İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi məsələsini necə həll edək - III Qarabağ savaşı olacaqmı...

1957 04.04.2022 22:23 Gündəm A A

Əziz Əlibəyli: “Resursların qeyri-müəyyənliyi belə bir müharibəni mümkünsüz edir”

Akif Nağı: “Azərbaycanın bütün yolları Xankəndinə doğru gedir”

II Qarabağ savaşındakı qələbəmizdən sonra Xankəndinin hələ də Azərbaycanın idarəetməsində olmaması, separatçıların ölkə qanunlarına tabe olmaması alternativ variantların işə salınmasına zəmin yaradır.

Eyni zamanda separatçı rejimin yerləşdiyi bu tarixi şəhərimizin taleyinin necə olacağı barədə ən müxtəlif fikirlər səslənməklə yanaşı, çoxlu sayda suallar da mövcuddur.

Biz Xankəndini necə alaq? Yaxud almalıyıq? Bütün beynəlxalq qurumlar, dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınırsa, Xankəndi də daxil, işğaldakı torpaqlar Azərbaycanın əzəli-əbədi ərazisi kimi beynəlxalq birlik tərəfindən qəbul edilibsə, ən əsası, Azərbaycan müharibədə əzici üstünlüklə qalib gəlibsə, o zaman Xankəndi məsələsi nədən bu qədər çətinlik yaradır? Bunu diplomatik yolla geri qaytarmağımız mümkün olacaqmı? Yoxsa, 3-cü Qarabağ müharibəsi zərurəti var?

Onu da qeyd edək ki, Azərbaycan Fərrux kəndini, yüksəkliyini geri qaytardıqdan sonra Qərbdən narahatlıq bəyanatları gəlməyə başladı. Öz ərazi bütövlüyümüzün bərpasını davam etdirirkən, Qərb bundan niyə narahat olmalıdır. Əksinə, separatizmin kökünün Güney Qafqazda kəsilməsində maraqlı olmalıdır. Bu arada, Paşinyanla Əliyevin Brüssel görüşündən sonra Xankəndinin, ya da Xocalının erməni silahlı qüvvələri tərəfindən boşaldılacağı haqda deyilənlərdə həqiqət payı varmı?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli III Qarabağ savaşının olacağını zənn etmir: “Ümumilikdə elə bir vəziyyətdir ki, bütün güc mərkəzləri dövlətlərin daxilində bu cür toqquşmaların qalmasında maraqlıdırlar. Məsələn, Qarabağ probleminin hər zaman qalması müxtəlif güc mərkəzlərinin həm bir-biriylə toqquşmaları, eləcə də, ölkələrə təzyiq etmək üçün saxlanılan vasitələrdən biri idi. Buna Rusiya, Qərb nəzərindən baxmaq lazımdır. “III Qarabağ savaşı olacaqmı” sualınıza gəlincə deyə bilərəm ki, resursların qeyri-müəyyənliyi belə bir müharibəni mümkünsüz edir, o cümlədən də sonuncu müharibə Ermənistanın ciddi şəkildə resurslarını sıradan çıxarıb. Azərbaycan beşinci nəsil müharibəni tətbiq etdi. Bu o deməkdir ki, ikinci və üçüncü nəsil müharibə vasitələrindən istifadə edən Ermənistanın beşinci nəsil savaş imkanlarına malik olması üçün ən aşağısı bir neçə on illik lazımdır. Bu baxımdan da bu mümkünsüz görünür. Üstəlik əsgər sayı da buna imkan vermir. Əhalinin artım dinamikasını nəzərdə tuturam.

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Əziz Əlibəyli

Müsbət məqam ondan ibarətdir ki, Azərbaycan Fərrux kəndi yüksəkliyi timsalında qarış-qarış olsa da, buna davam edəcək. Qərbdən verilən narahatlıq doğuran açıqlamalar ondan ibarətdir ki, bunlar həm Rusiyada, həm də Qərbdə sırf erməni lobbisina aid qüvvələrin ortaya qoyduğu mövqedir. Hər iki tərəf bu mənada separatizmi dəstəkləyir. Təbii ki, Cənubi Qafqaz güclərin maraqlarının toqquşduğu əsas məkanlardan biridir. Hətta burada dini separatizmin belə zaman-zaman toqquşduğunu görmüşük. Əliyev-Paşinyan görüşündə ilk razılaşmanın deyil, mövqelərdə olduqca yaxınlaşmanın şahidi ola bilərik. Gələcəkdə Moskvada keçiriləcək görüşdə ümumi razılaşmanın əsası qoyula bilər. Buna böyük ümidlər var. Xəritəyə baxsaq, Rusiyanın nüfuz dairələrinə aid olan ərazilərdə münaqişəli vəziyyətin qalması digər beynəlxalq güclərin o bölgəyə təsirini həyata keçirə bilər. Bu da Rusiya üçün arzuolunmaz olar. Çünki arxa cəbhəsində, yəni Qarabağda heç bir halda bunun olmasını istəməz. Bu baxımdan növbəti görüşlərdə mövqelərin uzlaşmasını görə bilərik. Xankəndinin erməni silahlı birləşmələrindən boşaldılması məsələsinə gəlincə, burada Xocalı və Xankəndini ayıraram. Çünki separatçı rejimin yerləşdiyi yerlə rayonlar arasında əsaslı bir fərq var. Azərbaycan ola bilər ki, Xankəndini aniterror əməliyyatına saxlasın. Amma Xocalı və Xocavəndin qalan ərazilərinin məsələsini ordumuz irəliləməklə həll etməkdədir”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Rusiyanın oyun oynadığını söylədi: “2020-ci ilin Böyük Zəfərindən sonra biz "Tam Qələbə" modelini irəli sürdük, bu barədə sənəd hazırlayıb dövlət rəhbərliyinə, mətbuata göndərdik. Qarabağda tam qələbə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər ərazilərdə hakimiyyətimiz bərpa olunduqdan sonra əldə ediləcək. Bu prosesi bir qədər lakonikləşdirərək "Xankəndi məsələsi" kimi də adlandırmaq olar. Xankəndi məsələsi həll olunmalıdır ki, biz tam qələbədən danışa, öz torpaqlarımızda işlərimizi istədiyimiz şəkildə qura bilək. Hələlik bu prosesə mane olanlar çoxdur. Qarabağ məsələsinə də 30 il mane olmağa çalışdılar, sonda bütün bu Qərb, Şimal və sair ünsürləri fakt qarşısında qoyub nəticəmizi əldə etdik. İndi görünən odur ki, Rusiya oyun oynayır, "sülhməramlı " adı altında bölgəyə sahib çıxmaq, ən azından nəzarətdə saxlamaq istəyir. Amma Türkiyə və Azərbaycanın birgə gücü qarşısında bunu edə bilməyəcək. Digər tərəfdən Qərb bölgədə "erməni faktoru"nun tam iflasa uğramasını istəmir, ona görə də "status" məsələsini gündəmdə saxlamağa çalışır.

Akif Nağı da namizədliyini verəcək

Akif Nağı

Ermənistan iki tərəfə işləməklə, həm rus "sülhməramlı"larının uzun müddətə regionda qalmasına çalışır, həm də Qərbdəki havadarlarından "status" məsələsini gündəmdə saxlamağı xahiş edir, hətta yalvarır. Amma bütün bu cəhdlər əbəsdir. Azərbaycan Xankəndinə qayıtmaq istəyində israrlıdır, bunu Fərrux yüksəkliyi ilə bağlı prosesdə tam aydınlığı ilə göstərdi. Türkiyə də Azərbaycana axıra qədər dəstəyini verəcəyini nümayiş etdirdi. Prezident Ərdoğan Fərrux yüksəkliyi ilə bağlı Azərbaycanı açıq, hətta davakar səviyyədə müdafiə etdi. Qərb dövlətləri, beynəlxalq təşkilatlar elə də sərt reaksiya sərgiləmədi , narahatlıqlarını bildirməklə kifayətləndilər. Rusiya da bəlkə də tarixində ilk dəfə dediyinin üzərində israr etmədi, geri çəkildi. Qərb və Rusiya mətbuatında müəyyən "antiazərbaycan canlanması" hiss olundu, bunu da erməni mərkəzlərinin pullu sifarişləri ilə izah etmək olar. Bütün bunlar onu göstərir ki, Azərbaycan inamla əsas hədəfə doğru irəliləyir. Brüssel görüşündə də Azərbaycana qarşı hər hansı maneələrin ortaya atılacağı ehtimalı azdır. Bu ərəfədə Azərbaycan rəsmisi Hikmət Hacıyevlə erməni nümayəndə Armen Qriqoryan arasında görüş oldu, Brüssel danışıqlarına hazırlıq müzakirə olundu. Mətbuata çıxan qısa məlumatlardan da görünür ki, iki ölkə arasında danışıqların gündəliyi Azərbaycan tərəfindən müəyyən edilir. Cəmiyyətimizin Xankəndi ilə bağlı səbirsizliyini başa düşmək olar. Amma bilməliyik Azərbaycanın bütün yolları Xankəndinə doğru gedir. Sadəcə bir qədər səbirli olmaq gərəkdir”.

 

Cavanşir ABBASLI,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR