İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalqı bahalaşmadan xilas etmək metodları

1888 07.09.2022 12:20 Yazarlar A A

Koronavirus pandemiyası, ondan da sonra putinorus müharibəsi bütün dünyada bahalaşmaya, iqtisadi çətinliklərə səbəb olmuşdur. Təzəlikcə ruslar Avropanın qaz kəmərini bağladılar, guya orda nəsə sızma vardır. Hamı başa düşür: bu, rus işğalçı rejiminin sivil dünyaya qarşı energetik hücumudur, onları Ukraynaya dəstək verməkdən çəkindirmək istəyirlər. “Siz qırağa durun, biz Ukraynanı parçalayaq, üstündən də araq içək” - şimal ayısının vəhşi məntiqi bundan ibarətdir.

Lakin Qərb dünyası hələlik bu təzyiqlərə davam gətirir. Bahalaşmaya qarşı Çexiyanı çıxmaq şərtilə, miqyaslı etirazlar da olmamışdır. Üstəlik, Qərb dövlətləri əhaliyə, biznesə inflyasiya təzyiqlərini azaltmaq üçün müxtəlif yardım proqramları elan edirlər. Bugünlərdə belə bir böyük planı Almaniyanın kansleri Olaf Şolts açıqladı. Camaata ümumilikdə 65 milyard avro yardım ediləcəkdir. Qışdan sağ-salamat çıxmaq üçün. Buraya konkret məbləğlər daxildir. 2022-ci ilin dekabrında hər bir pensiyaçı 300 avro, hər bir tələbə isə 200 avro birdəfəlik yardım alacaq. Almaniyada kasıb ailələr üçün mənzil yardımı dövlət proqramı var, hər ay 150 avrodan çox vəsait verilir və bunu 500 mindən çox ev təsərrüfatı alırdı. (“Vohngeld” adlanan bu proqramı biz yatsaq yuxuda görürük). İndi isə məhz həmin proqramın üzvü olan ailələrə qışda 415 avro istilik xərci veriləcək. Belə adamların sayı 2 milyona çatdırılacaq. Nəqliyyatda ucuz biletlərə 1,5 milyard avro, enerji tutumlu şirkətlərin xərclərini qarşılamağa 1,7 milyard avro yönəldiləcək.

Ümumilikdə, tək bu il alman hökuməti xalqın inflyasiyadan çəkdiyi əziyyəti azaltmaq üçün 95 milyard avro xərcləyib. Niyə belə edirlər? Çünki elə həmin xalqın hökumətidir. Xalq seçib onları vəzifəyə qoyub. Milyard avroları da Almaniya dövlətinin altına yığmaq üçün saxlamırlar.

Dünən Finlandiya və İsveç hökumətləri də Rusiyanın enerji hücumundan, inflyasiyadan xalqı qorumaq üçün planlarını açıqladılar, məzmun təxminən Almaniyadakı kimidir, təkrarlamaq istəmirəm.

İnflyasiyadan uca millətimiz də əziyyət çəkir, faktiki olaraq qiymətlər ceyran belinə qalxdıqca xalqın qazandığı qəpik-quruş havaya uçub gedir. Bəs hökumət buna qarşı hansı tədbirlər görür? Ortada hansısa proqramlar, konkret rəqəmlər, necə deyərlər, ünvanlı sosial yardımlar varmı?

Əlbəttə, vardır. Məsələn, keçən ay deputatların maaşı artırıldı. Bu yaxında dövlət şirkətlərindən birində prezidentin maaşının ayda 12 min manata qaldırıldığı bilindi. Qara çörək bahalaşdı, lakin ağ çörək nisbətən ucuz saxlandı. Çünki hökumət istəyir xalqımız ancaq ağ çörək yesin, ağ günlərə çıxsın.

Hətta özümüzü yaxşı apardığımız üçün məktəbli forması seçimində əhaliyə sərbəstlik verilmişdir!!! Allahım, bu nə xoşbəxtlikdir... İlk dəfə, müstəqilliyə vardığımız müddətdə yalnız bu il nazirin dilindən xalqa o xoş mesaj verildi: “Uşaqlarınıza kefiniz istəyəni geyindirin. Bircə dalı açıq gəlməsinlər, qalan hər şey məqbuldur”. Deyilənə görə, Fransa inqilabından bəri hələ bu cür azadlıq, müstəqillik, qardaşlıq, bərabərlik bəyannaməsi açıqlanmamışdır.

Bazara təzə qoz çıxıb, nar yetişmək üzrədir, çürük pomidoru əlli qəpikdən alıb tomat bişirməyə də əlaqədar orqanlar tərəfindən müsbət şərait yaradılmışdır.

Məndə olan məlumata görə, son günlər havaların sərinləşməsi də müvafiq dövlət proqramları sayəsində, türkün sözü, baş tutmuşdur.

Sonda dərin minnətdarlığımızı bildirirəm və yazını yerlim şairin misraları ilə bitirirəm:

“Deyildim mən sənə mail,

Sən etdin əqlimi zail,

Mənə tən eyləyən qafil

Səni görçək utanmazmı?"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR