ilə dialoqu davam etdirməyə razılaşsalar da, bu onların öz istəkləri ilə tərk-silah olunması və Azərbaycan qanunları ilə yaşamağa hazır olmaları anlamına gəlməyəcək. Onlar müqavimət göstərməyə çalışacaqlar. Ancaq separatçılar onu da anlayırlar ki, zaman onların əleyhinə işləyir. Qarabağın əsas kommunikasiya xətləri Azərbaycan Ordusunun nəzarəti altındadır, keçmiş illərdə olduğu kimi, Laçın yolundan Ermənistandan Qarabağa silah və hərbi texnika keçirmək mümkün deyil. Bu vəziyyət Azərbaycanın Qarabağın tamamını nəzarət altına alacağı günü yaxınlaşdırır. Təsadüfi deyil ki, Azərbaycanda “Qisas-3" əməliyyatı barədə açıqlamalar çoxalıb, hətta dövlət televiziyasının internet saytında bu mövzu ilə bağlı sorğu da keçirilir. Bu əməliyyat Azərbaycan ərazisində separatizmin sonunu gətirməlidir”.

Asif Nərimanlı: "O zaman səbəb nədir?"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə, bu məsələdə hər şey aydındır: “Xankəndidəki separatçıların başçısı Araik Bakının onlardan nələr tələb etdiyini açıqlayıb: inteqrasiyadan başqa heç bir mövzu müzakirə edilə bilməz. Araik deyir ki, iki il cəhdlər edib, lakin heç bir nəticəsi yoxdur, Bakının tələbi konkretdir; qondarma "müdafiə ordusu" buraxılmalı, silahlı dəstələr tərk-silah edilməli, təslim olmalıdır, “dövlət idarəetmə sistemi” - separatçı rejim ləğv edilməlidir. Bundan sonra onların kommunal xidmətləri təmin ediləcək və bu, Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda olacaq. Çünki rəsmi Bakının Qarabağ iqtisadi rayonu ilə bağlı proqramı bəllidir, Araikin dedikləri də bunun “ikinci mənbədən” təsdiqi deməkdir. Hərçənd Araik təslim olmaq niyyətində olmadıqlarını da deyir, “özünümüdafiəyə və güclü olmağa” çağırır. Onların təslim olmaması Bakının proqramında dəyişikliyə səbəb olmayacaq, sadəcə, silahlı dəstələrin tərk-silah edilməsini, separatçı rejimin ləğv olunmasını ordu həyata keçirəcək".

Ekspert Züriyə Qarayevanın bildirdiyinə görə, qisasımızın qısa olması qəzəbimizi maksimum tənzimləməyə çalışmağımızdandır: “Onlar silaha əl atmaqla dünyaya nəsə göstərməyə çalışsalar da, biz Vaşinqtona və digər güclərə göstəririk ki, əlisilahlı ermənilər bölgədə olduğu müddətdə bu görüşlərin heç bir əhəmiyyəti qalmır. Əhəmiyyətini artırmaq üçün bizim sahədə ”işlər" görməyimizə ehtiyac var. Bu “işlərin” silahsız ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Ordusu Qarabağdakı silahlı terrorçulara qarşı əməliyyat keçirərək, separatçı rejimi gorbagor edəcək. Separatçılar insan dilindən anlamasalar, “Qisas”ın davamını gətirib, statusu gorbagor (!) etdiyimiz kimi, onların atributlarını da, silahlılarını da cəhənnəmə vasil edəcəyik".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR