İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneidən sonra İran: Teokratik sistem qalır, amma hakimiyyətin mərkəzi dəyişir

601 17.07.2026 18:18 Siyasət A A

Ayətullah Seyid Əli Xameneinin öldürülməsindən sonra dünyanın siyasi dairələrində ən çox səslənən proqnoz İran İslam Respublikasının dərin hakimiyyət böhranına sürüklənəcəyi ilə bağlı idi.

ABŞ və İsrailin məqsədlərindən birinin məhz "başın kəsilməsi" strategiyası vasitəsilə İranın siyasi sistemini iflic etmək olduğu barədə fikirlər geniş yayılmışdı. Lakin son ayların gedişi göstərir ki, bu gözləntilər özünü doğrultmayıb. Əksinə, İranın dövlət aparatı fəaliyyətini davam etdirə bilib, siyasi institutlar çökməyib və sistem öz dayanıqlığını nümayiş etdirib. Bununla belə, bu, heç də əvvəlki İran demək deyil. Xarici siyasətdə ideoloji xətt dəyişməsə də, ölkənin daxili idarəetmə mexanizmi əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq transformasiya mərhələsinə daxil olub.

İranın Ali Dini Lideri Əli Xamenei kim idi? - BBC News Azərbaycanca

İslam Respublikası yarandığı 1979-cu ildən etibarən formal olaraq çoxpilləli dövlət sistemi kimi fəaliyyət göstərsə də, əslində, bütün strateji qərarlar ali rəhbərin siyasi iradəsi ətrafında formalaşırdı. Prezident, parlament, Məhkəmə Hakimiyyəti, Ekspertlər Məclisi, Ali Milli Təhlükəsizlik Şurası və SEPAH kimi güc mərkəzləri mövcud olsa da, son arbitraj hüququ məhz Xameneiyə məxsus idi. Hakimiyyət daxilində yaranan istənilən fikir ayrılığı, istər nüvə proqramı, istər ABŞ-la münasibətlər, istərsə də iqtisadi strategiya ilə bağlı olsun, yekunda onun qərarı ilə həll edilirdi.

Məhz buna görə də Xameneinin ölümündən sonra yaranan əsas boşluq hüquqi deyil, siyasi koordinasiya sahəsində hiss olunmağa başladı. Son aylarda ABŞ-la mümkün danışıqlar, atəşkəs mexanizmləri, regional siyasət və nüvə proqramı ətrafında müxtəlif dövlət strukturlarından fərqli siqnalların gəlməsi əvvəlki vahid qərar mərkəzinin zəiflədiyini göstərir. Bu gün artıq İran siyasətində qərarlar təkcə ali rəhbərin mövqeyi ilə deyil, təhlükəsizlik strukturları və müxtəlif hakimiyyət institutları arasında formalaşan konsensus əsasında qəbul edilir. Bu tendensiya İranın faktiki olaraq kollektiv idarəetmə modelinə yaxınlaşdığını göstərən əsas əlamətlərdən biri hesab olunur.
SEPAH İrana təkrar hücum ediləcəyi təqdirdə döyüş zonasını genişləndirməklə  hədələyib - AZƏRTAC

Ən diqqətçəkən dəyişikliklərdən biri İnqilab Keşikçiləri Korpusunun – SEPAH-ın siyasi çəkisinin əhəmiyyətli dərəcədə artmasıdır. Əslində bu proses yeni deyil. Son iyirmi ildə SEPAH yalnız hərbi qurum olmaqdan çıxaraq iqtisadiyyatın, enerji sektorunun, iri infrastruktur layihələrinin və xarici siyasətin əsas iştirakçılarından birinə çevrilmişdi. Lakin Xameneinin ölümündən sonra bu təsir yeni mərhələyə keçib.

Bu barədə xarici mediada da çoxsaylı materiallar dərc olunur. Əsas müzakirə olunan məsələ budur ki, İranın əsas strateji qərarlarının hazırlanmasında SEPAH rəhbərliyi və Ali Milli Təhlükəsizlik Şurası əvvəlki dövrlə müqayisədə daha həlledici rol oynayır. Ali rəhbər institutu formal olaraq mövcud olsa da, onun ətrafında formalaşan təhlükəsizlik elitası qərarvermə prosesinin əsas aparıcı qüvvəsinə çevrilir.

Bu baxımdan Müctəba Xameneinin mövqeyi ayrıca diqqət çəkir. Uzun illər onun atasının ən yaxın siyasi fiqurlarından biri olduğu və mümkün varis kimi hazırlandığı iddia edilirdi. Ancaq son aylarda baş verən proseslər göstərir ki, o, atasının malik olduğu dini nüfuz və siyasi çəkini hələ formalaşdıra bilməyib. Müxtəlif beynəlxalq müşahidəçilər qeyd edirlər ki, Müctəba Xamenei daha çox təhlükəsizlik strukturlarının dəstəyi ilə hərəkət edir və qərarların qəbulundan çox onların legitimləşdirilməsi funksiyasını yerinə yetirir. Onun ictimaiyyət qarşısında məhdud görünməsi və siyasi proseslərdə əvvəlki ali rəhbər qədər dominant rol oynamaması da bu qiymətləndirmələri gücləndirir.

Lakin hakimiyyət daxilində dəyişikliklər İranın xarici siyasətində ciddi kurs dəyişikliyi yaratmayıb. ABŞ və İsrailə münasibətdə sərt ritorika qorunur, "müqavimət oxu" konsepsiyası dəyişmir, Livan, İraq, Yəmən və regiondakı müttəfiq silahlı qruplarla əməkdaşlıq əvvəlki kimi davam etdirilir. Tehran nüvə proqramından da geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Bu fakt göstərir ki, İranın xarici siyasəti ayrı-ayrı şəxslərdən daha çox dövlətin təhlükəsizlik doktrinasına əsaslanır və lider dəyişikliyi həmin doktrinanı dəyişdirməyə kifayət etmir.

İranda 500 nəfər həbs edildi — Casusluqda ittiham olunurlar

Bununla yanaşı, iqtisadi reallıqlar İran hakimiyyətini müəyyən taktiki manevrlərə məcbur edir. ABŞ-la dolayı danışıqların davam etdirilməsi, sanksiyaların yumşaldılması istiqamətində diplomatik kanalların açıq saxlanılması bunu göstərir. Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları uzun müddətdir İran iqtisadiyyatında yüksək inflyasiya, milli valyutanın dəyərsizləşməsi, xarici investisiyaların azalması və işsizliyin ciddi problem olaraq qaldığını vurğulayırlar. Neft ixracı müəyyən səviyyədə davam etsə də, sanksiyalar iqtisadi artımı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məhz buna görə də Tehran bir tərəfdən sərt ideoloji xətti saxlayır, digər tərəfdən isə iqtisadi təzyiqi azaltmaq üçün diplomatik kanalları tam bağlamır.

Daxili siyasətdə isə təhlükəsizlik yanaşmasının daha da gücləndiyi müşahidə olunur. Son aylarda "xarici dövlətlərlə əməkdaşlıq", "casusluq" və "milli təhlükəsizliyə təhdid" ittihamları ilə çoxsaylı həbslər həyata keçirilib. İnsan hüquqları təşkilatlarının hesabatlarında bildirildiyinə görə, internet üzərində nəzarət mexanizmləri genişləndirilib, təhlükəsizlik orqanlarının səlahiyyətləri artırılıb və dövlət aparatında nəzarət sistemi daha da sərtləşdirilib. Hakimiyyət bununla ölkə daxilində mümkün sosial narazılıqların qarşısını almağa çalışır.

Bununla yanaşı, Tehran maraqlı taktiki yanaşma nümayiş etdirir. Əvvəlki illərdə ciddi sosial qarşıdurmaya səbəb olan hicab və həyat tərzi məsələlərində hakimiyyət müəyyən qədər ehtiyatlı davranmağa üstünlük verir. Bunun əsas səbəbi müharibədən sonrakı həssas şəraitdə yeni daxili gərginlik ocaqları yaratmamaq istəyidir. Hakimiyyət anlayır ki, iqtisadi problemlərin dərinləşdiyi, regional təhlükələrin artdığı şəraitdə yeni kütləvi etiraz dalğası dövlət üçün əlavə risklər yarada bilər.

Əslində, Xameneinin ölümündən sonra baş verən ən mühüm dəyişiklik şəxsin yox, institutların rolunda müşahidə olunur. İran siyasi sistemi sübut etdi ki, onun mövcudluğu yalnız bir liderdən asılı deyil. Lakin eyni zamanda aydın görünür ki, əvvəlki mərkəzləşdirilmiş idarəetmə modeli tədricən təhlükəsizlik elitasının üstünlük təşkil etdiyi daha kollektiv qərarvermə mexanizmi ilə əvəzlənir. Bu modeldə Ali Milli Təhlükəsizlik Şurası, SEPAH, ali rəhbərin aparatı və digər güc strukturları arasında koordinasiya əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Başqa sözlə, İran teokratik mahiyyətini qoruyur, lakin həmin teokratiyanın daxilində real hakimiyyət balansı dəyişir.

Seyid Müctəba Hüseyni Xamenei İran İslam Respublikasının Ali Lideri |  Report.az

Mövcud proseslər onu göstərir ki, yaxın illərdə İranın əsas transformasiyası ideoloji deyil, institusional xarakter daşıyacaq. İslam Respublikası xarici siyasətdə anti-Qərb kursunu, regional təsir strategiyasını və təhlükəsizlik prioritetlərini saxlayacaq. Lakin ölkənin idarə olunması artıq bir nəfərin siyasi iradəsinə deyil, təhlükəsizlik institutları arasında formalaşan kollektiv qərarvermə mexanizminə söykənəcək. Bu isə təkcə İranın daxili siyasi gələcəyini deyil, bütövlükdə Yaxın Şərqdə qüvvələr balansını müəyyənləşdirəcək ən mühüm amillərdən biri olacaq.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR