İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Baş Komandanın Şuşa mesajları - dünya ondan danışır...

324 24.07.2024 14:38 Siyasət A A

Deputat: “Azərbaycanda keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkəmizin sabitləşdirici, birləşdirici aktor roluna işıq salır”

Şuşada keçirilən II Şuşa Qlobal Media Forumu başa çatdı. Bu tədbir dünya gündəminin də əsas müzakirə mövzularından birinə çevrilib. 

Forumun açılış məramisində Azərbaycan Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda çıxışı zamanı səsləndirdiyi fikirlər diqqətləri xüsusilə çəkdi. Azərbaycan və dünya mətbuatında Ali Baş Komandanın Amerikada bu ilin noyabrında keçiriləcək seçkilər, eləcə də Fransa barədə dediklərinin ətrafında geniş müzakirələr açılıb. 

VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov “Yeni Müsavat”a açıqlamasında Şuşa Forumunun əhəmiyyətindən danışdı: “Bu gün informasiya yayımının və kommunikasiya vasitələrinin növlərinin sürətlə dəyişdiyi müasir dövrdə məlumatlara əlçatanlıq əhəmiyyətli dərəcədə asanlaşıb. Dünya miqyasında saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə nəzərə çarpmaqdadır. Forumda dövlətimizin başçısı İlham Əliyev belə bir çağırış etdi ki, məlumatın həqiqətə söykənməsi ən önəmli məsələdir. Yayılan informasiya heç bir halda birtərəfli və ya qərəzli olmamalıdır. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələrinin qatıldığı forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır. Forum istər regionda, istər dünyada, istərsə də ayrı-ayrı ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların əldə edilməsinə, obyektiv, qərəzsiz işıqlandırılmasına yol açacaq. 

Prezident İlham Əliyev ötən il keçirilən forumda bir mühüm məqamı tədbir iştirakçılarının diqqətinə çatdırmışdı. Cənab Prezident demişdi: “2022-ci ildə Şuşada Azərbaycanın media nümayəndələrinin birinci forumu keçiriləndə mən o tədbirdə iştirak etmədim. Prezident Administrasiyasına göstəriş verdim ki, gələn dəfə bu tədbiri beynəlxalq forum səviyyəsində təşkil etmək lazımdır. Bu, artıq baş verir və mən qərara aldım ki, burada iştirak edim. Bu tədbirdə çıxışçı kimi təqdim edilmişdim. Ancaq mən hesab etdim ki, burada uzun-uzadı çıxış etməyə ehtiyac yoxdur. Hesab etdim ki, bu sorğu-sual daha maraqlı olar"".

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat dövlət başçısının forumun müntəzəm olaraq keçirilməsi barədə tapşırıq verməsini də diqqətə çatdırıb: “Dövlətimizin başçısı sözügedən forumdakı çıxışında dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs edərək bildirdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. Cənab Prezident bu fikirləri xüsusi vurğuladı: "Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ dövlət katibi, Avropa Komissiyasının Prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar. Biz əlbəttə ki, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkisi ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər. Ona görə də, zənnimcə, məqsəd məhz, elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq"".

Azərbaycanda keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna işıq salır. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı səsləndirdiyi fikirlər, beynəlxalq ekspert və jurnalistlərin sualları ilə bağlı şərhləri ABŞ mediasında da işıqlandırılıb. Ölkənin nüfuzlu “Bloomberg” nəşri ölkə başçısının Rusiyanın Ukrayna ərazisindən Avropaya qaz nəqlini 2025-ci ildə dayandıracağı və Azərbaycan qazının Avropaya çatdırılması ilə bağlı fikirləri barədə yazıb. Həmçinin Prezident İlham Əliyevin Fransanın müstəmləkə altında saxladığı ərazilərlə bağlı fikirləri də ABŞ mediasında geniş dərc olunub. “Voice of America”, “Gazette”, “US News”, “Denver Gazette” kimi nəşrlərdə dərc olunmuş yazılarda Prezident İlham Əliyevin Fransanın Azərbaycanın daxili işlərinə, Ermənistanla münasibətlərinə müdaxilə etməkdə ittiham etməsi vurğulanıb. Sözügedən saytlarda həmçinin Prezident İlham Əliyevin Fransanın hələ də müstəmləkə altında saxladığı ərazilər və Azərbaycanın, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilmələri üçün onlara kömək edəcəyinə dair fikirləri yer alıb".

Müsahibimiz Amerikadakı prezident seçkisinə də toxunub: “ABŞ-da noyabrda keçiriləcək prezident seçkisi ərəfəsi bu ölkədə baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Təsadüfi deyil ki, II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə bu mövzuda da suallar verilib. Ölkə başçısı İlham Əliyev deyib ki, siyasi mədəniyyət anlayışı Tramp və ya Bayden arasında seçim sualına birbaşa cavab verməyə imkan yaratmır: "Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin eyni zamanda bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Buna yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər.

Dövlətimizin başçısı həmçinin onu da qeyd edib ki, bizim ABŞ-la münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Bildiyiniz kimi, Azərbaycan balaca ölkədir və Bakıda hər kəs hər şeyi bilir..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR