İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi-Gorus yolunda azərbaycanlıların dinc antiterror əməliyyatı – son gəlişmələr

781 17.12.2022 11:00 Gündəm A A

Azərbaycanlı mütəxəssislərin monitorinqinə növbəti dəfə imkan yaradılmadı; rus sülhməramlılar azərbaycanlıların yorulub dağılmasını gözləyir?

Xankəndi-Şuşa-Laçın-Gorus yolunda azərbaycanlı fəalların aksiyası 6-cı gündür davam edir. “Yeni Müsavat” qəzeti xatırladır ki, aksiya Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə faydalı yataqların qanunsuz istismarının dayandırılması, Azərbaycanın dövlət qurumlarının monitorinqinə yaradılan əngəllərə son qoyulması tələbi ilə başlayıb.

Fasiləsiz davam edən etiraz göstəriləri dünyada da kifayət qədər rezonans doğurub. Azərbaycan xalqı bir daha hər kəsə nümayiş etdirir ki, Qarabağ məsələsində heç bir güzəştdən söhbət gedə bilməz, burada hansısa qanunsuzluqlara göz yumulmayacaq. Bu nümayişlər həm də Ermənistanda və Qarabağda məskunlaşmış revanşistlərə, radikal əhval-ruhiyyəli ünsürlərə bir növ dərsdir. Xankəndi yolundakı aksiya ilə Qarabağda yaşayan ermənilərə de xüsusi və son mesaj verilməkdədir. Mahiyyətsə bundan ibarətdir -  nəfəsliyiniz bizim əlimizdə, bu torpaqlar bizimdir və biz istədiyimiz an adına dəhliz dediyiniz nəfəsliyinizi qapada bilərik. Bu ismarışlar hədəfinə çatmış sayılır və müşahidə etdiyimizə görə, dünya erməniliyi də, Ermənistan hakimiyyəti də, Qarabağdakı separatçılar da anladılar ki, “Artsax” dedikləri sərsəm layihə bitib, Qarabağdakı ermənilərin də təmizlənməsi, yuvalandıqları yeri tərk etməsi an məsələsidir!

Azərbaycan dövləti eko-terror ideologiyalı unikal bir aksiyaya müəlliflik etdi və illərdir Qarabağdakı erməniləri bəsləyən Laçın yoluna nəzarəti, bununla da bütün bölgəyə hakimiyyəti əldə etdi. Sadə ermənilər də bu mesajdan paylarını aldırlar -  onlar anladılar ki, illərlə yanlış ideologiya və vədlərlə bəsləniblər. İndi sonları gəlib və daha Qarabağ onlar üçün rahat yuva olmayacaq. Ən yaxşısı köçməkdir. -  mümkün qədər uzaqlara və birdəfəlik.

Xankəndi yolunda aksiyaçılar “Mina terroruna son!” şüarını səsləndiriblər -  YENİLƏNİB + CANLI YAYIM| Realpress.az

Son 5 günün proseslərini və mitinqlər yolu ilə əldə olunan nəticələri təhlil edəndə olduqca maraqlı bir nəticə hasil olur. Azərbaycan dövləti ordu yerinə eko-fəalları və QHT mənsublarını Qarabağ səhnəsinə çıxartmaqla, faktiki olaraq qansız, dinc, unikal antiterror əməliyyatı həyata keçirmiş oldu.

Regiondakı proseslərin mərkəz nöqtəsinə çevrilmiş Xankəndi-Şuşa-Laçın-Gorus yolundakı aksiyada ciddi ideoloji və şüar dəyişikliyi də baş verib. Əgər əvvəllər yalnız ekoloji şüarlar və tələblər irəli sürülürdüsə, nümayişin 4-cü günündə etiraz aksiyasının iştirakçıları yeni tələblər də irəli sürüblər. Məsələn onlardan birini şərh edək: 

-Ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidir.

Bu tələbin ortaya çıxması heç də təsadüfi deyil. QHT rəhbərləri, fəallar 4 gün ərzində apardıqları müşahidələrdən o qənaətə gəliblər ki, sülhməramlılar ermənilərin yaşadıqları ərazilərdə onların qanunsuz əməllərinə, Laçın yolundan qanunsuz, hərbi təyinatlı yüklər daşımalarına göz yumur, hətta şərait yaradırlar.

Sirr deyil ki, işğal dövründə Laçın yolu Ermənistanın Azərbaycan xalqına qarşı öz terror siyasətini həyata keçirmək üçün istifadə olunub. İndi də ermənilər bu əməllərini davam etdirmək istəyirlər. Qarabağda tapılan son 2 ilin istehsalı olan minalar da buna sübutdur ki, ermənilər həmin yoldan istifadə edərək mina terrorunu davam etdirirlər. Təbii ki, bu vəziyyət davam edə bilməz.

Fakt bundan ibarətdir ki, sülhməramlıların nəzarətində olan ərazilərdən keçməklə, istənilən şəxs və ya qruplaşma rahat şəkildə Azərbaycanın ərazisi olan Qarabağa gedə bilir. Sülhməramlılar istədiyi şəxsi Azərbaycanın ərazilərinə qanunsuz olaraq buraxırlar.

Noyabrın sonunda 27 nəfər İran vətəndaşının iki qrup halında Xankəndiyə gəlməsi də bunun sübutudur.

Ermənistan “mina terroru”nu davam etdirir - TƏHLİL

Odur ki, aksiya iştirakçıları ekoterrorun dayandırılması tələbi ilə yanaşı, mina terroruna son qoyulmasını, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınmasını, milli sərvətlərimizin ölkədən çıxarılmasını və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna Azərbaycanın müvafiq qurumlarının nəzarət etməsi tələbini irəli sürürlər.

QHT fəalları bəyan ediblər ki, Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər.

Aksiya iştirakçıları tələb edir ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın.

Bütün bunlar tamamilə haqlı tələblərdir. Çünki 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəaları tam icra olunmur, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmır, sülhməramlılar Azərbaycan ərazilərinə kimi gəldi buraxır, qanunsuz yükdaşımalara şərait yaradır. Hətta Volkov etiraf etmişdi ki, nəzarəti tam həyata keçirmək üçün kifayət qədər imkanları, texniki vasitələri yoxdur. Odur ki, məntiqi olaraq Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalı zərurəti yaranıb.

Aksiya iştirakçıları bir daha vurğulayıb ki, nümayiş yalnız baş verən qanunsuzluğa qarşı yönəlib və dinc erməni əhalisinin keçidinə şərait yaradılır. Buna sübut olaraq, aksiyanın 4-cü gününün axşamında Qarabağda yaşayan ermənilərin təminatı üçün ərzaq və başqa tələbat malları gətirən sülhməramlı konvoyu heç bir insident, müqavimət olmadan aksiyanın keçirildiyi ərazidən buraxılıb və əvvəlcədən müəyyən olunan marşrutunu tam şəkildə yerinə yetirib. 

Göründüyü kimi, məsələ kifayət qədər ciddidir və hədəf Azərbaycanın suveren ərazilərində nəzarəti, təhlükəsizliyi bərpa etmək hüququndan gedir. Mümkün deyil ki, ölkə ərazisində qanunsuzluqlar baş versin, ölkəmizin təhlükəsizliyinə təhdidlər olsun  və Azərbaycan da buna göz yumsun.

Tələblərin yerinə yetirilməməsi üçün hansısa bəhanə gətirilə bilməz.

Əlbəttə, gec-tez Azərbaycanın hər qarışında idarəetməni, nəzarəti, təhlükəsizliyi müvafiq dövlət qurumlarımız həyata keçirməlidir. Bunun zamanı yetişib və alternativi ola bilməz...

Maraqlı bir məqam da odur ki, artıq aksiya 5-ci gündür davam edir. Bu müddətdə əraziyə nə Volkov gəlib, nə də tələblərə rəsmi səviyyədə reaksiya verilib. Bu qeyri-müəyyənlik nə zamana qədər davam edəcək? Sülhməramlılar siyasi qərar gözləyir, yoxsa onlar azərbaycanlıların yorulub aksiyanı dayandıracağına ümid edirlər?

Bir vacib məqam da ondan ibarətdir ki, ekofəalların 5 gündür davam edən aksiyasını, onların haqlı tələblərini yerində müşahidə etmək üçün xarici ölkə səfirlikləri, BMT və digər beynəlxalq təşkilatların təmsilçiləri hadisə yerinə getmir. Onlar ekoterrora niyə laqeyddir?

Onu da nəzərə çatdıraq ki, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-nin nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a mövzu ilə bağlı danışarkən bildirdi ki, Volkov hərbçi və sülhməramlıların komandanı kimi Rusiyanın siyasi və hərbi rəhbərliyindən təlimat almamış hər hansı bir qərar verməz və hansısa addımlar ata bilməz. Ona görə də biz sadəcə diqqəti Volkova yönəldərək əslində Rusiyanın mövqeyini gözləyirik: “Bu günə qədər davam edən qeyri-müəyyənlik onun göstəricisidir ki, Rusiya tərəfi aksiyanın tələblərinə hələ də hər hansı bir əsaslı cavab verə bilmir. Tələblər tamamilə qanunidir və təbiidir. Rusiya isə ən azından bu günə qədər bu tələbləri yerinə yetirmək istəyində olmadığını nümayiş etdirib, belə bir yol seçiblər ki, heç bir reaksiya verilməsin. Moskvadan hansı təlimat verilsə, sülhməramlılar buna uyğun hərəkət edəcəklər. Mən düşünmürəm ki, vaxtı uzadıb aksiya keçirən azərbaycanlıların yorulub bu işə son qoymalarını gözləyirlər. Çünki rus sülhməramlıların gözləri önündə dirəniş göstərən, haqlı mübarizədə davamlı olan, böyük ruh yüksəkliyi olan azərbaycanlı aktivistlər var. Onlar görürlər ki, aksiyaya axın var, heç bir yorulmaqdan söhbət gedə bilməz. Nəticə əldə olunmayanadək aksiyanı dayandırmaqdan söhbət gedə bilməz. Nəticə isə bu olmalıdır ki, azərbaycanlı ekoloqlar o mədənlərə buraxılmalıdırlar və orada monitorinq keçirməlidirlər. Bu artıq prinsipial məsələdir. Vaxt uzandıqca aksiyaçıların tələblərinə yeniləri də əlavə olunur. Bunu sülhməramlılar nəzərə almalıdır. Ruslar bizim yorulacağımıza ümid edirsə yanlış edirlər”.

M.Sadəddinov qeyd etdi ki, bir sıra ölkələr aksiya ilə bağlı bəyanatlar verirlər. Bu bəyanatlarda yolun açılmasının vacibliyi vurğulanır və 10 noyabr üçtərəfli bəyanatına istinad edilir. Ancaq istinad edərkən undurlar ki, üçtərəfli bəyanatda Laçın dəhlizinin humanitar məqsədli dəhliz olması nəzərdə tutulur. Bu məqamı heç kim dilinə gətirmir. Ona görə də verilən bəyanatlar obyektiv deyil. Obyektiv olmayan bəyanatlara isə Azərbaycan əhəmiyyət verməyə borclu deyil. Bəyanat verən dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri aksiya keçirilən əraziyə səfər etsinlər. O zaman görəcəklər ki, yol əslində tam bağlı deyil, rus sülhməramlılar oradan yükləri daşıyırlar, rus sülhməramlıları ermənilərin gediş-gəlişinin qarşısını kəsib. Beynəlxalq təşkilatların isə Qarabağda ermənilərin ekoterror həyata keçirməsinə laqeydliyi isə yeni  deyil. 30 il ərzində bu laqeydlik, hətta ermənilərə bu qanunsuz fəaliyyətdə stiumul vermək nümayiş etdirilib. Bu gün də eyni siyasət davam edir. Elə ona görə də artıq Azərbaycan xalqı problemi həll etməyi öz üzərinə götürüb".  

Politoloq Anar Əliyev isə bildirdi ki, Rusiya sülhməramlı qüvvələri və təmsil olunduqları dövlətin aksiyaya hələ ciddi reaksiya verməməsinin bir neçə vacib səbəbləri var: “Birincisi, hesab edirəm ki, sülhməramlı qüvvələrin komandanı Volkovun Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətdə və təbii sərvətlərin talanmasından əldə olunan gəlirlərə şərikdir. Volkovun etirazçılar qarşısına çıxacaq, onların suallarına verəcək cavabı yoxdur. İkinci ən mühüm səbəb ondan ibarətdir ki, Azərbaycan aktivistləri bu aksiyanı həyata keçirməklə sülhməramlı qüvvələrinin nüfuzuna, erməni separatçıların mövqeyinə çox ciddi zərbə vurub. Rusiya hesab edir ki, Volkovun aksiya iştirakçıları qarşısına çıxması sülhməramlıların zədələnmiş nüfuzunu heçə endirmiş olar. Ermənilər də gördülər ki, sülhməramlılar onların zənn etdiyi gücdə, qüdrətdə və səlahiyyətdə deyillər. Ona görə də ciddi zədə almış nüfuzlarının sıfır həddinə düşməməsi üçün sülhməramlılar prosesi uzatmaq, vəziyyəti gərginləşdirmək və bununla Azərbaycanı beynəlxalq təzyiqlərlə üz-üzə qoymaq, aksiya iştirakçılarının isə yorularaq, bezərək aksiyanı dayandırmalarına ümid bəsləyirlər. Hesab edirəm aksiya qarşıya qoyulan hədəflərə böyük mənada nail olub. Bu aksiyalar digər aksiyaların başlanğıcıdır. Bu aksiya ilə Azərbaycan dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, regionda oyunlar qurmaq istəyən, Azərbaycanın mövqeyini zəiflətməyə çalışan güclərə Azərbaycanın haqlı mövqeyi ilə barışmaq məcburiyyətində olduqlarını nümayiş etdirdi. Bu aksiya Azərbaycanın mövqeyini gücləndirdi. Qarabağdakı ermənilər hansısa kənar gücə arxalanaraq yaşaya bilməyəcəklərini gördülər”.

Politoloq dedi ki, xarici ölkə səfirlikləri, BMT və digər beynəlxalq təşkilatların təmsilçilərinin aksiyaçıların haqlı tələblərini yerində müşahidə etmək üçün hadisə yerinə getməməsi onlara paytaxtlarından hələ ki, təlimat verilməməsi ilə bağlıdır.  Qarabağda ekoterrora laqeydlikləri isə uzun illərdir necə olubsa, indi də elədir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR