İnsanlara hürriyət, millətlərə istiqlal!

Volkov-Vardanyan "ortaqlığı" təxribat qaynağıdır: Xankəndi rus sülhməramlılar və erməni terrorçulardan təmizlənməlidir

3886 11.12.2022 18:53 Analitika A A

Rəsmi Bakı Azərbaycana qarşı təxribatların əsas qaynağını tam dəqiqliyi ilə müəyyən edib, rus sülhməramlılar hazırda daha çox sabitliyin pozulması və erməni terrorizminin gücləndirilməsinə cəhdlər göstərirlər... Azərbaycan ərazilərində erməni separatizminin və terrorizminin sona çatması üçün sülhməramlı missiya ilə heç bir əlaqəsi olmayan rus hərbi kontingentinin tez bir zamanda Xankəndi və ətraf bölgədən çıxarılması həlledici siyasi hədəfə çevrilməyə başlayıb...

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgəsində situasiya gərginləşməkdə davam edir. Hazırda gərginləşmədə əsas günahkar rolunu da məhz elə həmin rus sülhməramlılar oynayırlar. Və artıq rus sülhməramlıların davranışları Azərbaycan dövlətinin suveren hüquqlarını belə, təhdid etməyə başlayıb.

Müşahidələr göstərir ki, rus sülhməramlılar üçtərəfli anlaşmalara nəinki riayət etmirlər, hətta həmin sənədləri kobud şəkildə pozurlar. Birincisi, Laçın dəhlizinə nəzarət demək olar ki, reallaşdırılmır. Daha doğrusu, rus sülhməramlılar həmin yoldan erməni terrorçu-separatçılarla ortaq şəkildə fərqli məqsədlər üçün istifadə edirlər.

643f2a2e33d905760ec9ac1e41bae8df.jpg (237 KB)

Ermənistandan erməni terrorçu-separatçılara silah sursat daşınır. Üstəlik, üçtərəfli anlaşmalara zidd bu cinayətlərdə rus sülhməramlıların da iştirak etdiyi barədə məlumatlar mövcuddur. Hər halda, rus sülhməramlıların humanitar yardım daşıyan maşınlarında silah-sursatın daşınması barədə iddialar qətiyyən boşuna gündəmə gəlməmişdi.

Digər tərəfdən, Laçın dəhlizi ilə İrandan Xankəndi və ətraf bölgəyə diversiya təlimçiləri gəlir. Qəribə də olsa, həmin yola nəzarət etməli olan rus sülhməramlılar bundan "xəbər tutmur". Halbuki, Azərbaycan mətbuatında belə, 27 iranlı diversiya təlimçisinin hansı maşınlarla bölgəyə keçməsi, hətta onların şəxsiyyətini təsdiq edən sənədlər barədə geniş məlumatlar yayılıb. Diversantların Xankəndiyə gəlişinə "göz yuman" rus sülhməramlılar Azərbaycan jurnalistlərinin bölgədə çəkiliş aparmasının qarşısını almaqda isə xüsusi canfəşanlıq göstərirlər.

Rus sülhməramlıların rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunur. Halbuki, rus sülhməramlıların missiyasına Azərbaycan ərazilərinin erməniləşdirilmısi kimi bir səlahiyyət daxil deyil. Rus sülhməramlılar ərazisində müvəqqəti dislokasiya olunduqları Azərbaycanın rəsmi toponimlərindən istifadə etməyə sadəcə, borcludurlar.

Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə rəsmi xəbərdarlıq və tələblərinə baxmayaraq, rus sülhməramlıların üçtərəfli anlaşmaları belə kobud şəkildə pozmasına heç bir bəhanə ilə haqq qazandırıla bilməz. Üstəlik, rus sülhməramlıların bu davranışları Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini də kobud şəkildə pozur. Çünki rus sülhməramlıların Azərbaycanın Xankəndi və ətraf bölgəsində silahlı erməni terrorçu-separatçılara açıq dəstək verməsi həmin sənədlə kəskin ziddiyyət təşkil edir.

ekoloq-768x403.jpg (81 KB)

Nəhayət, Azərbaycanın təbii sərvətlərinin erməni terrorçular tərəfindən istismarına imkan verilməsi də üçtərəfli anlaşmaların və Moskva Bəyannaməsinin pozulması anlamına gəlir. Hətta bəzi məlumatlara görə, Azərbaycanın təbii sərvətlərinin talanmasında rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkov Kremlin bölgəyə "təxribat ezamiyyəti"nə göndərdiyi erməni milyarder Ruben Vardanyan ilə ortaq fəaliyyət göstərirlər. Və Azərbaycanın monitorinq qrupunun bölgəyə buraxılmaması da məhz bu iqtisadi cinayətlərin üstünün açılmasının qarşısını almaq məqsədi güdür.

Məsələ ondadır ki, əvvəlcədən bir neçə dəfə rus sülhməramlılar ilə danışıqlar aparılmasına və prinsipial anlaşma əldə edilməsinə baxmayaraq, bölgəyə araşdırma üçün gedən Azərbaycan ekoloqlarının əraziyə girişi təxribatlar törədilməklə, əngəllənib. Azərbaycanın rəsmi təmsilçiləri rus sülhməramlılar deyil, məhz erməni quldur dəstələri tərəfindən qarşılanıb. Həmin erməni quldurlar Azərbaycan rəsmilərinin təbii sərvətlərin talandığı obyektlərə, yataqlara yaxınlaşmasına mane olublar.

Təbii ki, bu təxribatın rus sülhməramlıların komandanı, general-mayor Andrey Volkov və hadisə yerində peyda olmuş Vitali Balasanyan, eləcə də özünü "qondarma rejim"in nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan tərəfindən ortaq şəkildə əvvəlcədən təşkil edildiyi qətiyyən şübhə doğurmur. Çünki əvvəlki müzakirələrdə Azərbaycan rəsmilərinin səfərinin təşkili ilə bağlı verdikləri vədlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri onların normal fəaliyyəti üçün şərait yaratmağa çalışmayıblar. Və bu, Azərbaycana qarşı iqtisadi cinayətlərdə Volkov-Vardanyan ortaqlığının ifşası anlamına gəlir.

56da38c26259bbf4054f22ff94738c16.jpg (225 KB)

Əlbəttə ki, rəsmi Bakı Azərbaycanın təbii sərvətlərinin bir rus generalı və Kremlin Xankəndiyə "təxribat ezamiyyəti"nə göndərdiyi erməni fırıldaqçı tərəfindən talanmasına imkan verməz. Azərbaycanın rəsmi dairələri bu məsələdə qətiyyətli davranmaq niyyətində olduqlarını qətiyyən gizlətmirlər. Və Azərbaycan Xarici İşlər Nazirliyinin baş verən hadisələrlə bağlı Rusiyaya rəsmi nota ilə etiraz etməsi də bunu təsdiqləyir.

Xarici İşlər Nazirliyi Rusiya tərəfindən əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin olunmasını tələb edib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulayıb. Ölkəmizin ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il üçtərəfli anlaşmasına əsasən yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Göründüyü kimi, rəsmi Bakı Azərbaycana qarşı təxribatların əsas qaynağını tam dəqiqliyi ilə müəyyən edib. Rusiya sülhməramlı qüvvələri hazırda bölgədə sülh üçün fəaliyyət göstərmir. Əksinə, rus sülhməramlılar hazırda daha çox sülhün pozulması və erməni terrorizminin güclənməsi istiqamətində cəhdlər göstərirlər. Ona görə də, ölkəmizin ərazilərində erməni separatizminin və terrorizminin zərərsizləşdirilməsi üçün rus sülhməramlıların mümkün qədər tez bir zamanda Azərbaycanın Xankəndi və ətraf bölgəsindən çıxarılması həlledici siyasi hədəfə çevrilməyə başlayıb. Və sülhməramlı missiya ilə heç bir əlaqəsi olmayan rus hərbi kontingentinə Azərbaycan ərazisində uzun müddət qalmaq imkanı vermək olmaz.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR