İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesiya Komissiyası müxalifətin istədiyini dedi-reaksiyalar

794 17.03.2023 08:00 Siyasət A A

YAP funksioneri:  “Bu, Azərbaycanın daxil işlərinə qarışmaq, prokuror rolunu oynamaq təəssüratı yaradır”

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi Partiyalar haqqında” yeni qanunu haqqında birgə rəyini açıqlayıb. Sənəddə qeyd edilir ki, yeni qanun “ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətbiq edib”.

Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə azadlığı və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.

“Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsipləri ilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”, - sənəddə deyilir.

Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə çatışmazlıqları aradan qaldırmağı təklif edir.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı 

AĞ Partiya başqanı Tural Abbaslı əslində müxalif düşərgə olaraq Venesiya Komissiyasının bu tövsiyələrini əvvəlcədən səsləndirdiklərini bildirdi: “Venesiya Komissiyasının yekun rəyi ilə tanış olduq. Əslində bizim, yəni AĞ Partiya üçün burada gözlənilməz nəsə olmadı. Siz əgər AĞ Partiya başqanı olaraq qanun haqqında müzakirələrin birinci dinləməsindəki çıxışıma baxsanız görərsiniz ki, zatən orada Venesiya Komissiyasının dediyi tövsiyələrin hamısını səsləndirmişəm, istər maliyyələşmə, istər siyahılarla, istər dövlət nəzarətinin partiyalar üzərində  gücləndirilməsi, istərsə də, partiyaların daxili idarə edilməsinə dövlət müdaxiləsinin azaldılması ilə bağlı. Biz onsuz da bunları demişik. Azərbaycanda fəaliyyət göstərən partiyaların bir çoxunun təklif etdikləri zatən Venesiya Komissiyasının dedikləridir. İndi nəyə lazım idi ki, bu formatda qəbul olunsun və bu komissiya ölkəmizə qanunun dəyişdirilməsini tövsiyə etsin və bu da daxili və xarici düşmənlərin əlinə yeni bir kart vermiş olsun. Biz parlamentdə təmsil olunan, yaxud da parlamentdə təmsil olunmayan partiyaların sırf yığdıqları səslərə görə maliyyələşdirilmələrini təklif etmişdik. Bunun isə təkcə parlament deyil, prezident və bələdiyyə seçkilərində də hesablanmasını bir təklif kimi irəli sürmüşdük. Yeni qanunda az qala partiyanın nizamnaməsi öz əksini tapır ki, partiyanı bu cür idarə edin, idarə heyətini bu cür seçin, məclis olmasın. Bunlar da partiyanın daxili işləridir. Eyni zamanda Azərbaycanda siyasətə qarşı olan qorxu, xof mühitində partiyalardan üzvlərin siyahılarını tələb etmək artıq o partiyaların böyümələrinin qarşısını almağa, insanların partiyalardan uzaq qalmalarına səbəb verir. Çünki bir çox insanlar dövlət strukturlarında təmsil olunurlar. Onlarda isə belə bir təsəvvür var ki, əgər onların müxalif partiyalara üzv olunmaları üzə çıxsa, iş yerlərini itirə bilərlər, yaxud qohumları bu hallarla üzləşərlər. Biz bunları deyirdik. Müzakirələrdə, müsahibələrdə bir çox partiya sədrləri fikirlərini dedi. Amma xeyri olmadı. Öz bildikləri kimi qəbul etdilər. Sonra da Avropada nəsə bir qərar qəbul olunanda deyirlər ki, Avropa Azərbaycana qarşı qərəzlidir. Hər halda, bu təkliflərin qəbulunun tərəfdarıyam. Amma bu, Venesiya Komissiyasının təklifidir deyə yox, bu, Azərbaycanın yerli və milli partiyalarının təklifləridir deyə qəbul olunsa daha yaxşı olar”.

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə bu rəyə “Yeni Müsavat”da sərt mövqe sərgilədi: “Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda "Siyasi partiyalar haqqında" qanuna verdiyi rəyin özü antidemokratik yanaşma ilə zəngindir. Bir tərəfdən bu, Azərbaycanın daxil işlərinə qarışmaq, prokuror rolunu oynamaq təəssüratı yaradır, digər tərəfdən də verdikləri təkliflərin özü çox əcaib görünür. Birincisi, partiyaların yenidən qeydiyyatdan keçməsi tələbi tamamilə normal bir prosesdir. Nəzərə alsaq ki, bəzi partiyalar 30 il bundan öncə qeydiyyatdan keçib, heç bir fəaliyyətləri yoxdur, nə qədər üzvlərinin olduğu, kimi təmsil etdikləri məlum deyil. Buna görə də dövlət bu gün bütün partiyaların yenidən qeydiyyatını istəyir və hamıya da eyni tələblər qoyur, yəni iqtidara da, müxalifət partiyalarına da.  Üzv sayının min və yaxud 5 min olması heç bir əhəmiyyət daşımır. Prinsip etibarı ilə mini 5 min etmək, yaxud da mini 500 etmək olar. Əhalisi 10 milyonu ötən bir ölkənin hakimiyyətinə iddia edən bir təşkilatın 5 min üzv yığa bilməməsi onun nə dərəcədə siyasi partiya adlanmasına şübhə yaradır”.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

 Aydın Mirzəzadə 

Hakim partiyanın deputatı partiyaların maliyyələşməsi məsələsinə də toxundu: “Azərbaycanda bu məsələyə yanaşmada beynəlxalq təcrübə, eləcə də digər ölkələrin təcrübəsi nəzərə alınıb. Tamamilə düzgündür ki, maliyyələşmə hamıya eyni qədər deyil, seçkilərdə yığdığı səslərə görə müəyyən edilir. Əgər hamıya maliyyələşmədə eyni münasibət olarsa, onda, sadəcə olaraq, dövlətdən pul qoparmaq üçün siyasi partiyaların ard-arda yaradılmaları prosesi başlayacaq. Necə ki, bəzi ölkələrdə bu təcrübə var. Komissiya eyni zamanda Ədliyyə Nazirliyinin partiyalar qarşısında müəyyən tələblər qoymasına etiraz edir. Əlbəttə, Azərbaycanda siyasi partiya rəhbərliyinə gələn şəxsin minimum ölkəmizdə yaşama müddəti burada ortaya qoyulmalıdır. Çünki siyasi partiyanın əsas məqsədi hakimiyyətə gəlməkdir. Xaricdən gələrək bir təşkilat yaradaraq, maliyyə mənbələri məlum olmayan mənbələrdən partiyasını maliyyələşdirərək iqtidara gəlmə artıq milli müstəqillik məsələsini şübhə altına qoymuş olur. Azərbaycan bir siyasi eksperiment roluna çevrilmək istəmir. Qoyulan tələblər bütün partiyalar üçün eynidir, bu tələblər ədalətlidir, partiyaların fəaliyyətləri üçün normal şərait yaradır. Hesab edirəm ki, Azərbaycanda çox ciddi siyasi partiyanın qurulmasına qanun çox böyük bir dəstək verəcək. Komissiyanın iradlarına və bəzi bəndlərin başqa cür yazılması məsələsinə gəlincə, bildirmək istəyirəm ki, hər bir ölkənin siyasi sistemi fərqlidir. Hər bir ölkə özünün siyasi tarixinə, siyasi partiya sisteminin məxsusluğuna uyğun olaraq da öz qanunvericiliyini qəbul edir. Rəyin birtərəfli olduğunu demələri, onun demokratikliyini görməmələri, Azərbaycana zorla öz baxışlarını qəbul etdirmə cəhdləri əlbəttə ki, qəbuledilməzdir. "Siyasi partiyalar haqqında" yeni qanun ölkəmizdə demokratiyanın dərinləşməsinə, siyasi mübarizənin ədalətli prinsiplər əsasında aparılmasına böyük şərait yaradır”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR